Dekabrın 25-də Rusiya səmasında hərbi təcavüzə məruz qalan, bunun nəticəsində Qazaxıstanın Aktau şəhərinin hava limanına yaxınlaşarkən qəzaya uğrayan Azərbaycana məxsus təyyarə ilə bağlı araşdırma dövlətimizin və şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Sərnişin laynerinin yerdən vurulduğunu sübut edən əsaslı dəlillər var və rəsmi Bakı həqiqətin tam ortaya çıxması üçün bütün lazımi tədbirləri görür. Dövlətin hadisəyə və sonrakı proseslərə çevik reaksiyası "Embraer-190" təyyarəsinin uğradığı faciənin bütün təfərrüatları barədə ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Prezident İlham Əliyevin hadisədən dərhal sonra hava limanında keçirdiyi müşavirə və dekabrın 29-da həlak olan ekipaj üzvləri ilə vida mərasiminin ardınca verdiyi geniş müsahibə, toxunduğu vacib məqamlar da bunu sübut edir.
Prezident İlham Əliyevin Rusiya səmasında vurulmuş təyyarəmizlə bağlı qətiyyətli və prinsipial yanaşması bir neçə amil baxımından ibrətamizdir. Birincisi ona görə ki, Azərbaycan lideri bütün dünyaya dövlət başçısının ekstremal hallarda öz xalqının müqəddəratını və dövlətinin mənafelərini necə qorumalı olduğunu əyani şəkildə nümayiş etdirir. Həm də qarşı tərəfdə hansı dövlətin, yaxud kimin olmasının fərqinə varmadan. İkincisi, Prezident İlham Əliyev bir daha dünya birliyinə rəhbəri olduğu ölkənin beynəlxalq hüquq və prinsiplərə sadiqliyini göstərir. Təyyarənin qara qutularının belə hallarda tətbiq edilən prosedurlara müvafiq olaraq istehsalçı ölkə - Braziliyada oxunması rəsmi Bakının siyasi iradəsinin nəticəsidir. Nəhayət, dövlət başçısının AZAL-ın həlak olmuş əməkdaşlarının vida mərasiminə gəlməsi və onları ən ali adla təltif etməsi onun hər zaman - həm sevincdə, həm də kədərdə xalqının yanında olduğunun növbəti göstəricisidir.
Hər zaman xalqının yanında olan lider
Prezident İlham Əliyevin MDB liderlərinin görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfərini yarımçıq qoyub vətənə dönməsi və Azərbaycan rəsmilərinin dərhal Qazaxıstana ezam edilməsi barədə göstəriş verməsi dövlət aparatının baş vermiş faciəyə çevik reaksiyasının təzahürüdür. Dövlətimizin başçısı hələ təyyarəsi səmada olarkən baş vermiş hadisə ilə bağlı prosesləri nəzarətə götürməyə müvəffəq olmuşdur. Hökumət rəsmilərinin Aktau şəhərinə ezam edilmələri və hadisə yerindən təfərrüatlı, ən əsası isə etibarlı məlumat əldə etmələri gələcək qərarların qəbulu prosesində olduqca vacib amil idi. "...Mən Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər", - deyən Prezident İlham Əliyev ötən il dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib.
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirakdan sonra dövlət televiziyasına verdiyi açıqlamada Prezident İlham Əliyev hərbi təcavüzə məruz qalan laynerin pilotlarının böyük qəhrəmanlıq göstərdiklərini bildirib: "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz".
Azərbaycana məxsus sərnişin təyyarəsinin silahlı təcavüz nəticəsində Qazaxıstan ərazisində insan tələfatı ilə nəticələnən qəza enişini qardaş qazax xalqı öz faciəsi kimi qəbul etmişdir. Təyyarənin Aktau limanına çatmamış yerə düşməsi nəticəsində alovlanması və iki hissəyə bölünməsi Qazaxıstan xilasedicilərinin, tibb işçilərinin və özünü köməyə yetirən sıravi vətəndaşların operativ reaksiyası olmasaydı, daha ağır fəsadlarla nəticələnə bilərdi. Bu hadisə xalqlarımızın və dövlətlərimizin bu kimi hallarda həmrəyliyinin bariz göstəricisidir. Türk birliyinin orta statistik vətəndaş tərəfindən bu şəkildə qəlbən qəbul edilməsi ölkələrimiz arasındakı dərin mənəvi bağların möhkəmliyindən xəbər verir. Bu reallığın ərsəyə gəlməsində həm Azərbaycan, həm də Qazaxıstanın dövlət başçılarının danılmaz əməyi var. Prezident İlham Əliyevin müsahibə zamanı Qazaxıstan dövlətinin və qardaş qazax xalqının fədakarlığını qeyd etməsi bunun əyani sübutudur: "Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər". Dövlətimizin başçısı qazaxıstanlı qardaş və bacılarımızın həmrəylik nümayişini yüksək dəyərləndirmişdir. Bu, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır: "Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar".
Qardaş dəstəyi
"Embraer-190" təyyarəsinin qara qutularının araşdırılmasından əldə ediləcək ilkin nəticələrin elanı yanvar ayının sonlarına gözlənilir. Təyyarəmizin qəzaya uğraması səbəblərinin obyektiv və tərəfsiz araşdırılması Azərbaycan dövlətinin iradəsi ilə yanaşı, həm də qardaş Qazaxıstanın prinsipial mövqeyinin göstəricisidir. Dövlət başçısı bu gərgin prosesdə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin rolunu xüsusi qeyd edib: "Mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar". Azərbaycan Prezidenti müsahibəsində xüsusi qeyd etdi ki, Qazaxıstan da öz növbəsində Dövlət Komissiyası yaratmışdır. Onlar da çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Cənab İlham Əliyev Prezident Tokayevə də başsağlığı verdiyini söylədi. Qəza nəticəsində altı Qazaxıstan vətəndaşı da həlak olmuşdu. "Yəni bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda bir sınaq məsələsi idi. Yəni bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi", - dövlətimizin başçısı xüsusi vurğuladı.
Azərbaycanın tələbi
Təcavüzə məruz qalan təyyarənin Azərbaycana məxsusluğuna baxmayaraq, Prezident İlham Əliyevin təmkinli və səbirli reaksiyası müdrik liderə xas olan davranışını əks etdirir. Dövlət başçısının reallığı tam göstərən etibarlı məlumatın əldə edilməsindən sonra sərgilədiyi mövqe Azərbaycanın beynəlxalq hüquq və prinsiplərə sadiqliyinin daha bir nümunəsidir. Təyyarənin kənar təsir nəticəsində qəzaya uğraması artıq faktdır və rəsmi Bakının istəyi bu cinayəti törətmiş şəxslərin məsuliyyətsizliyinə ədalətli qiymətin verilməsidir. Dövlətimizin başçısı bir məsələyə xüsusi diqqət yetirdi: "Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi".
Prezident İlham Əliyevin sözlərinə görə, aşkar faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır. "Yenə də deyirəm, "qara qutu"lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?" Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki, sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır" - bununla Azərbaycan lideri növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, hətta aşkar sübutlara baxmayaraq, dövlətimiz rəsmi nəticələrə əsasən qərar vermək niyyətindədir.
Bu kontekstdə Azərbaycanın Rusiyadan tələblərinin xüsusi anlamı və əhəmiyyəti var. Çünki biz demirik ki, təyyarə qəsdlə vurulub. Ancaq laynerin hərbi müdaxiləyə məruz qalması təsdiqlənərsə, bu cinayətə cavabdeh şəxslər öz cəzalarını almalıdırlar: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək". Müsahibədə qeyd edildi ki, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır.
"Biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik"
Azərbaycanın bir dövlət olaraq qazandığı beynəlxalq nüfuzunun və diplomatik qələbələrinin əsasında ədalət amili durur. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin söykəndiyi ən güclü amil tutduğumuz yolun həqiqətə əsaslanmasıdır. Torpaqlarımızın bütövlüyünə nail olmağımız və suverenliyimizi bərpa etməyimiz ona görə gerçəkləşmişdir ki, mövqeyimiz haqq və ədalətə söykənmişdir. Təyyarə qəzasının araşdırılması və gerçək səbəblərin müəyyən olunmasına münasibətimiz də ədalətdən irəli gəlir. Dövlət başçısının hadisə ilə bağlı reaksiyasında dəfələrlə ədalət amilinə müraciət etməsi rəsmi Bakının xarici siyasət ənənəsinin bariz göstəricisidir: "Qara qutu"lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var... Yəni bütün bu suallara hələ ki cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik".
"Bizdə olan məlumat həqiqətə əsaslanır"
Prezident İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşdü. Dövlət başçısı istintaqın hazırkı gedişatının Azərbaycan tərəfinin mövqeyini təsdiqlədiyini bir daha qeyd etdi. "Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi. Mən hələ ki cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik", - deyə dövlət başçısı vurğulayıb.
İlkin məlumatların olduğunu bildirən ölkə Prezidenti istintaqın başa çatmasından sonra tam məlumatın Azərbaycan ictimaiyyətinə çatdıracağını söylədi. Bir məqam xüsusi vurğulandı ki, Qroznı şəhərində "kavyor əməliyyatı", yəni hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən, hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kavyor əməliyyatı" deyirlər: "Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır", - bununla Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı öz qəti sözünü, mövqeyini bildirdi.
İradə ƏLİYEVA,
"Azərbaycan"