İqtisadi və ekoloji baxımdan faydalı olan bu sahəyə ölkəmizdə maraq çoxdur
Müasir dünyada iqtisadi inkişafın fonunda ətraf mühitin qorunması getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu baxımdan "yaşıl sənaye" həmin iki anlayışı birləşdirərək həm iqtisadi artımı, həm də ekologiyanın mühafizəsini gündəmə gətirir.
Bəri başdan bildirək ki, "yaşıl sənaye" istehsal proseslərində ətraf mühitə təsirləri minimuma endirən və davamlı inkişafı dəstəkləyən sənaye növüdür. Bura enerji səmərəliliyinin artırılması, tullantıların azaldılması və təkrar emal kimi ekoloji cəhətdən təmiz proseslər daxildir. Bərpaolunan enerji mənbələrindən istifadə etməklə xarakterizə olunan "yaşıl sənaye"nin dəstəklənməsi və inkişafı Azərbaycanın da gələcəyi üçün böyük imkanlar yaradır. Məlumdur ki, Azərbaycan təbii ehtiyatları ilə zəngindir və bu, "yaşıl sənaye" üçün böyük potensialdır. Ona görə də ətraf mühitə uyğun istehsal üsullarından istifadə etməklə ölkəmizdə "yaşıl sənaye"nin inkişafında irəliləyişə nail olmaq mümkündür. Bu zaman ətraf mühitə təsirləri minimuma endirən texnikadan istifadəyə üstünlük verilir. Proses zamanı sudan səmərəli istifadə və tullantıların təkrar emalı diqqətdə saxlanılır. Qeyd edək ki, tullantıların təkrar emalı və suyun mühafizəsi "yaşıl sənaye"nin əsas tərkib hissələrindən biridir.
Azərbaycanda tullantıların idarə olunması və təkrar emalı layihələri dəstəkləndiyi üçün "yaşıl sənaye"nin yolunda əngəllər minimuma endirilib. Bu istiqamətdə görülən işlərə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) dəstək verməsi təqdirəlayiqdir. Sahibkarlar "yaşıl layihə"lərini həyata keçirmək üçün SİF-in güzəştli kreditlərindən yararlanırlar. Məlumat üçün bildirək ki, məhsul istehsalında və texnologiyaların inkişafında istixana qazı emissiyalarını azaltmağı hədəfləyən və ya təmiz enerjidən istifadəni dəstəkləyən biznes təşəbbüsləri "yaşıl layihələr" hesab olunurlar. Belə layihələrə enerji effektivliyi, bərpaolunan enerji, nəqliyyat və davamlı mobillik, davamlı kənd təsərrüfatı və dairəvi iqtisadiyyat üzrə təşəbbüslər daxildir ki, nəticədə "yaşıl sənaye"nin yolunda yaşıl işıq yanır.
"Yaşıl sənaye"nin inkişafını daha da sürətləndirmək üçün ötən ilin sonunda SİF-in təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də "yaşıl layihələr" həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsi keçirilmişdir. Müsabiqədə yalnız fondla əməkdaşlıq edən və 2024-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) kredit mütəxəssisləri iştirak etmişlər. İlk "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsi keçən ilin avqustunda keçirilib. Dekabrda keçirilən ikinci müsabiqə də daxil omaqla müvafiq istiqamət üzrə SİF tərəfindən 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılmışdır.
Bu layihələrdən 175-i ikinci yarımil üzrə keçirilən müsabiqə çərçivəsində maliyyələşdirilib və həmin layihələr ümumilikdə 40 milyon manata yaxın güzəştli kreditlə təmin edilmişdir. Müsabiqə komissiyasının qərarına əsasən, sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də "yaşıl layihələr" üzrə kredit ayrılan layihələrin icra ediləcəyi regionlar, mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə 1-ci yerə "Yelo Bank" ASC-nin nümayəndəsi Nahid Əhmədov, 2-ci yerə "Aqrarkredit" QSC-nin nümayəndəsi Rahib Səfərov, 3-cü yerə "Expressbank" ASC-nin nümayəndəsi Emil Həmidov layiq görülmüşlər.
Göründüyü kimi, "yaşıl sənaye"nin dəstəklənməsi onun tərəqqisinə yol açır və Azərbaycanın gələcəyi üçün böyük imkanlar yaradır. Çünki "yaşıl sənaye" qeyd etdiyimiz kimi, həm iqtisadi, həm də ekoloji cəhətdən faydalıdır. "Yaşıl sənaye" həm də məşğulluğu artırır və yeni iş imkanları yaratmaqla yerli iqtisadiyyatı stimullaşdırır. Bura "yaşıl enerji" və ekoloji cəhətdən təmiz texnologiyalara qoyulan investisiyaların uzunmüddətli perspektivdə xərclərə qənaət etdiyini də əlavə etsək, mənzərə aydın olur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"