Boşanma hüquqi fakt kimi valideyn məsuliyyətini aradan qaldırmır
Müasir Azərbaycan cəmiyyətində ailə münasibətlərinin transformasiyası fonunda boşanma halları artmaqdadır. Lakin hüquqi baxımdan vacib olan məqam ondan ibarətdir ki, nikahın pozulması valideynlərin uşaqları qarşısında öhdəliklərinə xitam vermir.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, bu ilin yanvar-oktyabr aylarında boşanmaların sayı 17 mini keçmiş, eyni dövrdə bağlanan nikahların sayı isə təxminən 40 min olmuşdur. Bu statistik göstəricilər bir daha sübut edir ki, ailə hüququnun ən həssas seqmenti - uşağın hüquqi və sosial müdafiəsi məsələsi xüsusi diqqət tələb edir.
Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment öhdəlikləri əsasən valideynin rəsmi gəlirindən müəyyən edilmiş faiz nisbində tutulur. Bu yanaşma hüquqi texniki baxımından sadə olsa da, uşağın mənafeyinin tam təmin edilməsinə həmişə imkan vermir. Aliment ödəyicisinin real gəlirlərinin rəsmi gəlirlərdən kəskin fərqlənməsi, gəlirlərin qəsdən gizlədilməsi və ya formal minimum əməkhaqqı səviyyəsində göstərilməsi kimi hallar nəticəsində aliment institutu uşağın mənafeyini təmin edən hüquqi mexanizm olmaqdan çıxaraq formal icra olunan öhdəliyə çevrilir. Əslində isə uşağın mənafeyi - aliment hüququnun əsas meyarı olmalıdır.
Ailə hüququnun fundamental prinsiplərindən biri uşağın üstün mənafeyinin təmin edilməsidir. Bu prinsip həm Azərbaycan Respublikasının konstitusiyasında, həm də beynəlxalq hüquq normalarında öz əksini tapmışdır. Bu baxımdan, aliment mexanizminin islahatı sərtləşmə deyil, normativ yanaşmanın yenilənməsi kimi qiymətləndirilməlidir.
Uşağa baxılması üçün minimum təminat standartı
Hüquqi baxımdan Ailə Məcəlləsində uşağa baxılması üçün minimum təminat standartı anlayışı ayrıca təsbit edilməsi məqsədəuyğundur. Bu standart yaşayış minimumundan aşağı olmamaqla yanaşı, həm uşağın sağlamlığı, təhsili, inkişafı və gündəlik ehtiyacları ilə bağlı real xərcləri əhatə etməli, həm də valideynin rəsmi gəlirindən asılı olmayaraq, təmin olunmalıdır. Uşağın maddi təminatı valideynin gəlirlərini gizlətməsi və ya süni şəkildə azaltması ilə risk altına düşməməlidir.
Məhkəmə təcrübəsində vahidliyin təmin edilməsi məqsədilə alimentlərin hesablanması üçün oriyentir xarakterli hüquqi bələdçilər - uşağın yaşı və sayı, valideynin maliyyə imkanları və s. bu kimi meyarları nəzərə alaraq məhkəməyə hüquqi istiqamət verə bilər. Belə mexanizmlər bir sıra Avropa ölkələrində uğurla tətbiq olunur və məhkəmənin mülahizə səlahiyyətini məhdudlaşdırmadan hüquqi sabitlik yaradır.
Normativ dəyişikliklər çərçivəsində məhkəmənin aliment məbləğini müəyyən edərkən uşağın nikahın pozulmasına qədərki həyat səviyyəsi, təhsil və sosial mühitinin dəyişdirilməsinin uşaq üçün yaratdığı risklər və sağlamlıqla bağlı xüsusi halların nəzərə alınması birbaşa öhdəlik kimi təsbit edilməlidir. Bu yanaşma alimenti sadə hesablamadan hüquqi müdafiə alətinə çevirir.
Ödəmə qabiliyyətinin qiymətləndirilməsi
Ailə hüququnun icrasında ən ciddi problemlərdən biri aliment ödəyicisinin süni ödəmə qabiliyyətsizliyini göstərmək hallarının artmasıdır. Əmlakı, biznes fəaliyyəti və yüksək xərcləri olan şəxsin rəsmi olaraq işsiz və ya minimum gəlirli görünməsi hüquqi ədalət prinsipinə ziddir və birbaşa uşağın hüquqlarını pozur. Odur ki, məhkəməyə alimenti müəyyən edərkən ödəyicinin həyat tərzini, faktiki xərclərini, mülkiyyət və kommersiya fəaliyyətini nəzərə almaqla qiymətləndirilmiş gəlir modelini tətbiq etmək səlahiyyəti verilməlidir. Bu yanaşma beynəlxalq ailə hüququ təcrübəsinə də uyğundur.
Aliment qərarlarının icrasında institusional yeniliklər
2026-cı il yanvar ayının 1-dən etibarən Azərbaycanda özəl icra məmurları institutunun tətbiqi aliment qərarlarının icrasında yeni mərhələdir. Lakin bu mexanizmin effektivliyi yalnız o halda təmin edilə bilər ki, icra orqanlarının bank və vergi məlumatlarına operativ çıxışı olsun, məlumatların gizlədilməsinə görə məsuliyyət mexanizmləri gücləndirilsin.
Qeyd edilməlidir ki, aliment hüququnun tətbiqi sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi artıq formalaşmışdır və məhkəmələr üçün hüquqi istiqamət rolunu oynayır. Belə ki, Ali Məhkəmə Plenumunun izahlarına əsasən, valideynin nikahın pozulmasından sonra uşağı qarşısında aliment öhdəliyi onu əmək vəzifəsindən azad etmir və aliment məbləğinin müəyyən edilməsi formal yanaşma ilə məhdudlaşmamalıdır.
Plenumun hüquqi mövqeyinə görə, "Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və bu zaman yalnız bir tərəfin deyil, hər iki valideynin ailə və maddi vəziyyəti hərtərəfli öyrənilməlidir". Ali Məhkəmə xüsusi vurğulayır ki, məhkəmələr aliment məbləğini müəyyən edərkən valideynlərin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyətini, ayrı yaşadıqları müddətdə uşağa baxılması üçün könüllü qaydada ödənilmiş vəsaitləri və həmin ödənişlərin dayandırıldığı vaxta qədər uşağın faktiki təminat səviyyəsini nəzərə almalıdırlar. Eyni zamanda plenumun mövqeyinə əsasən uşağın əlavə ödəniş hesabına məktəbəqədər tərbiyə müəssisəsinə, ödənişli ümumtəhsil məktəbinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə davam edib-etməməsi aliment məbləğinin müəyyən edilməsi zamanı hüquqi baxımdan əhəmiyyətli hal kimi qiymətləndirilməlidir.
Bu yanaşma onu göstərir ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe alimenti yalnız minimum təminat mexanizmi kimi deyil, uşağın nikah dövründə formalaşmış sosial, təhsil və inkişaf mühitinin qorunmasına xidmət edən hüquqi alət kimi qəbul edir. Lakin vacib məqam ondan ibarətdir ki, bu prinsip Ailə Məcəlləsində hələlik sistemli və birbaşa normativ ifadəsini tapmamışdır və əsasən məhkəmə təcrübəsi vasitəsilə tətbiq olunur. Bu isə qanunvericilikdə müvafiq dəyişikliklərin zəruriliyini bir daha aktuallaşdırır.
Aliment hüququ valideynlər arasında mübahisə predmeti deyil. Bu institut uşağın hüquqlarının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində bu istiqamətdə islahatlar sosial ədalətin, hüquqi sabitliyin və uşağın üstün mənafeyinin qorunmasına xidmət etməklə yanaşı, gələcəkdə aliment öhdəliklərinin icrasında daha şəffaf və effektiv mühitin yaradılmasına imkan verəcək.
Vüsalə MURADXANLI,
Azərbaycan Uşaq Fondunun direktoru, Vəkillər kollegiyasının üzvü