"SOCAR Türkiyə"nin bu ölkədə yatırdığı sərmayənin həcmi 18,5 milyard dollara çatıb
"SOCAR Türkiyə" uzun illərdir ki, Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupudur. Belə ki, fəaliyyətə başladığı 2008-ci ildən ötən müddət ərzində şirkətin Türkiyəyə yatırdığı investisiya 18,5 milyard dollara çatıb. İnvestisiya xərcləri "Star" Neft Emalı Zavodu üzrə 6,7 milyard, TANAP üzrə 6,31 milyard, "Petkim" özəlləşdirməsi üzrə 2,04 milyard dollar təşkil edir. Azərbaycanın sərmayəsi ilə ərsəyə gələn şirkət 10 min nəfərdən artıq insanı işlə təmin edib.
32 şirkəti özündə birləşdirən "SOCAR Türkiyə"
Bu barədə məlumatı Azərbaycanın media nümayəndələri üçün İstanbulda keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov verdi. Diqqətə çatdırıldı ki, "SOCAR Türkiyə"yə 32 şirkət daxildir və onlar 3 qrupa bölünür. Şirkətlərin bir qrupu emal və neft-kimya üzrə fəaliyyət göstərənlərdir. Bunlara STAR NEZ, Petkim, SOCAR Petrol Ticarət, SOCAR Depolama, SOCAR Ar-İn və İnnovasiya, Azoil Petrolçuluq və SOCAR Dənizçilik kimi şirkətlər daxildir.
Digər bir qrupa təbii qaz paylayıcı, habelə qazın idxalı, qaz və elektrik enerjisinin topdan satışı üzrə fəaliyyət göstərən şirkətlər daxildir. Bunlar Bursaqaz, Kayseriqaz, SOCAR Enerji Ticarət, STDGYAŞ və BOS Enerji şirkətləridir. SOCAR Terminal və Petlim, SOCAR Fiber, SOCAR Broker, SOCAR Gəmi Agentliyi isə "SOCAR Türkiyə"nin başqa bir qrup müəssisələridir və onların hər biri "SOCAR Türkiyə"nin uğurlu fəaliyyətində mühüm paya sahibdir.
Egey zonasının ən böyük sənaye müəssisəsi
Yatırılan investisiyaların həcmindən də görünür ki, "Star" NEZ, TANAP və "Petkim" "SOCAR Türkiyə"nin ən böyük və aparıcı fəaliyyət sahələridir.
Mətbuat konfransında diqqətə çatdırıldı ki, 2018-ci ildən fəaliyyətə başlayan "Star" NEZ Türkiyədə tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır. Burada dizel, nafta, aviasiya yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal olunur. Zavodun 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1 faiz təşkil edib və elə həmin il Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18 faizini qarşılayıb. 2024-cü ilin sonundan etibarən isə zavodda xam neftin emal həcmi ildə 13 milyon tona çatdırılıb. Habelə STAR NEZ-in istehsal etdiyi illik nafta ilə Petkimin xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir.
STAR NEZ Türkiyənin ilk "Strateji İnvestisiya Təşviqi" Sertifikatına sahibdir və 2021-ci ildə Dünya İqtisadi Forumunun "Global Lighthouse Network" platformasına qoşulan ilk neft emalı zavodudur. Bu müəssisə Egey Zonası Sənaye Palatasının 2023-cü il üzrə 100 Ən Böyük Şirkət siyahısında birinci yerdə qərarlaşmışdır. İstanbul Sənaye Palatası tərəfindən hazırlanan "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" 2023 Araşdırmasında isə STAR NEZ üçüncü yeri tutub. Bunlardan başqa, STAR NEZ "Capital" jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini açıqladığı "Capital 500" siyahısında 2023-cü ildə 11-ci, Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli "FORTUNE 500 Türkiyə 2023 Araşdırması"nda yenə 11-ci yeri tutmuşdur.
"SOCAR Turkiyə"nin ölkədəki qaz biznesinə investisiyalarının ümumi həcmi 209 milyon dollar təşkil edir. Mətbuat konfransında bu barədə danışan Elçin İbadovun sözlərinə görə, "Bursagaz" qazpaylayıcı şəbəkəsinin uzunluğu 7703 kilometr, "Kayserigaz" qazpaylayıcı şəbəkəsinin uzunluğu 7118 kilometr təşkil edir. "Bursagaz"ın abunəçilərinin sayı 1,2 milyon, "Kayserigaz"ın abunəçilərinin sayı 700 mindir.
TANAP-la indiyədək 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edilib
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən 31 dekabr 2024-cü ilədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib. Mətbuat konfransında bu barədə danışan E.İbadov deyib ki, bu həcmin 30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib.
O həmçinin bildirib ki, TANAP-ın imkanları ildə 16 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur. 10 milyard kubmetr təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır.
Lakin texniki cəhətdən TANAP-ın ötürücülük imkanlarını ildə 30-32 milyard kubmetrə çatdırmaq mümkündür. "Bunun üçün əlavə boru kəmərinin tikintisi tələb olunmur, təkcə boruda təzyiqi artırmaq kifayətdir ki, bu da investisiya tələb edir. Avropa ölkələri tərəfindən hələ qərar (qaz kəmərinin ötürücülük qabiliyyətinin 2 dəfə artırılması ilə bağlı) qəbul edilməyib, hazırda layihə təhlil edilir", - deyə E.İbadov əlavə edib.
Qeyd edək ki, TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub qaz dəhlizi"nin mühüm hissəsidir. Regionun ən uzun (1811 kilometr) və ən böyük diametrli (56") təbii qaz kəməri olan TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır.
"Petkim" 48 ölkəyə ixracat həyata keçirir
"SOCAR Türkiyə"nin aparıcı müəssisələrindən olan "Petkim" Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir. Bu müəssisə 48 ölkəyə ixracat həyata keçirir. Bu barədə məlumat İstanbulda keçirilən mətbuat konfransında "SOCAR Türkiyə" Emal və Neft-Kimya Biznes Vahidinin rəhbəri və Petkimin baş direktoru Kənan Mirzəyev tərəfindən təqdim edilən "Master Plan"da yer alıb.
Qeyd olunub ki, "Petkim"in 15 əsas istehsal müəssisəsi 3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur. Bunun nəticəsidir ki, "Petkim" Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 10,8 faizini qarşılayır.
''Petkim'' son 5 ildə orta hesabla 2,6 milyon ton ümumi hasilat əldə edib. 2022-ci ilin sonunda isə müəssisə 6,5 milyard lirə ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb. 2022-ci ildə həyata keçirilən Planlı Əsaslı Təmir və Xlor Alkali & VCM qurğularının müvəqqəti dayandırılmasına baxmayaraq, müəssisə 2022-2024-cü illər arasında hər il orta hesabla 2,2 milyon ton məhsul istehsalına nail olub. Bu yüksək istehsal həcmini ''Değer Benim'' kimi dəyər yaratma platformaları, rəqəmsallaşma və neft emalı neft-kimya inteqrasiyası kimi əsas elementlər sayəsində qazanıb. Bərpaolunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə "Petkim Külək-Elektrik Stansiyası" istifadəyə verilib.
Onu da qeyd edək ki, Petkim 2020-ci ildə Dünya İqtisadi Forumunun "Global Lighthouse Network" platformasına seçilib. 2023-cü ildə isə Türkiyə İxracatçılar Məclisinin "Ən Yaxşı 1000 İxracatçı" siyahısında 40-cı yeri tutub, Egey Zonası Sənaye Palatasının "100 Ən Böyük Şirkət" siyahısında üçüncü yeri tutub, Egey İxracatçıları Birliklərinin "2023 İxracatın Ulduzları" siyahısına görə isə həm ümumi, həm də kimya kateqoriyasında birinci olub. Bunlardan başqa, "Petkim" İstanbul Sənaye Palatasının hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb, "FORTUNE 500 Türkiyə 2023" araşdırmasında 36-cı yeri tutub. "Capital" jurnalının hər il nəşr etdiyi və Türkiyənin ən böyük şirkətlərini siyahıya alan "Capital 500" siyahısında isə 2023-cü ildə 48-ci yerdə qərarlaşıb.
"SOCAR Türkiyə" öz nümunəvi fəaliyyəti ilə Türkiyə iqtisadiyyatına böyük töhfələr verir. Ən əsası odur ki, şirkət öz uğurları ilə Azərbaycanın adını yüksəldir. Lakin "SOCAR Türkiyə" bu müvəffəqiyyətlərlə kifayətlənmək fikrində deyil. Bunu şirkətin 5 illik strateji hədəfləri də təsdiq edir. Yüksəksəviyyəli inteqrasiya olunmuş emal və neft-kimya şirkəti olmaq, təbii qaz və elektrik təchizatında fasiləsiz və səmərəli xidməti təmin etmək, korporativ dəyərini artırmaq, dəyər yaratmağa davam etmək, dayanıqlılıq və gələcəyin enerjisi ilə böyümək "SOCAR Türkiyə"nin qarşıya qoyduğu hədəflərdir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Bakı-İstanbul-Bakı