Dürüstlüyümüzü isbat etmək üçün xüsusən uşaq vaxtı çox and içmişik. Müqəddəslər, ata-ana və bir də çörək haqqı deyib doğru olduğumuzu sübut eləməyə cəhd göstərmişik.
Bir də böyüklər öyrədiblər ki, yerə çörək düşəndə onu götürüb öpün və uca bir yerə qoyun ki, quşlar yesin. Bunu etməsən günah olar. Çörək süfrələrimizin ən gözəl tamı olmazsa, olmazıdır. Hətta belə bir deyim də var; bir tikə bir igidi, bir igid bir kəndi qurtarar.
Bu gözəl nemət son vaxtlar qəribə fikirlərin güdazına gedib. Az qala süfrələrdən yığılmaq təhlükəsi ilə üz-üzədir. İnsanların şişmanlamasına səbəb sən demə çörəkmiş. Bu azdır, müqəddəs saydığımız çörək haqqında elə fikirlər irəli sürülür ki, ona pili çəkilmiş qumbara kimi baxmağa məcbur olmuşuq. Deyilənə görə, una müxtəlif qarışıqlar əlavə olunur. Kiminsə mədəsi bulanmasın deyə onları təkrar etmirəm. Onsuz da hamı əlində telefon bütün günü sosial platformadadır və yazılanlar barədə hər kəsdə kifayət qədər məlumat var.
Qida təhlükəsizliyi adlanan bir təşkilat hər bir rayonda və şəhərdə fəaliyyət göstərir. Hər birinin də kifayət qədər əməkdaşı, laboratoriyası, xidməti maşınları var. Əgər bu deyilənlərdən hamı məlumatlıdırsa, niyə bu şayiələrin qarşısı alınmır? Niyə aidiyyəti təşkilatlarda çalışan məmurlar, aparıcı mütəxəssislər çıxış edərək (televiziya məkanında, sosial platformada) deyilənlərin yalan olduğunu, bu sahədə müntəzəm surətdə nəzarət təşkil edildiyini söyləmir? Yox, əgər deyilənlər düzdürsə, una müxtəlif qatqılar əlavə olunursa, etiketində çovdar, zirəli, kəpəkli çörək və s. yazılan qara çörəklər rəngləyicilər vasitəsilə süni surətdə qaraldılırsa, aidiyyəti qurumlar məsuliyyət daşımalıdırlar.
İndi nəinki çörəyə and içmək, hətta onu almağa gedən də rəflərdəki nemətlərə az qala qorxu ilə baxır. Amma almağa məcburuq. Çünki çörəksiz süfrəmiz yoxsul görünür. Yan-yana nə qədər ləziz yeməklər düzülsə belə, əgər çörək standartlara uyğun hazırlanarsa, onu körpə də «pəpə» deyərək yeyə bilər. Bu kəlmə uşaqlarımızın əziz və müqəddəs kəlmələrindən biridir.
Mənə elə gəlir ki, son vaxtlar daha çörəyə and içən yoxdur. Siz necə, eşitmisiniz?!
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist