27 il... Bu rəqəmi deyəndə insan öz səsinin
titrədiyini hiss edir. 1993-cü ildə doğma yurdundan çıxan qubadlılılar üçün bu,
ömrün yarısı, bir nəslin həsrəti deməkdir. 2021-ci il oktyabrın 25-də Qubadlıya
ayaq basanda məhz bu həsrətin ağırlığını çiyinlərimdən endirdiyimi hiss etdim.
Nəhayət, ata-baba torpağındaydım. Qürur və fəxarət hissi keçirirdim, həyəcanlı
idim, sevinirdim. Amma eyni anda kədərlənirdim: nə qədər insan Qubadlı, Qarabağ
həsrəti ilə bu dünyadan köçüb. İndi onların ruhu şaddır.
Qubadlının faciəsi 1993-cü ilin avqustunda
deyil, 1988-ci ildə başladı. Ermənistanla 120, Dağlıq Qarabağla 45 kilometrlik
sərhəddə yerləşən rayon hər iki tərəfdən hücuma məruz qaldı, dinc əhaliyə qarşı
terror sistemli xarakter aldı. 1993-cü il avqustun 31-də Qubadlı tamamilə işğal
olundu. Sonrası ağır bir siyahıdır. 29 997 nəfər məcburi köçkün düşdü. 94
yaşayış məntəqəsi, 7 278 fərdi ev, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7
məscid və 16 körpü dağıdıldı. Yüzlərlə kilometr yol, minlərlə kilometr elektrik
xətti, magistral su və qaz kəmərləri, yarımstansiyalar sıradan çıxdı. Yalnız
evlər yox, bir diyarın bütün həyat sistemi sökülüb aparıldı. Boşaldılmış
torpağa xaricdən ermənilər gətirilib yerləşdirildi, Xanlıqda onlar üçün qəsəbə
salındı. Cenevrə konvensiyalarına görə bu, cinayətdir.
Halbuki bu, adi torpaq deyildi. Palıd, vələs,
alma, armud, fındıq, əzgil və zoğal meşələri, dağ çayları, şəlalələr, bulaqlar,
xınalı kəkliklər, qırqovullar, turaclar Qubadlının təbiətinin zənginliyi idi.
Əhali heyvandarlıq, tütünçülük və taxılçılıqla dolanırdı. Rayonda hələ istifadə
olunmamış böyük əqiq yatağı, mərmər və digər faydalı qazıntılar var. Çox təəssüf
ki, Qubadlı meşələri ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici
ölkələrə daşındı. Burada qalalar, türbələr, mağaralar, məscidlər kimi qədim
tarixi abidələr var idi və bunların hamısı erməni vandalizminin qurbanı oldu.
Qubadlı yalnız təbiəti ilə deyil, insanları ilə
də zəngin idi. Pedaqoq, filoloq və tarixçi Bəhlul Behcət,
geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının
ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, yazıçı Süleyman Rəhimov, Milli Qəhrəmanlarımız
Əliyar Əliyev və Şükür Həmidov, general-mayor Mais Bərxudarov bu torpağın
yetirmələridir. Adlarını qeyd etmədiyim neçə-neçə alim, ziyalı və hərbçi də
onların sırasındadır.
Qubadlının azad olunması 44 günlük müharibədən
çox əvvəl hazırlanırdı. Əgər Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi,
iqtisadi və hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa,
Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. İqtisadi
imkanların artırılması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi:
bunlar illər boyu ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan
hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Prezident İlham Əliyev
ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə və insanlığa
açıq bir Azərbaycan təqdim etdi. İyirmi ildən çox davam edən balanslı siyasət
bütün sahələrdə nəticəsini verdi. Bu gün Azərbaycanın sözü beynəlxalq arenada qəbul
olunur. Müharibə dövründə Möhtərəm Prezidentin xalqa müraciətləri, mediaya
müsahibələri müasir tariximizdə özünəməxsus yer tutur. Biz onun iradəsini, qətiyyətini
duyurduq. Çünki Prezident İlham Əliyev bir insan üçün deyil, bütün xalq və dövlət
üçün məsuliyyət daşıyırdı. Bu, şərəfli və çətin məsuliyyət idi. O, xalqı
inandıra bildi, müraciəti ilə səfərbər etdi, birliyimizi gücləndirdi. Buna hər
dövlət başçısı nail ola bilmir. Mehriban xanım hər dəfə xalqa "Sizin
Mehriban" deyə müraciət edirdi. Bu, bir ananın, bir bacının çağırışı idi.
İnsanlar bu doğmalığa o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər.
Azərbaycan qadınları da həm pandemiya, həm müharibə dövründə fəallıq göstərdilər:
həkim kimi, tibb işçisi kimi, sahibkar kimi. Qadınlar arasında vəzifəsini yerinə
yetirərkən itirdiyimiz bir şəhidimiz var, Arəstə Baxışova. Bu gün Qarabağın
yenidən qurulmasında qadınlarımızın potensialından səmərəli istifadə etmək
olar.
Düşmən Qubadlıda güclü istehkamlar qurmuşdu, şəhərə
hakim yüksəkliklərdən hərbçilərimizi müntəzəm atəşə tuturdu. Ona görə də əvvəlcə
yüksəkliklər götürülməli idi. Ordumuz şəhərə hakim zirvələri, Xanlıq, Padar və
Sarıyataq kəndlərini aldı, strateji mövqeləri ələ keçirdi və yalnız bundan
sonra, oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Noyabrın 9-dək rayonun 41 kəndi
də azad olundu. Qubadlı alınandan sonra Laçın istiqamətində yol açıldı və bir
neçə gündən sonra Laçının cənubundakı kəndlər də azad edildi. Bu qələbə böyük
itkilər bahasına qazanıldı. Qubadlının Milli Qəhrəmanı Şükür Həmidov doğma
diyar uğrunda vuruşaraq şəhadət zirvəsinə ucalıb. 15 209 hərbi qulluqçu
"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhidlərimizin
ruhu qarşısında baş əyir, onların valideynlərinə səbir diləyirik. Qazilərimizə
Allahdan şəfa diləyirik.
Qələbədən sonra Prezident İlham Əliyevin
Qubadlıya səfərləri bu torpağın dirçəlişinin mərhələləridir. 2020-ci il
dekabrın 23-ü. Prezident və birinci xanım Xanlıqda hərbçilərlə görüşdülər,
Qubadlıda Azərbaycan bayrağını ucaltdılar. Bu, dövlətin azad olunmuş torpağa
ilk gəlişi idi. Prezident həmin səfərdə erməni terrorunun izlərini bütün
dünyaya göstərdi. 2021-ci il oktyabrın 25-i. Bu, azadlığın birinci ildönümü idi
və Prezident qubadlıları doğma yurda qonaq çağırmışdı. Xanlıq–Qubadlı yolunun təməli
qoyuldu, "Qubadlı" yarımstansiyası və sərhədçilərin hərbi hissə
kompleksi açıldı. Həmin gün iştirak etdiyim görüş çox gözəl və tarixi görüş
oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər birimizlə
söhbət edir, fikirlərimizi dinləyir, təkliflərimizi müzakirə edirdilər. Belə
bir ünsiyyət insanı daha da ruhlandırır, qurub-yaratmaq istəyini gücləndirir. Cənab
Prezident bu günü Qubadlı tarixində əlamətdar və tarixi gün adlandırdı və
rayonun bütün kəndlərini, o cümlədən şəhəri yenidən quracağımıza söz verdi. Bu
vədin yerinə yetirildiyini bu gün öz gözlərimlə görürəm. "Qubadlı"
yarımstansiyası işğaldan əvvəl 12 meqavat olan tələbatı ödəməklə yanaşı, 76
kilometrlik ikidövrəli xətlə ümumi enerji sisteminə qoşulub. Xəttin yanında çəkilən
fiberoptik kabel isə rayona sürətli internet gətirib. 2022-ci il oktyabrın
19-u. Prezident "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının
layihələri ilə tanış oldu, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu, şəhərin
Baş planına baxdı. 2023-cü il mayın 4-ü. Bu, bünövrə günü oldu. Şəhərdə ilk
yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdlik tam orta məktəbin, 91
çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli
qoyuldu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və
Zəfər muzeylərinin təməlqoyma mərasimində də iştirak etdilər.
Mehriban xanım Əliyevanın bu səfərlərdəki
iştirakı ayrıca qeyd olunmalıdır. Onun mədəni, tarixi və dini irsimizin bərpasında
göstərdiyi yorulmaz əməyə görə bütün qubadlılılar adından minnətdarlığımı
bildirirəm.
Mən də bu torpağın yetirməsiyəm. Atam Kamran
Hüseynov dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, şeirə, sənətə
böyük önəm verirdi. Qubadlıya, onun bərəkətli torpağına, saf suyuna, təravətli
çiçəklərinə o qədər vurğun idi ki, şeirlər yazır, fəlsəfi düşüncələrini qələmə
alırdı. Həyatında ilk və son şeirini məhz Qubadlının Hərtiz dağına həsr
etmişdi. Vətən həsrətinə dözməyən Kamran müəllim yazırdı:
Səndən ayrıldığım xeyli müddətdir,
Vətən
ayrılığı nə böyük dərddir.
Bir an belə ruhdan düşmürdü, inanırdı ki, Vətəninə
qovuşacaq. Elə bu niyyətlə "Zəngəzur" Cəmiyyətini yaratdı, gənclərimiz
tariximizi unutmasınlar deyə böyük təbliğat işləri apardı. İnanıram ki, onun
ruhu indi şaddır.
Azad olunmuş şəhər və kəndlərimiz yeni, müasir
tipli, eyni zamanda tarixi görkəmini saxlamaqla qurulur. "Yaşıl
iqtisadiyyat" və "yaşıl enerji" bütün azad olunmuş ərazilər üçün
prioritetdir, "Ağıllı şəhər" və "Ağıllı kənd"
texnologiyaları tətbiq olunur. Azərbaycan müasirliklə tarixiliyi uzlaşdırır və
bu, texnoloji tərəqqiyə ehtiyacı olan digər bölgələr üçün də yaxşı nümunədir.
2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti "Qubadlı şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı"nı təsdiq etdi. Plana görə, o vaxta qədər
Qubadlıda 47 mindən çox insan yaşayacaq. Plan artıq reallığa çevrilir: şəhərdə
ilk yaşayış məhəlləsinin tikintisi iyunun 16-da başlayıb, 3,34 hektarlıq ərazidə
21 bina və 176 mənzil ucalır, bünövrə işləri tamamlanıb. Mahruzlunun layihə sahəsi
197 hektardır, birinci mərhələdə 190 ev tikilir və 836 nəfər məskunlaşacaq. Həkəri
və Bərgüşad çaylarının qovuşduğu Zilanlıda ilk mərhələdə 159 ev və 772 sakin, gələcəkdə
630 ailə yaşayacaq. 28,5 kilometrlik Qubadlı–Eyvazlı yolu yeddi kəndi bir-birinə
bağlayır.
Düşmən evləri dağıda, bağları qurudub, məscidləri
sökə bildi, ancaq doğma yurdla övlad arasındakı bağı qıra bilmədi. Ulu Öndər
Heydər Əliyevin qoyduğu dövlətçilik əsası, Möhtərəm prezidentimiz İlham
Əliyevin qətiyyəti, ordumuzun şücaəti, şəhidlərimizin qanı və xalqın birliyi
bir araya gələndə tarix dəyişdi. Çox tezliklə bu ərazilərdə həyat tam
canlanacaq, insanlar öz doğma evlərinə qayıdacaq, yaşayıb-yaradacaqlar.
Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan
xalqdır. Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik. Bundan sonra da
Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlara imza atacağıq.
Şəhidlərimizin əziz xatirəsinə ehtiramımı
bildirirəm. Qazilərimizə şəfa, güc və səbir diləyirəm.
Qubadlıya öz sahibləri qayıdıb. Qubadlı
bizimdir, Qarabağ Azərbaycandır!
Hicran
Hüseynova,
Milli
Məclisin komitə sədri