Qərar № 2/6
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran - Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əfqan Rahib oğlu 6 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin o, araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.
Ə.R.Məmmədov müraciətində göstərmişdir ki, onun hər hansı bir əmlakı (pay torpağı istisna olmaqla) və həmin əmlakla bağlı müqavilə üzrə gəliri olmamışdır. Bu səbəbdən işçi qrupunun verdiyi məlumat yanlışdır.
Dairə seçki komissiyası Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ə.R.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda birillik dövr ərzində gəlirlərinin olmadığını göstərmiş, ancaq işçi qrupunun araşdırması zamanı onun həmin dövrdə qeyri-sahibkarlıq fəaliyyətindən 396 manat gəlirinin olduğu aşkar edilmişdir.
Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir.
Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 7 yanvar 2025-ci il tarixli rəydə bələdiyyə üzvlüyünə namizəd Ə.R.Məmmədovun gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin qeyri-sahibkarlıq fəaliyyətindən 28.11.2023-cü il tarixindən 28.11.2024-cü il tarixinədək olan dövr üzrə 276 manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir.
Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Seçki Məcəlləsinin 216.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizədlər Seçki Məcəlləsinin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.
Göstərilənlərə əsasən müəyyən edilir ki, Ə.R.Məmmədovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, Ə.R.Məmmədovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtinaya dair 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda qeyd olunanları əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216.1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əfqan Rahib oğlunun 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
08.01.2025