İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə dekabrın 19-dan 20-dək nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xankəndi sakinləri üçün oftalmoloji tibbi müayinələr aparılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumta görə, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Xankəndi sakinləri ilə yanaşı, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın dirçəlişində fəaliyyə göstərən mütəxəssislər üçün oftalmoloji müayinələr və konsultasiyalar təşkil edilib.
Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə edilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən mərkəzin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
11:04
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Xankəndi şəhərində tibbi aksiya keçirir.
AZƏRTAC xəbər verir ki, aksiya 18-19 dekabrı əhatə edir.
Aksiyanın əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq və erkən diaqnoz qoymaqdır. Bu təşəbbüs sayəsində yerində həyata keçirilən müayinələr vasitəsilə insanların görmə problemləri daha erkən mərhələlərdə aşkar ediləcək. Beləliklə, vaxtında müdaxilə edilərək ciddi problemlərin qarşısı alınacaq. Həmçinin insanların göz sağlamlığını qorumaq, görmə itkisinə yol açan xəstəlikləri önləmək və bu sahədə maarifləndirmə işlərini gücləndirmək aksiyanın məqsədlərindəndir.
Aksiyada xəstələrə yüksəkkeyfiyyətli tibbi xidmət göstəriləcək və onların sağlamlığını bərpa etmək üçün ən son avadanlıqlardan istifadə olunacaq. Bu təşəbbüslər, həmçinin bölgə üzrə insanların göz sağlamlığını qorumağa yönəlmiş uzunmüddətli hədəfi dəstəkləyir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2005-ci ildən bəri respublikanın müxtəlif bölgələrindəki vətəndaşlara pulsuz oftalmoloji və cərrahi xidmətlər göstərmək üçün Səyyar Klinika təşkil edir. Bu klinika müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunub, məqsəd isə əhalinin vaxt itirmədən yaşayış yerlərində müayinə və müalicə olunmasıdır. Mərkəzin həyata keçirdiyi tədbirlər və aksiyalar insanların görmə sağlamlığını qorumağa və problemlərini erkən mərhələdə müalicə etməyə yönəlib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub, burada təcrübəli, peşəkar həkimlər göz xəstəliklərinin müayinə və müalicəsini, eləcə də əməliyyatlarını həyata keçirirlər. 2018-ci ildən etibarən Dəmiryolu Səyyar Klinikası da fəaliyyət göstərir, bu da Səyyar klinikaların fəaliyyətini genişləndirərək daha çox insana xidmət etməyə imkan verir.
Qeyd edək ki, Xankəndi və ətraf ərazilərdə bu cür xidmətlərin təşkil edilməsi əhalinin sağlamlığının qorunması istiqamətindəki mühüm addımlardandır. Prezident İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti sayəsində azad edilən ərazilərdə tibbi xidmətlər, o cümlədən oftalmoloji müalicə daha da genişləndirilir.
Qeyd edək ki, müayinələrdən faydalanmaq istəyən sakinlər (+994) 050-891-94-51, (012) 568-28-90 nömrəli telefonlara zəng edə bilərlər.