15 Yanvar 2025 09:05
122
İQTİSADİYYAT
A- A+
Orta dəhliz ortaq maraqlar marşrutudur

Orta dəhliz ortaq maraqlar marşrutudur


Azərbaycan bu marşrutun da fəaliyyətində əsas halqadır


Dünyada baş verən siyasi qarşıdurmaların əhatə etdiyi sahələrdən biri də qlobal ticarət marşrutlarıdır. Həmin marşrutlara nəzarət etmək uğrunda Qərb-Şərq bloku arasında gedən mübarizə səngimək bilmir. Bu da səbəbsiz deyil.

Mütəxəssislərin hesablamalarına görə, qlobal ticarətin 80 faizindən çoxu okean və dənizlər üzərindən həyata keçirilir. Bu marşrutlara dünyanın ən böyük hərbi donanması olan ABŞ nəzarət edir. Onun əsas rəqibləri Çin və Rusiya isə bununla barışmaq istəmirlər. Belə olan halda həmin ölkələr okean və dənizlər üzərindən yeni ticarət yolu açmaq barədə razılığa gəliblər. Bu yol Sakit və Şimal Buzlu okeanlarından keçməklə Avropa, Asiya və Afrikaya qədər uzanır.

Amma məsələ bundadır ki, ABŞ bu marşruta da nəzarət etmək istəyir. Seçilmiş Amerika Prezidenti D.Trampın Qrenlandiyanı ələ keçirmək istəməsi həm də bununla bağlıdır. Üstəlik, Norveçlə Finlandiyanın tələm-tələsik NATO-ya qəbul edilməsinin arxasında da bu amil, daha doğrusu, sözügedən marşruta hərbi nəzarəti həyata keçirmək hədəfi dayanır. Lakin burada ABŞ-nin Rusiya və Çinlə rəqabətdə uduzduğu bir sahə var - Rusiya və Çinin buzqıran gəmiləri var və onlar  ticarət gəmiləri üçün yol açmaq qabiliyyətinə malikdirlər. ABŞ-nin isə belə bir imkanı yoxdur. Mütəxəssislərin dediklərinə görə, Amerika rəqiblərindən bu sahədə 20 il geri qalır. Ancaq bir iş var ki, iqlim dəyişikliyi ilə bağlı Şimal Buzlu okeanında buzlar əriyir və ola bilsin bir müddətdən sonra buzqıran gəmilərə ehtiyac qalmasın. 

İndi məlum olub ki, dünyanın ən zəngin karbohidrogen ehtiyatları şimalda buzların altındadır. Eyni zamanda bu ərazi dünya iqtisadiyyatının inkişafında önəmli rol oynaya bilən digər elementlərlə də zəngindir. Necə deyərlər, Şimal Buzlu okeanının suları yaxın gələcəkdə hər mənada "istiləşəcək". Çünki ərazidə yeni rəqabət meydanının yaranacağı qaçılmazdır. Üstəlik, ABŞ-nin seçilmiş Prezidenti D.Trampın Panama kanalı və Meksika körfəzi barədə dediklərində də əsas məqsədin dünya ticarət marşrutlarına nəzarəti ələ keçirmək olduğu görünür. 

Məlumdur ki, Orta dəhliz dünya ticarəti üçün önəmli, həm də ənənəvi qlobal marşrutlarla müqayisədə yenidir. O üzdən bu dəhlizin üzərində yerləşən Azərbaycan istər-istəməz dünya güclərinin rəqabət meydanına çevrilib. Zəngəzur dəhlizinin açılmaması, Ermənistanın müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınması da bununla bağlıdır. N.Paşinyan tərəfindən irəli sürülən "sülh kəsişməsi" onun beyninin məhsulu deyil, Orta dəhlizin açılmasını istəməyən İran və Hindistan tərəfindən ona diktə edilib.

Hindistanın məqsədi özünün qonşusu və ən böyük ticarət rəqibi olan Çinin "Bir kəmər, bir yol" layihəsnin əsas halqası olan Orta dəhlizin fəaliyyətinə mane olmaqdır. İranın da bu məsələdə həm iqtisadi, həm də siyasi marağı var. Belə ki, cənub qonşumuz Orta dəhlizin yüklərinin "Araz" dəhlizi üzərindən daşınmasına çalışır. Bu, İrana iki mühüm imkan yaradır. Birincisi, qlobal ticarət marşrutuna nəzarət etməklə iqtisadi dividendlər qazanmaq, ikincisi, türk dünyasının iqtisadi və siyasi əlaqələrinə imkan daxilində mane olmaq. Bu səbəbdən hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Ancaq Azərbaycan dövləti bu işdə qərarlıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha qəti şəkildə bildirdi ki, bu dəhliz açılacaq. 

Orta dəhlizin fəaliyyətinin genişlənməsinə dünyanın iki böyük dövləti olan Çin və Rusiya maraq göstərir. Onlar bu marşrutun daha səmərəli fəaliyyəti üçün dəstək verirlər. Azərbaycan dövləti də bu işdə lazımi tədbirlər görür. Prezident İlham Əliyev Orta Asiyadakı türk dövlətləri ilə bu sahədə əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Burada iki əsas hədəfimiz var, birincisi, bu qlobal layihədə önəmli rol oynayıb iqtisadi maraqlarımızı təmin etmək, digər tərəfdən türk dünyasının iqtisadi və siyasi birliyini daha da qüdrətləndirmək. 

Prezident İlham Əliyevin indiyədək apardığı siyasət öz müsbət nəticələrini verir. Bu işə türk dövlətləri ilə yanaşı, Tacikistan və Əfqanıstan da qoşulub. Qardaş Pakistan da hər zaman olduğu kimi, Azərbaycana dəstək verir. Göründüyü kimi, ölkəmizin başladığı bu mühüm siyasi və iqtisadi layihəni dəstəkləyənlər ona qarşı çıxanlardan heç də zəif deyillər.

Azərbaycan Orta dəhlizlə yüklərin daşınmasının səmərəliliyini artırmaq üçün həm texniki imkanları genişləndirir, həm də yüklərin mənzil başına tez çatdırılması üçün gömrük prosedurlarını sadələşdirir. Görülən təsirli tədbirlər nəticəsində ölkəmiz üzərindən yüklərin daşınmasının çəkisinin ildən-ilə artdığının şahidi oluruq. Məsələn, 2023-cü illə müqayisədə ötən il ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon tona çatıb. Keçən il təkcə əsas tranzit istiqaməti olan "Şərq-Qərb" marşrutu ilə 3,2 milyon tondan artıq yük daşınıb. 

Məlum olduğu kimi, Orta dəhlizlə ən çox Çinin yükləri daşınır. Keçən il bu ölkənin Orta dəhlizlə daşınan yüklərinin çəkisi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib. Cari ildə bu cür yükdaşımaların  infra-struktur imkanlarının genişləndirilməsi sayəsində hər il ən azı 1000 blok-qatarın bizim ərazimizdən keçməsinə imkan yaranacaq.

Noyabrın 24-də Bakı-Sian ilk ixrac blok-qatarı ilə 40 futluq 62 konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlara yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi, eyni zamanda Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. Orta dəhlizin inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların artırılmasını şərtləndirir.

Yükdaşımada əldə edilmiş müsbət göstəricilər Azərbaycan Dəmir Yolu (ADY) ilə Çinin dəmir yolu təşkilatları arasında müntəzəm görüş və müzakirələrin nəticəsidir. Xatırladaq ki, hələ ötən ilin mayında ADY rəhbərliyi "Çin Dəmir Yolları" dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşmüşdür. Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən Orta dəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tona çatdırılmış Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olmuşdur. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğu bildirilmişdir. Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən ilin iyununda Orta dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin genişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılmışdır.

2024-cü ilin sentyabr ayında isə Çin tərəfinin də iştirakı ilə Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təsis edilməsinə təşəbbüs göstərilmişdir. Məlumat üçün bildirək ki, Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir yolu, avtomobil və dəniz yollarını, yol infrastrukturu komponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta dəhlizin daha bir qolunu formalaşdırır. Assosiasiya isə Orta dəhlizin yükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədi ilə kollegial orqan qismində çıxış edəcək.

Azərbaycanın üzərindən keçən ikinci önəmli "Şimal-Cənub" nəqliyyat marşrutu ilə yüklərin daşınmasında da artım dinamikası yüksəkdir. Keçən il bu dəhlizlə daşınan yüklərin həcmi 2023-cü illə müqayisədə 28 faiz artaraq 814 min ton təşkil etmişdir. Buna baxmayaraq, Azərbaycan partnyorları ilə yükdaşımaların potensialını yüksəltmək üçün zəruri tədbirlər görməkdə davam edir. 

  

Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!