“Beynəlxalq ictimaiyyətlə Suriyadakı vəziyyət, oradakı yeni hakimiyyətdən nəyin tələb edildiyi ilə bağlı 10-11 gün danışıqlar apardıq. Ölkələrin həmfikir olduğu 4-5 məsələ ortaya çıxdı. Bunların arasında Suriyanın qonşuları üçün təhdid olmaması, bu ölkədə heç bir şəkildə terrora yer verilməməsi, xüsusilə İŞİD və PKK olmaqla, bu kimi təşkilatların orada fəaliyyət göstərməməsi, azlıqların can, mal və həyat təhlükəsizliyinin təmin edilməsi və bu insanların pis rəftara məruz qalmamaları, ölkənin torpaq bütövlüyü və vahidliyinin qorunması kimi məsələlər yer alır. Bu mövzular arasında Türkiyə üçün əsas olan iki məsələ var. Birincisi, biz Türkiyə olaraq 3,5 milyon suriyalı qardaşımıza ev sahibliyi edirik. İkincisi isə PKK-nın Suriyadakı varlığının necə sonlandırılacağıdır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfəri ilə bağlı mətbuata açıqlamasında bildirib.
Nazir Suriyada ilk növbədə yeni hökumətin qurulması, sonra isə ölkənin yenidən bərpası və bu sahədə ciddi addımların atılması məsələsinin vacibliyini vurğulayıb.
O bildirib ki, Türkiyədəki, eləcə də dünyadakı suriyalıların ölkələrinə geri dönməsi üçün Suriyada bərpa-yenidənqurma fəaliyyətləri təcili başlamalıdır və yeni hakimiyyət də bunun tərəfdarıdır. Ölkədəki keçmiş hakimiyyət tərəfdarlarının isə təşkilatlanmasının qarşısı alınmalıdır.
Yeni Suriya hakimiyyətinin PKK/YPG terror təşkilatına bir təklif irəli sürməsi və onların bunu qəbul etməməsi ehtimalı ilə bağlı sualı cavablandıran Fidan, belə olacağı təqdirdə bölgədə hərbi hərəkatın başladılacağını deyib.