22 Oktyabr 2026 09:20
414
Mədəniyyət
A- A+
Alim və müəllim ömrünün sönməyən ziyası

Alim və müəllim ömrünün sönməyən ziyası


Azərbaycan elmi fikrinin formalaşmasında və milli kadr intellektinin yetişməsində silinməz izlər qoymuş elə şəxsiyyətlər var ki, onların ömür yolu həm fədakarlıq, həm də peşəyə sonsuz sədaqət nümunəsidir. Keçən əsrin ortalarından etibarən Azərbaycanda hüquq elminin, xüsusən də onun mürəkkəb, dəqiqlik və analitik zəka tələb edən sahəsi olan kriminalistikanın inkişafı birbaşa belə fədakar insanların adı ilə bağlıdır. 

Azərbaycanın hüquq məkanında ilklərə imza atan, bütöv bir hüquqşünaslar nəslinin müəllimi və mənəvi rəhbəri olan ziyalılardan biri də tanınmış alim, hüquq 

elmləri namizədi, professor və Əməkdar hüquqşünas Kamilə Sarıcalinskayadır. O, təkcə qanun maddələrinin tədrisi ilə kifayətlənməmiş, həm də cinayətkarlığa qarşı mübarizənin elmi-praktiki əsaslarını quran ilk azərbaycanlı qadın kriminalist alim kimi tarixə düşmüşdür. Uzun illər çalışdığı Bakı Dövlət Universitetində dərin savadı, prinsipiallığı və xeyirxahlığı ilə böyük hörmət qazanan Kamilə xanımın zəngin həyat və fəaliyyəti bu gün də gənc hüquqşünaslar üçün əsl örnəkdir.

Kamilə xanım Sarıcalinskaya qədim Qarabağ torpağının məşhur zadəgan nəslindəndir. Onun babaları öz dövrünün qabaqcıl, mütərəqqi fikirli şəxsiyyətləri olmuşlar. Atası Qiyas kişi əvvəlcə Qori Müəllimlər Gimnaziyasında oxumuş, sonra Sankt-Peterburqda təhsil almış, məsul dövlət vəzifələrində, o cümlədən milis orqanlarında işləmişdir. Əmisi general Məmməd Sarıcalinski ömrü boyu təhlükəsizlik orqanlarında fəaliyyət göstərmişdir. Onların şərəfli həyat yolu Kamilə xanımın hüquqşünas peşəsini seçməsində həlledici rol oynamışdır. Görkəmli alim böyük bir hüquqşünaslar ordusunun yetişməsində xüsusi xidmətlər göstərmiş, o cümlədən bizim də müəllimimiz olmuşdur. Bu gün yaşasaydı 100 yaşı olacaqdı Kamilə xanımın. 

Kamilə Qiyas qızı Sarıcalinskaya 22 oktyabr 1926-cı ildə Qarabağın qədim və zəngin mədəniyyət beşiyi olan Ağdam (bəzi mənbələrdə Ağcabədi) rayonunun Sarıcalı kəndində dünyaya göz açmışdır. Əlbəttə ki, doğulduğu torpağın ruhu, Qarabağ mühitinin yetirdiyi kübarlıq və intellekt onun gələcək xarakterinin formalaşmasında mühüm rol oynamışdır. 

Elmə olan sonsuz həvəsi onu 1944-cü ildə Azərbaycanın ən nüfuzlu təhsil ocağına - indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə gətirir. O dövrdə gənc bir qızın hüquq sahəsini seçməsi böyük cəsarət və iddia tələb edirdi. 1950-ci ildə universiteti uğurla başa vuran Kamilə xanım elmi fəaliyyətini dayandırmır, Cinayət hüququ kafedrasında kriminalistika kabinetinin baş laborantı kimi işdə saxlanılır, tələbələrlə kriminalistika üzrə təcrübi məşğələlər aparır. 1952-ci ildən həmin kafedrada müəllim kimi fəaliyyətini davam etdirən K.Sarıcalinskaya 1957-ci ildən 1960-cı ilə qədər Ədliyyə Nazirliyinin nəzdindəki Elmi-Tədqiqat Məhkəmə Ekspertizası laboratoriyasında işləyir və işlədiyi müddətdə Moskvada SSRİ Ədliyyə Nazirliyinin nəzdindəki Mərkəzi kriminalistika laboratoriyasında təkmilləşdirmə kursu keçir. O, keçmiş SSRİ-də ekspert-krimina-listlər hazırlayan Moskva Hüquq İnstitu-tunun nəzdindəki Mərkəzi Kriminalistika laboratoriyasına universitet tarixində göndərilən ilk mütəxəssis olur, burada xüsusi kurs keçir, ekspert-kriminalist ixtisasına yiyələnərək Bakıya, doğma universitetə dönür.

Elmi tədqiqat işlərinə meyil göstərən Kamilə xanım universitetin aspiranturasının (indiki doktoranturasının) əyani şöbəsinə daxil olaraq təhsilini uğurla başa vurur, 1967-ci ildə "Azərbaycan SSR-in istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bununla Kamilə xanım Cənubi Qafqaz respublikalarında kriminalistika üzrə alimlik (elmi) dərəcəsi alan ilk qadın mütəxəssis olur.

Elm və müəllimlik Kamilə xanımın dəyişməz taleyinə çevrilir. Dövrünün peşəkar hüquqşünaslarından, bu sahənin bilicilərindən biri kimi onu yüksək dövlət vəzifələrinə dəvət etsələr də, bu taleyi heç bir statusa, mənsəbə dəyişmir. K.Sarıcalinskaya 1964-cü ildən BDU-nun Cinayət hüququ və cinayət prosesi kafedrasında baş müəllim, dosent işləyir. 1980-ci ildə onun təşəbbüsü və böyük zəhməti sayəsində təhsil ocağında kriminalistika və məhkəmə ekspertizası kafedrası yaradılır və 1992-ci ilə qədər o, həmin kafedranın rəhbəri olur. Kamilə xanım kafedranın işinin elmin və tədrisin müasir tələbləri səviyyəsində qurulması üçün böyük əmək sərf edir. Onun yüksək təşkilatçılıq bacarığı sayəsində kafedranın nəzdində müasir avadanlıqlarla, video-texniki qurğularla təchiz edilmiş laboratoriya, ekspert, istintaq və əməliyyat axtarış fəaliyyətində istifadə edilən elmi-texniki vasitələrlə təmin olunur, sənədlərin texniki-kriminalistik tədqiqi və istintaq taktikası kabinetləri təşkil edilir.

Kamilə xanım kafedra müdiri kimi mühazirələrin, təcrübə və laboratoriya işlərinin yüksək səviyyədə keçirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Onun gərgin əməyi sayəsində kafedranın nəzdində cinayət işlərinin surətlərindən ibarət arxiv fondu yaradılmışdır. Professor müxtəlif elmi konfranslarda kriminalistikanın müasir problemlərinə aid məruzələrlə müntəzəm olaraq çıxış etmişdir. O, Rusiyanın və MDB-yə üzv digər ölkələrin hüquqşünas alimləri və elmi-tədris müəssisələri ilə yaxından elmi əməkdaşlıq əlaqələri yaratmışdır.

Elmi-pedaqoji xidmətləri nəzərə alınaraq 1998-ci ildə Kamilə xanım Sarıcalinskaya Kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru seçilmişdir. O, hüquq elminin, xüsusən də kriminalistika və məhkəmə ekspertizasının inkişafına dəyərli töhfələr vermişdir. Bu sahə üzrə üç dərsliyin və dərs vəsaitinin əsas müəlliflərindən biri və elmi redaktoru olmuşdur. Onun rəhbərliyi altında 1975-ci ildə "Kriminalistik texnika", 1991-ci ildə "İstintaq taktikası" adlı dərs vəsaitləri çapdan çıxmış, respublikamızda ilk dəfə olaraq 1999-cu ildə Azərbaycan dilində irihəcmli sanballı "Kriminalistika" dərsliyi hazırlanaraq nəşr olunmuşdur. Kamilə xanımın uzun müddətli elmi-pedaqoji fəaliyyətinin nəticəsi olan bu dərsliyin 21 fəslinin müəllifi və elmi redaktorluğu onun məhz özünə məxsusdur. K.Sarıcalinskaya həmçinin kriminalistikanın müxtəlif problemlərinə həsr edilmiş 130-dan artıq elmi məqalə yazmış, proqramlar və metodik göstərişlər hazırlamış, çapdan çıxmış bir çox kitabların və monoqrafiyaların elmi redaktoru olmuşdur. Məhz onun gərgin elmi axtarışlarının məhsulu olan "Cinayət mühakimə icraatında şəxsiyyətin eyniləşdirilməsi problemləri" monoqrafiyası çap edilmişdir.

Respublikamızda yüksək peşəkarlığa malik kriminalist mütəxəssislərin  yetişdirilməsində K. Sarıcalinskayanın xüsusi xidmətlərinin olması da danılmaz faktdır. O, dərin  biliyini və zəngin təcrübəsini böyük həvəslə gənc nəslə öyrətmiş, səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, hüqüq üzrə üç fəlsəfə doktoru və 100-dən artıq magistr yetişdirmişdir. Təsadüfi deyil ki, professor K.Sarıcalinskaya hüquq fakültəsinin, BDU-nun, Məhkəmə Ekspertizası İnstitutunun elmi şuralarının, eyni zamanda Respublika Ali Məhkəməsinin Elmi-məsləhət şurasının üzvü olmuşdur.

Kamilə xanım Azərbaycanda hüquq islahatlarının aparılmasında fəal iştirak etmiş, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı elmi nəzəriyyəyə əsaslanan çoxsaylı təkliflər vermiş, hüquqi biliklərin təbliğinə böyük əmək sərf etmiş, universitetin ictimai işlərində fəallıq göstərmişdir.

İti zəkaya, dərin və geniş elmi biliyə malik olan görkəmli alim eyni zamanda həssas qəlbə, incə duyğulara malik nəcib bir insan idi. O işlədiyi kollektivin üzvlərinə, tələbələrinə və doktorantlarına xüsusi qayğı və diqqətlə yanaşar, çətinliyə düşənlərə kömək əlini uzadar, analıq nəvazişi göstərərdi. Bütün bu keyfiyyətlərinə görə həmişə və hər yerdə ona böyük hörmət və ehtiram bəslənilirdi.

Kamilə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana və xoşbəxt nənə idi. Onun həyat yoldaşı mərhum professor, tarix elmləri doktoru, uzun müddət BDU-da kafedra müdiri olmuş Ruhulla Orucov beynəlxalq münasibətlər və ən yeni tarix sahəsində görkəmli mütəxəssis idi.

Kamilə xanım bir oğul və bir qız böyüdüb tərbiyə etmişdir. Oğlu Şövqi uzun illər Daxili İşlər Nazirliyində işləmiş, polis polkovnik leytenantı rütbəsində təqaüdə çıxmışdır. Qızı Laləndər 1986-cı ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış və uzun müddət Bakı Dövlət  Universitetinin Tarix fakültəsinin dosenti vəzifəsində işləmişdir. Hazırda təqaüdə çıxmışdır.

Professor K.Sarıcalinskaya 2003-2007-ci illərdə Hüquq fakültəsinin dekan əvəzi və dekanı olmuşdur. Dekan işlədiyi dövrdə o, hüquq təhsili  və elminin təşkili və inkişafına  xüsusi diqqət yetirmişdir. 

Kamilə xanım başqaları üçün yaşayan, başqalarının şəxsiyyət kimi yetişməsinə çalışan insan idi. Bütün müsbət cəhətləri ilə K.Sarıcalinskaya ziyalılığın ən ali mərtəbəsinə yüksəlmiş və onu bu mərtəbəyə qaldıran böyük əməksevərliyi, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlığı, səmimi hiss və duyğuları, nadir bilik və qabiliyyəti olmuşdur. Bu gün Azərbaycanın məhkəmə, prokurorluq və vəkillik sistemində çalışan yüzlərlə tanınmış hüquqşünas Kamilə xanımı böyük ehtiramla xatırlayır. Onun auditoriyaya daxil olması təkcə bir dərsin başlanması deyil, həm də hüququn fəlsəfəsinə və insanlığa doğru açılan bir pəncərə idi. Tələbələri xatırlayırlar ki, Kamilə xanım imtahanlarda son dərəcə tələbkar və obyektiv olardı. O, kriminalistika kimi dəqiq və səhv qəbul etməyən bir sahədə güzəştə getməyi sevməzdi. "Cinayətin izi yalan söyləməz, hüquqşünas da dürüst olmalıdır" deyərək tələbələrə elmi dürüstlüyü aşılayardı. Lakin bu ciddiyyətin arxasında hər bir tələbənin gələcək taleyini düşünən böyük bir məsuliyyət hissi dayanırdı.

Dekan və professor olduğu illərdə onun otağının qapısı hər bir tələbənin üzünə açıq olardı. Maddi və ya mənəvi çətinlik çəkən gənclərə bir ana kimi yanaşar, onlara həm maddi dəstək göstərər, həm də mənəvi dayaq olardı. Onun tələbələrə kübar rəftarı, auditoriyadakı nəzakətli, lakin bir o qədər də məğrur duruşu tələbələr üçün bir ziyalılıq etalonu idi.

Kamilə xanımın mühazirələri heç vaxt yalnız nəzəriyyədən ibarət olmurdu. O, kriminalistik ekspertizanın incəliklərini, xətşünaslıq sirlərini real cinayət işləri və  ekspertiza nümunələri üzərində izah edərdi. Bu, mühazirələri elə maraqlı edirdi ki, digər fakültələrin tələbələri belə onun dərslərini dinləmək üçün auditoriyaya axışardı.

Kamilə Sarıcalinskayanın ziyalılığı fədakarlıq, yüksək mənəviyyat və peşəkarlığın mükəmməl bir vəhdətidir. O, təkcə rəsmi adları və elmi titulları ilə deyil, Azərbaycan hüquq elmində və təhsilində qoyduğu silinməz izləri ilə əsl ziyalı adını qazanmışdır.

Kamilə xanım həm çətin bir sahədə ilk qadın alim kimi cığır açmış, həm də yüzlərlə tələbənin və onlarla alimin yetişməsində müstəsna rol oynamışdır. Onun zəngin elmi irsi, prinsipial ictimai mövqeyi və əsilzadə köklərindən gələn kübarlığı bu nəcib insanı gələcək nəsillər üçün hər zaman örnək qalacaq bir milli mənəviyyat simvoluna çevirmişdir. 

86 yaşında bu dünyaya vida edən görkəmli alim kriminalistika və məhkəmə ekspertizası sahəsində elmi məktəb yaratmış bir alimdir. Həmin elmi məktəbin bu gün onlarla davamçıları var. O, elmdə elə bir yol açmışdır ki, bu yol heç zaman bitən deyil. 

Kamilə Sarıcalinskaya Azərbaycan hüquq elminin və təhsilinin inkişafına verdiyi xidmətlərə görə bir çox mükafatlarla təltif edilsə də, ən böyük mükafatı onun yaddaşlarda yaşayan işıqlı xatirəsidir.


Alış QASIMOV,

BDU-nun Hüquq fakültəsi Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!