09 Dekabr 2025 08:00
293
SİYASƏT
A- A+
Ulu Öndərin möhtəşəm işləri heç vaxt unudulmayacaq

Ulu Öndərin möhtəşəm işləri heç vaxt unudulmayacaq


O xoşbəxt insanlardanam ki, Ulu Öndərin hakimiyyətə gəldiyi ilk gündən son günədək onun səmərəli fəaliyyətini və gördüyü möhtəşəm işləri izləmək mənə də qismət olub. Odur ki, həmin unudulmaz günlərin şahidi kimi xatirələrimi bölüşmək istəyirəm. 

Göz önünə ilk olaraq 1982-ci il gəlir. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çox yüksək vəzifəyə təyin olunmuşdu. Uzun müddət ölkəmizə rəhbərlik edən (1969-1982) bu böyük şəxsiyyətlə Orconikidze adına klubda (indiki Şəhriyar) görüş keçirilirdi. O vaxt mən M.F.Axundov adına Pedaqoji İnstitutda Partiya Komitəsi katibinin ideoloji işlər üzrə müavini idim. Yığıncaqda iştirak edirdim. Hamı için-için ağlayırdı. Bu, ümumxalq məhəbbətinin təzahürü idi. Ayrılanda Heydər Əliyevin də duyğulandığını hiss etdik. Sözüm odur ki, xalqın Heydər Əliyevə məhəbbəti heç vaxt səngimədi. Bu, sonsuz məhəbbətin nəticəsi idi ki, o, Moskvada işdən ayrılıb vətənə dönəndə də xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi və xalqı düçar olduğu bəladan xilas etdi.

Azərbaycan tarixində bir epoxa olan, xalqın tarixi müqəddəratında həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi qayğı göstərirdi.

Ulu Öndərin əvəzsiz xidmətlərindən biri Novruzun dövlət səviyyəsində bayram edilməsinə rəvac verməsi idi. 1979-cu ildə İçərişəhərin Qoşa qala qapısı meydanında möhtəşəm Novruz bayramı şənlikləri keçirilirdi. Bayram şənliyini televiziya qarşısında əyləşib izləyirdim. İnsan axını hər yanda müşahidə olunurdu. Gözlənilmədən əlamətdar bir hadisə baş verdi. Ecazkar bir musiqi, ecazkar sözlər, məlahətli səs hamını ovsunladı. Müğənni Nazpəri Dostəliyeva "Naxçıvani" aşıq havası üstündə Azaflı Mikayılın "Ağarmayın, ay saçlarım, amandır" mahnısını oxuyurdu. Hamı donub yerində qalmışdı. Elə həmin vaxt Ulu Öndərimiz və cənab İlham Əliyev meydandan keçib gedirdi. Onlar da dayanıb qəlblərə od salan mahnını axıra kimi dinlədilər. 

Ümummilli Lider aşıq və klassik musiqilərini, xalq musiqisini də, muğamı da çox sevirdi. Yaxşı yadımdadır, Ulu Öndərin təşəbbüsü ilə hər cümə günü filarmoniyada "Klassik musiqi axşamı" keçirilirdi. Çox vaxt konsertdə özü də iştirak edirdi.

Heç vaxt unudulmaz, şirin xatirətək yadımdan çıxmayan bir hadisədən də söz açmaq istəyirəm. Ümummilli Lider Moskvada işdən çıxıb vətənə dönmüşdü. Hamı onu görmək arzusu ilə yaşayırdı…

Filarmoniyada yazıçıların qurultayının keçirildiyi yığıncağın başlamasına az qalırdı, təəssüflə ürəyimdən belə bir fikir keçirdim: "Bu qurultayımız Heydər Əliyevsiz keçirəcəyimiz yeganə qurultaydır". Elə bu vaxt kimsə arxadan qışqırdı: "Heydər Əliyev gəlir!" Hamı ayağa qalxıb sürəkli alqışlarla həmişə yazıçıların dayağı olmuş bu görkəmli şəxsiyyəti layiq olduğu səviyyədə qarşıladı. Nəhayət, Heydər Əliyev əlini qaldıraraq sakitləşməyi xahiş etdi. Yazıçılar Birliyinin sədri Anar Ulu Öndəri Rəyasət Heyətinə dəvət etdi. Heydər Əliyev isə "Anar, mən oradan zala çox baxmışam. Bu dəfə zaldan Rəyasət Heyətinə baxmaq istəyirəm" deyib zalda oturacaqların birində əyləşdi.

Şair Məmməd Aslan başda olmaqla bir qrup dayanmadan səsləndi: "Heydər Əliyev Rəyasət Heyətinə dəvət olunsun!" 

Anar müəllim dedi: "Məmməd, sakit olun! Qərar Heydər Əliyevindir".

Qurultayın gedişində son aylar Füzulinin mavzoleyinin sökülməsi və qəbrin düzəldilməsi barədə mətbuatda yer alan söz-söhbətə də toxunuldu. Bəziləri tələb edirdi ki, Füzulinin nəşi Azərbaycana gətirilsin. Onlar buna görə dövləti fəaliyyətsizlikdə günahlandırırdılar. Heydər Əliyev buna müdaxilə etməli oldu: "Əvvəla, bu, çox çətin məsələdir. Məlumdur ki, Füzuli İraqda anadan olub, orada yaşayıb-yaradıb, orada da dünyasını dəyişib. O, İraq şairi kimi tanınır. Bu işə dövlətin qarışması münasib deyil. Siz yazıçılar, ziyalılar, alimlər İraq dövlətinə müraciət edə bilərsiniz..."

Vaxt keçdi. Çox hadisələr baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə gəldi. 1994-cü ildə qarşıdan dahi Azərbaycan şairi Füzulinin 500 illik yubileyi gəlirdi. Şairin yubileyinin ölkəmizdə və İraqda keçirilməsinə böyük hazırlıq gedirdi. 

Təəssüf ki, Füzulinin yubileyi ərəfəsində ABŞ başda olmaqla Qərb dövlətləri İraq Respublikası nefti milliləşdirdiyinə görə başqa ərəb ölkələrinə görk olsun deyə onu cəzalandırmaq qərarına gəlmişdilər. Ölkə elə blokadaya alınmışdı ki, İraq başqa ölkələrə hava-su kimi lazım olan neftini də sata bilmirdi. Bu ölkə ağır maliyyə çətinlikləri ilə üzləşmişdi. Bu səbəbdən bəzi dövlətlərdə, eləcə də Azərbaycanda bu ölkənin səfirliyinin bağlanması gündəmdə idi. 

İraqın Azərbaycandakı səfiri, əslən İraq türkmanlarından olan Fərrux Davud Salman məni çağırıb dedi ki, lazımi yerlərə xəbər verin. Vaxt itirmədən baş nazirin müavini Elçin Əfəndiyevin yanına getdim. Elçin müəllim çox məyus oldu və dedi ki, zəngimi gözlə. Üç gündən sonra Elçin müəllim məni çağırıb dedi ki, dövlət bu işə qarışa bilməz. Məsləhət görüldü ki, ziyalılarımız İraq Prezidentinə məktub ünvanlasın. 

Filarmoniyada yazıçıların qurultayında Füzulinin qəbrinin Azərbaycana gətirilməsi müzakirə olunanda Heydər Əliyevin dediyi sözlər göz önünə gəldi: "Dövlətin bu işə qarışması münasib deyil. Siz yazıçılar, ziyalılar, alimlər İraq dövlətinə müraciət edə bilərsiniz".

Aydın oldu ki, məsləhəti bu dəfə də Ulu Öndər verib. 

Səfirlik və ziyalılarımızla əlaqə uzun müddət İraqda işlədiyimə görə mənə həvalə olunmuşdu. 

22 aprel 1994-cü ildə İraq Prezidentinə məktub ünvanladıq. Bu çox gərəkli məktubu Azərbaycanın hüdudları xaricində də yaxşı tanınan Mikayıl Abdullayev, Anar, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev, Tofiq Quliyev, Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Qəzənfər Paşayev, Nurəddin Rzayev, Sabir Rüstəmxanlı, Eldar Salayev, Nəbi Xəzri və başqaları imzaladılar. 

Ulu Öndərin uzaqgörənliyi öz işini gördü. İraq səfirliyi Azərbaycanda fəaliyyətini davam etdirdi. 

Heydər Əliyev dəyirmanda un, tabaqda çörək, xəzinədə pul çox az olan bir vaxtda, 1994-cü ilin sentyabrında 128 nəfərdən ibarət nümayəndə heyətinin Füzulinin 500 illik yubileyində iştirak etmək üçün avtobuslarla İraqa getməyinə göstəriş verdi. Bu təkcə Füzulinin yaradıcılığına verilən yüksək qiymət deyildi. Bu həm də onun Azərbaycan dilində ölməz əsərlər yazan dahi şairə ilham verən İraq türkmanlarına dərin ehtiram əlaməti idi. Ulu Öndər yaxşı bilirdi ki, onlar soydaşlarımızdır. Ümummilli Liderin dostu İhsan Doğramacının xahişi ilə İraq türkmanlarının İstanbulda çıxan "Qardaşlıq" dərgisinə verdiyi müsahibədə bu münasibətlə demişdir: "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" ("Qardaşlıq", №8, İstanbul, 2000, s.4). Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Məhəmməd Füzuliyə əzəmətli heykəlin ucaldılması da çox mətləblərdən xəbər verir.

Unuda bilmədiyim başqa bir fakt isə Ulu Öndərin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətlə bağlıdır. 1994-cü il noyabrın 2-də Ankaraya Füzulinin yubileyinə Heydər Əliyevin təyyarəsində getdik. 

Görəsən bunu hansı dövlət başçısı edərdi?

Ümummilli Liderlə bağlı başqa bir əlamətdar hadisəni də yada salmaq istərdim. Yollar açılandan sonra həcc ziyarətinə ilk gedən Heydər Əliyev və təyyarəsində özü ilə  apardığı ziyalılarımız, alimlərimiz, yazıçı və şairlərimiz oldu. 

Ulu Öndər şəriətə və elmə xüsusi diqqət yetirirdi. 1997-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması deyilənin bariz nümunəsidir. Elmi-Dini Şuranın tərkibi akademik Vasim Məmmədəliyev (sədr), Şeyxülislam Allahşükür Paşazadə, o dönəmdə Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, akademiklər Fuad Qasımzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Zeynal Səmədzadə, professorlar İsrafil İsrafilov və Qəzənfər Paşayevdən ibarət idi. Ulu Öndər bu tərkibi nəzərdən keçirib bəyənmişdi.

Daha bir xatirəmi də danışmaq istərdim. Az adam bilir ki, Heydər Əliyev mənim də taleyimdə müstəsna rol oynayıb. Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində IV kurs tələbəsi olarkən ingilis və rus dillərini bildiyimə görə xaricdə tərcüməçi işləmək üçün sənədlərimi hazırlamaq məsləhət görülmüşdü. İkinci Dünya müharibəsi vaxtı atam neytral dövlət olan İsveçrəyə gedib çıxmışdı. O, əsir düşməmişdi, bununla belə sovet quruluşunun belə hallara qarşı amansızlığını göz önünə gətirəndə şansımın az olduğunu düşünürdüm.

On iki il Ulu Öndərin rəhbərliyi altında işləmiş general və gözəl yazıçı Yasif Nəsirli şahidlik edir ki, Heydər Əliyev mənim sənədlərimi diqqətlə oxuyandan sonra imzalayıb və deyib: "Gəncdir, qoy getsin, inkişaf etsin".

Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Əsasən də doğma kəndim Düzqırıxlıda (Tovuz rayonu) kənd klubunda keçən əsrin 70-ci illərində Ümummilli Liderin 3 dəfə (1975, 1977, 1980) Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirərkən baş verən maraqlı hadisələr bu gün də gözümün önündədir. Onu da deyim ki, Ulu Öndər yeni bir üzüm sortunu bizim kənddə Abbas Xəlfəqulu oğlunun sahəsində əkmişdi. Respublika rəhbəri Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: "Ağsaqqal, biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?" Abbas kişi demişdi: "Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub". Heydər Əliyev ürəkdən gülərək söyləmişdi: "Bizim böyük olduğumuzu haradan bildin?" "Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm". Ulu Öndər yenə ürəkdən gülmüş və demişdi: "İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum".

İbrətamiz bir məsələdən də danışmaq istərdim. Heydər Əliyev Moskvada yüksək vəzifədən kənarlaşandan sonra bəzi nankor məmurlar onun portretlərini yığışdırmağa çalışırdılar. Kiçik qardaşım Ələsgər müəllim portretləri kəndin iki orta məktəbindən, sovxoz və kənd soveti idarələrindən, xəstəxanadan, sənət məktəbindən, Heydər Əliyevin Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi klubdan yığaraq evinə gətirmişdi. Onları bir otağa yığmışdı. Özü də həmin otaqda yatırdı. Tale elə gətirdi ki, Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gələndə portretlər əvvəlki yerini bəzədi. Onu da deyim ki, nəslimizdə Ulu Öndərə məhəbbət sahilsiz ümmana bənzəyir. Ələsgər müəllimin qızı, mərhum deputat Qənirə Paşayeva belə bir mühitdə böyümüş, Heydər Əliyev məktəbinin müdavimi olmuşdu.

Mənim də başıma heç vaxt unutmayacağım bir hadisə gəlib. BDU-nun Tarix fakültəsində dərs deyirdim. Ağır vaxtlar idi. Ölkə çalxalanırdı. Milli-mənəvi dəyərlər tapdanırdı. Bir gün 2 gənc tələbəm - Müşfiq və Elnur sual verdilər: "Müəllim, ölkədəki vəziyyətdən nicat yolunu nədə görürsünüz?". Mən fikirləşmədən dedim: "Ölkəni bu vəziyyətdən yalnız dövlətçilik təcrübəsi zəngin olan Heydər Əliyev çıxara bilər". O vaxt Ulu Öndər hələ Naxçıvanda idi. 

Dünyanın gedişatını dərk edə bilməyən bu iki gənc bu qənaətimə görə mənə etiraz etdi. Təəssüf hissi keçirdim ki, Tarix fakültəsində oxuyan bu iki gənc tarixin ibrət dərslərindən xəbərsiz idilər.

Görkəmli alim dostum Abbas Zamanov mənə təsəlli verərək deyirdi: "Qəzənfər, məni erməni dığalarına görə işdən və partiyadan çıxartdılar, mən sınmadım. Sənə o boyda kişiyə görə qarşı çıxırlarsa, bunu ürəyinə salma. Görərsən, Heydər Əliyev hakimiyyətə yenidən qayıdacaq. O gənclər səhvlərini başa düşəcəklər". Abbas müəllimin dediyi kimi də oldu. Sonralar Müşfiq gəlib üzr istədi. Sevindim ki, Müşfiq Heydər Əliyevin böyüklüyünü dərk edib.

Heydər Əliyevin hər sözü, hər kəlamı bir nümunə məktəbi, örnək idi. Xalq şairi Qabil deyirdi ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra həyata keçirdiyi ilk layihələrdən biri Bibiheybət qəsəbəsi yaxınlığında Şıx çimərliyinin üst tərəfində park saldırmaq oldu. Bütün təşkilatlar bu işə cəlb olunmuşdu. İməcilikdə Heydər Əliyev şəxsən iştirak edirdi. Yazıçıların sahəsinə gəlib bizimlə söhbət etdi. Azərbaycanca elə səlis, elə mənalı danışırdı ki, heyran oldum və dedim: "Heydər müəllim, siz azərbaycanca nə gözəl danışırsız".

Heydər Əliyev üzünü Qabilə çevirib dedi: "Qabil, sən desən ki, mən ingiliscə, almanca gözəl danışıram, təəccüblənməzdim. Ana dilini hamı yaxşı bilməlidir. Xalqın milli kimliyinin, mənsubiyyətinin göstəricisi ana dilidir".

Hər dəfə Ümummilli Lider Heydər Əliyev haqqında düşünəndə iftixar hissi keçirirəm ki, mən də bu nadir tarixi şəxsiyyətin soydaşıyam. Ulu Öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə onun titanik fəaliyyətini izləmək, adı və əməlləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu dahi insanın xalqımız qarşısında misilsiz xidmətlərinin şahidi olmaq xoşbəxtliyi mənə də qismət olub.


Qəzənfər PAŞAYEV,

Əməkdar elm xadimi, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda daha bir yeni nəsil qatar xəttə buraxılıb  

23:13
09 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib  

23:11
09 Dekabr

Volodimir Zelenski: Prezident seçkilərinin keçirilməsinə hazıram  

23:10
09 Dekabr

Fridrix Merts: Ermənistanla Azərbaycanın sülh müqaviləsi üzərində razılığa gəlməsi böyük uğurdur  

23:09
09 Dekabr

Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib  

23:08
09 Dekabr

Gələn il sosial istiqamətə 17,1 milyard manat yönləndiriləcək  

22:56
09 Dekabr

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək 32-ci plenar iclası üçün İş Planını təsdiqləyib  

22:08
09 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib  

21:53
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb  

21:48
09 Dekabr

İstanbulda Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi açılıb

20:59
09 Dekabr

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib  

20:19
09 Dekabr

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır  

20:09
09 Dekabr

Tramp: Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi  

19:47
09 Dekabr

Nazir Rəşad Nəbiyev Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb  

19:39
09 Dekabr

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib  

19:15
09 Dekabr

Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılı

19:02
09 Dekabr

ANAMA və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:47
09 Dekabr

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır  

18:36
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

18:27
09 Dekabr

Mədəniyyət naziri Adil Kərimli İƏT Baş katibinin köməkçisi ilə görüşüb  

18:10
09 Dekabr

Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  

18:07
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!