08 Yanvar 2025 08:00
272
SİYASƏT
A- A+
BIZ AZƏRBAYCANLIYIQ!

BIZ AZƏRBAYCANLIYIQ!


* Vətəni vətən edən onun mərd oğul və qız övladlarıdır!

* Vətən igid və qeyrətli övladları sayəsində azad, abad, gözəl və qüdrətli olur!

* Vətən fədakar və qəhrəman övladları sayəsində bütün çətinlikləri dəf edir, müşkülləri aradan qaldırır, problemləri yoluna qoyur, düşməni diz çökdürür!

Torpağı  bərəkətli, iqlimi əlverişli, yeraltı və yerüstü sərvətlərlə zəngin, dənizli, güllü, çaylı-çəmənli, meşəli Azərbaycan öz övladlarından heç nəyini əsirgəməyib!

Onun isti qucağına övlad  sevgisi ilə sığınanları daim ana məhəbbəti, ana qayğısı, ana nəvazişi ilə əhatə edib!

Millətindən, dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq ona ana deyənlərin hər birini doğma balası sayıb, heç zaman heç bir fərq qoymayıb!

Həyatın müxtəlif sınaqlarından şərəflə çıxanları isə daim yüksək qiymətləndirib, mükafatlandırıb, hörmətli tutaraq xatirəsini əbədiləşdirib.

***

Ötən ilin son günləri baş verən sarsıdıcı  faciə haqqında rəsmi məlumatlar belədir:

25 dekabr 2024-cü ildə  Bakıdan Qroznıya uçan  "Azərbaycan Hava Yolları"na  (AZAL) məxsus  "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya səmasında  vurularaq zədələnmiş, hava limanına eniş edə bilməmişdir.

Onu yaxınlıqdakı aeroportlar da qəbul etməmiş, qəzalı vəziyyətdə olan təyyarə  Qazaxıstanın  Aktau hava limanına üz tutmuşdur!

Təyyarə aeroportun üç kilometrliyində eniş edərkən qəzaya uğramış, çoxsaylı insan tələfatı baş vermişdir.

Sankt-Peterburq   şəhərində keçiriləcək  MDB-yə üzv ölkələrin  dövlət başçılarının qeyri-rəsmi  Zirvə görüşündə iştirak etmək üçün  Rusiya Federasiyasına  səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş  təyyarə qəzası haqqında  məruzə edilmiş,  hadisədən xəbər tutan dövlət başçısı  dərhal geri dönərək Heydər Əliyev Beynəlxalq Aeroportunda  müşavirə keçirmiş, qəzanın nəticələrinin aradan qaldırılması və  hadisənin səbəblərinin araşdırılması üçün müvafiq göstərişlər vermişdir.

Prezidentin sərəncamı ilə  təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış  dövlət komissiyasının ilk  iclası keçirilmişdir.

Baş nazir Əli Əsədovun  rəhbərliyi ilə müvafiq qurumların da daxil edildiyi  dövlət komissiyası qəzanın səbəblərinin qısa müddətdə  araşdırılması,  həlak olmuş və xəsarət almış şəxslərin  ailələrinə müvafiq yardım göstərilməsi ilə bağlı zəruri addımlar atmışdır.

Yaralılara dərhal tibbi yardım göstərilmiş,  sonra onlar və  həlak olanlar xüsusi təyyarələrlə Bakıya gətirilmişdir.

Dünyasını dəyişənlər  torpağa tapşırılmış, yaralılar isə müalicə olunmaqdadır.

Ən nəhayət,  dekabrın 28-də Rusiya  Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan  Prezidenti İlham Əliyevə zəng vuraraq  baş vermiş faciə  ilə bağlı üzrxahlığını ifadə etmiş,  qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermişdir.

Telefon söhbəti zamanı  dövlət başçıları faciənin bütün təfərrüatlarının  ciddi və hərtərəfli araşdırılmasını, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə etmiş, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin  tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulamışlar.

Təyyarədə  37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan,  3-ü Qırğızıstan vətəndaşı olmaqla,  5 nəfər  heyət üzvü ilə birlikdə 67 nəfər olmuşdur.

Onlardan  38-i həlak olmuş, 29-u sağ qalmışdır.

*** 

Artıq  yerə salamat eniş  etməyəcəyi bəlli olan  "Embraer 190"da  azərbaycanlı da vardı, rus,  ləzgi, qazax və qırğız da.

Amma onların hamısı azərbaycanlı  sayılırdı!

* Çünki zədəli təyyarə Azərbaycana məxsus idi.

* Çünki onu  idarə edənlər  azərbaycanlı idilər.

* Çünki Azərbaycanda belə qəbul olunub: milli və dini  ayrı-seçkilik yoxdur, bir dam altında yaşayanların hamısı  azərbaycanlı  hesab olunur.

Azərbaycanlılar isə əqidələrinə və  vəzifə borclarına sadiq olurlar!

Azərbaycanlılar dostlarını, dar gündə onlara  sığınanları köməksiz qoymurlar...

Hətta  həyatları bahasına olsa da belə!

Azərbaycanda yaşayaraq  Azərbaycan tərbiyəsi alan, bu xalqın milli-mənəvi dəyərlərini öyrənərək mənimsəyənlər də  daim özlərini belə aparırlar!

Tariximizin yaxın günlərinin sınaqları bunu bir daha təsdiq etdi!

Mübariz İbrahimov da canını Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi, torpaqlarının işğaldan azad olunması uğrunda  döyüşlərdə fəda etdi!

Albert  Aqarunov da  əsl  azərbaycanlı kimi  döyüşdü!

İsgəndər  Aznaurov da düşmənə qarşı mübarizədə canından keçdi!

I və II Qarabağ müharibələrində ölümün üzünə dik baxaraq  cəsarətlə düşmən üzərinə  gedən, şücaət və qəhrəmanlıqlar göstərərək Azərbaycan adlı  vətənə məhəbbət və  sədaqətlərini sübuta yetirmiş minlərlə igid övladımız,  əsgər və zabitimiz, qazimiz var!

Milli  mənsubiyyət baxımından onlar  türk, talış, ləzgi, udi, saxur, ingiloy, rus sayılsalar da, əslində, hamısının  mahiyyətcə bir adı var:

AZƏRBAYCANLI!

Ölümə doğru uçan təyyarənin sükanı arxasında oturanlar da əsl azərbaycanlı idilər!

Ən dar məqamda sərnişinlərə  təsəlli, ürək-dirək və sağ qalmaq üçün  məsləhət verənlər də  azərbaycanlı idilər!

Hansı ölkə vətəndaşlığını  daşımasından asılı olmayaraq,  ölümə doğru uçan bu təyyarənin digər sərnişinləri də həmin məqamda azərbaycanlı sayılırdılar!

Kimin sağ qalacağı, kimin haqq dünyasına  qovuşacağı bəlli olmasa da  belə...

***

Deyirlər ki, insan doğulanda gələcək taleyi - dünyada nələr görüb, nələrə nail olacağı, nə qədər yaşayacağı və harada, nə zaman haqqın dərgahına qovuşacağı alnına yazılır.

(Təəssüf ki, indiyədək  "alın yazısı"nı oxumaq kimsəyə nəsib olmamışdır).

Bəzən cənab  Əzrayıl gələrək bir qrup adamı özü ilə məsləhət bildiyi yerə aparır...

Bu da bir qismətdir.

Bakıdan  Qroznıya uçan 67 nəfər sərnişindən 38 nəfərinin taleyinin son nöqtəsi isə eyni imiş.

Bu dəhşətli qəzadan sağ çıxan 29 nəfərin  "alın yazısı"nın  "dəyişməsi"ndə  isə  AZAL-a məxsus təyyarənin uçuş heyətinin fədakarlığı  mühüm  rol oynamışdır.

Qəhrəmanlıq səviyyəsinə yüksələn əsl fədakarlıq!

Heyətin  hər bir üzvü öz qorxusunu, öz ümidsizliyini mərdliklə içində dəf edərək sərnişinlər üçün  ümidə, xilas olacaqlarına inama çevrildi.

Üstəlik, təyyarənin içərisini  "kiçik Azərbaycan"a çevirərək, Azərbaycan xalqının milli-mənəvi  dəyərlərinə uyğun davranış nümayiş etdirdilər.

***

Hava gəmisinin kapitanı İqor Kşnyakin idi.

Həyatını sevib-seçdiyi peşəsinə - təyyarə pilotluğuna  həsr edən azərbaycanlı rus!

Ömrünün bir hissəsini  səmada keçirmişdi.

Təqaüdə çıxmasına az qalıbmış...

Amma heç cür təyyarədən və səmadan ayrılmaq istəmirmiş...

Elə ayrılmadı da...

Bütövlükdə 67 nəfərin hamısı xəyanətin, məkrin və qəddarlığın qurbanına çevrilmişdi.

İlkin araşdırmalar göstərir ki,  Azərbaycan təyyarəsi qəsdən, yaxud  bilməyərəkdən  raket hücumuna məruz qalaraq  "Pantsir - S1"  zenit-raket kompleksi tərəfindən vurularaq ciddi zədə alıbmış.

"Qəsdən, yaxud bilməyərəkdən"  ifadəsini  təsadüfən işlətmirik.

Ukrayna-Rusiya müharibəsi şiddətlə davam etməkdədir və hər iki tərəf bir-birlərinin başına göydən od ələməkdədir.

Amma ortaya məntiqi sual da çıxır:  Əgər Bakı-Qroznı reysində belə bir təhlükə vardısa, onda niyə hava məkanı mülki təyyarələrin uçuşuna  bağlanmayıb?!

Ən dəhşətlisi isə sonrasıdır...

Təyyarə vurulub və Qroznı hava limanına enə bilməyib!

Daha bir sual: Onda niyə  yaxınlıqdakı hava limanlarından birinə - Mahaçqala və ya Minvoda enişinin təhlükəsiz  təmini üçün  dərhal  zəruri tədbirlər görülməyib?!

Əksinə...

Xəyanət və qəddarlıq variantını isə hamıdan qabaq və hamıdan yaxşı təyyarənin kapitanı İqor Kşnyakin başa düşüb.

Təyyarə  digər  bir dövlətin ərazisinə - Qazaxıstanın Aktau hava limanına  yönləndirilib.

Üstəlik,  "radarlardan  itirilib", onunla radio əlaqəsi kəsilib...

Əslində, bu üsulla  gedər-gəlməzə göndərilib...

Lakin İqor Kşnyakin əsl komandir, əsl azərbaycanlı kimi  nə hiyləyə uyub, nə də tələyə düşüb!

Bütün mənəvi  və fiziki gücünü  səfərbər edib,  şər  qüvvələrə qarşı  mərdcəsinə mübarizə aparıb!

Başa düşüb ki,  "səhv"lərini düzəltmək  istəyənlər cinayətlərinin  izini Xəzərdə  itirmək niyyətindədirlər.

Odur ki, onları dənizə yönəldərək zədəli təyyarəni uzun yolda sulara  qərq etmək,  qara qutu ələ keçməsin  deyə  dənizin dibində  itirmək  tələsi qurublar! 

Təyyarədəki  67 nəfərin  də ən məlumatlısı İqor Kşnyakin  idi.

Çünki  təyyarənin də vəziyyətini, mənfur planın da  məqsədini  hamıdan gözəl   anlayır, yerə  sağ-salamat  enməyin mümkünsüzlüyünü yaxşı  başa düşürdü!

Amma emosiyaya qapılmadan, özünü itirmədən sükandan möhkəm yapışaraq  biliyi və təcrübəsi sayəsində mümkün olmayanı mümkün edərək təyyarəni quruya endirib!

Əsl qəhrəmanlara xas olan  xarakteri,  vəzifə borcuna  vicdanlı və  məsuliyyətli münasibəti ona bir an belə ruhdan  düşməyə,  ümidini itirməyə imkan verməyib!

Öz ölümünün labüdlüyünü  qəbul edən İqor Kşnyakin  ən az itki  verilməsinə çalışırdı.

Həm də təyyarənin Xəzərdə  bataraq faciənin sirrini özü  ilə aparmasına da  yol vermədi!

Təyyarəni suya endirəcəyi halda sərnişinlərin  sağ qalma  ehtimalının olmayacağını yaxşı bildiyindən özünü toparlayaraq  Aktau  hava limanının  lap yaxınlığına çatdıra bildi.

Xəzər üzərindəki 50 dəqiqəlik  "ölüm  uçuşu"nu 29 insanın  həyata qayıdışı ilə əvəz  edərək son səfərini  quruya enişlə başa çatdırdı.

Bu qəhrəmanlığı ilə, əslində, ölümsüzlüyə qovuşdu!

Həm də sübut etdi ki,  azərbaycanlı gəmi komandiri necə olur!

***

Heyət üzvlərinin ən cavanı  isə Aleksandr Kalyaninov idi.

Uşaqlıqdan atası kimi pilot olmaq arzusu vardı və oldu da.

Amma tale ona sevimli peşəsində çox çalışmaq imkanı vermədi.

31 yaşlı bu yaraşıqlı, gülərüz oğlan hələ subay idi...

Yəqin sevdiyi qız, gələcəklə bağlı xoşbəxt planları da varmış.

Sən öz saydığını say...

Kapitan həmkarı ilə birlikdə  sonadək təyyarənin sükanından  əl çəkmədi, sevimli komandirini hər iki dünyada tək qoymadı!

Axı Saşanın atası yox idi...

Əli indi-indi çörəyə çatırdı...

Fələyin  yazdığını mən poza bilsəydim əgər...

Kapitanla çiyin-çiyinə sonadək çarpışdılar,  axıradək mübarizə apardılar!

Ölümün  acığına 29 nəfəri ölümdən qurtardılar!

"Öldü" sözü heç yaraşmır  azərbaycanlı rus balası Aleksandr Kalyaninova...

Hər bir azərbaycanlının ürəyində özünə əbədi yurd saldı!

***

"Aslanın erkəyi, dişisi olmaz" - Azərbaycan atalar sözüdür.

Bu misal Hökumə Əliyevaya da aiddir!

Əsl  Azərbaycan gözəli idi...

Amma taleyi  doğulduğu Kəlbəcər rayonunun taleyinə bənzədi...

Həm döyüşdü, həm də...

"Məğlub oldu" deməyə adamın dili gəlmir!

Çünki Hökumə Əliyeva  mənən qalib gəldi!

Təyyarə zədələnəndən  sonrakı müddətdə daim salonda  oldu, insanlara  ürək-dirək verdi, düzgün yol göstərdi,  ümidlərinin itməsinə imkan yaratmadı.

Hökumə də bilirdi ki, təyyarədəkilərin hamısı, əslində, ölümə məhkumdur.

Yalnız  təsadüfən sağ qala bilərlər!

Amma o, ümidsiz təsadüfü ümidə çevirməyi bacardı, insanları təşvişə düşərək səhv etməkdən qorudu!

Sonadək gözlərinin içinə baxaraq təsəlli verdi:  "Hər şey yaxşı olacaq!" dedi.

Dediyinin bir qismi doğruldu,  ölümün pəncəsindən qurtaranlar da oldu!

Təəssüf ki,  Hökumə Əliyeva onların arasında deyildi!

Amma ölümdən güclü çıxmağı bacardı, adını qəhrəman Azərbaycan qadınlarının sırasına yazdıra bildi!

Bu məqamda  heyət üzvlərindən daha ikisinin  adını çəkmək istərdik: 

Aydan Rəhimli və  Zülfiqar  Əsədov!

Xoşbəxtlikdən taleləri digər ekipaj  üzvlərinin taleyindən fərqli oldu!

Yaralansalar da, sağ qaldılar!

Amma onlar da sonadək vəzifə borclarını vicdanla, fədakarcasına yerinə yetirdilər!

Tezliklə sağalmalarını, yenidən Azərbaycana  məxsus təyyarələrdə səmaya ucalmalarını arzu edirik!

***

Bir məqamı da qeyd etməyi vacib sayırıq:

Qazaxıstanlı  qardaşlarımız bu sınaqdan alnıaçıq çıxdılar!

Bizimlə əsl qardaş, dost olduqlarını əyani şəkildə nümayiş etdirdilər.

Həm də mərdliklə, cəsarətlə, qorxmadan, öz həyatlarını təhlükə qarşısına qoymaqla:

* Dərhal hadisə yerinə gəldilər.

* Yanan təyyarənin partlaya biləcəyinin mümkünlüyünü dərk etsələr də, geri çəkilmədilər, onun içərisindəki insanlara kömək üçün tərəddüd etmədən özlərini oda atdılar.

* Yaralılara dərhal ilkin yardım göstərərək yubanmadan  xəstəxanaya çatdırdılar.

* Tibb işçiləri yaralıların həyatını xilas etmək üçün  bütün bilik və bacarıqlarını əsirgəmədilər.

* Qan itirmiş insanlara köçürmək üçün tərəddüd etmədən, çağırış  gözləmədən növbəyə duraraq qanlarını verdilər.

* Ən nəhayət, hadisənin obyektiv və peşəkarlıqla araşdırılmasını təmin etməkdən ötrü Azərbaycanın təklifinə üstünlük verərək beynəlxalq komissiyanın təşkilinə dəstək verdilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev hadisə ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində  qazaxıstanlı qardaşlarımızın  fədakarlığını yüksək qiymətləndirdi:  "Qəza baş verən kimi  Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxarmağa başlamışdılar. Öz həyatlarını  risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər".

Onlar bu mövqe və əməlləri ilə əsl dost, qardaş, strateji müttəfiq olduqlarını ən çətin günümüzdə əməli işləri ilə sübuta yetirdilər.

***

Təyyarə qəzasında  həlak olanların hər biri bir evin çırağı idi.

O çırağı namərdcəsinə, qəddarlıqla söndürdülər.

Azərbaycan isə  bütün övladlarına sahib çıxdı, zəruri addımların hamısını atdı.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə  yaralılara dərhal qayğı göstərildi, Azərbaycandan tibb işçiləri göndərilərək müalicələri nəzarətə götürüldü.

Sonra ölkəyə gətirilmələri təmin edildi və hazırda müalicələri davam etdirilir.

Dünyasını dəyişənlər də el adəti ilə doğma yurdlarında torpağa tapşırıldılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ekipaj üzvlərinin yas mərasimində iştirak edərək doğmalarına başsağlığı  verdilər.

Bundan sonra cənab İlham Əliyev qəhrəmanlıq nümunəsi göstərən təyyarənin kapitanı İqor İvanoviç Kşnyakini, ikinci pilot Aleksandr Georgiyeviç Kalyaninovu və  təyyarə bələdçisi Hökumə Cəlil qızı Əliyevanı  Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif etdi.

Rusiya  Prezidenti V.Putinlə ikinci telefon danışığından sonra Prezident İlham Əliyev bir daha qətiyyətli  mövqeyini ortaya qoyaraq  atılacaq növbəti addımlar barədə  xalqımızı məlumatlandırdı: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi,  Rusiya  tərəfi  Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və  ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan  birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək.  Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani  davranışa əsaslanır".

***

Bəli, biz Azərbaycanlıyıq!

Azərbaycanın rəhbəri isə cənab İlham Əliyevdir!

Azərbaycan Prezidenti təyyarənin vurulması ilə bağlı özünün ədalətli, beynəlxalq hüquq və normalara əsaslanan qəti və dəyişməz şərtlərini açıq şəkildə  bəyan etdi!

İnanırıq ki, Azərbaycanın təkidi və qəti mövqeyi sayəsində beynəlxalq ekspertlərdən ibarət işçi qrupu əsl həqiqəti meydana çıxaracaq, bu qəddar faciədə əli olanlar öz cəzalarına çatacaqlar.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!