Məkrli neokolonial siyasətin təzahürü
Qərbdə formalaşdırılmış antiazərbaycançı kampaniyaya başçılıq edən Fransa prezidenti Emmanuel Makron yeni ilin ilk həftəsində ölkəmizə siyasi hücuma keçməklə Azərbaycana olan qərəzindən heç cür əl çəkmək niyyətində olmadığını göstərdi.
Yanvarın 6-da səfirlər konfransında Azərbaycanla bağlı ittihamlarla dolu çıxış edən Makron guya Fransanın son aylarda, xüsusilə də yeni Kaledoniyada, Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qaldığını iddia edib.
Daha sonra o əlavə edib: "Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür".
Ancaq Azərbaycana qarşı absurd ittihamlar səsləndirən siyasi məddah Makron hələ də anlamır ki, beynəlxalq hüquq və Ermənistan sözlərinin yan-yana işlənməsinin özü belə beynəlxalq hüquqa yumşaq ifadə etsək, təhqirdir. Çünki Ermənistan üç prezidenti qatil olan, etnik təmizləmə həyata keçirən, işğalçılıq siyasəti yürüdən, faşist ideologiyalı monoetnik dövlətdir. Və bütün bunlar qətiyyən ittiham, iftira deyil: qondarma dövlət Ermənistana vaxtilə ard-arda rəhbərlik etmiş prezidentlər Levon Ter-Petrosyanın, Serj Sarkisyanın, Robert Köçəryanın özlərinin həyasızlıqla dilə gətirdikləri etiraflardan irəli gələn nəticələr, təkzibolunmaz faktlardır.
"Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz"
Əslində Emmanuel Makronun vaxtaşırı Azərbaycanı hədəf alan çıxışlar etməsi, əlinin altındakı ruporlar vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparması, Avropa Parlamenti kimi korrupsiya yuvasına çevrilmiş riyakar qurumlarda qərəzli qətnamələr qəbul etdirməsinin altında yatan səbəblər gün kimi ortadadır. Nədən ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanı siyasi, diplomatik, hərbi, informasiya sahəsində darmadağın edəndə Fransa "bacılığı"nı meydanda tək qoydu. Dünya erməniliyi də gördü ki, əslində neçə illərdir havayı yerə Fransaya bel bağlayıb milyardlarını yedizdirib və buna görə hələlik o qədər üzə vurmasa da Makrondan incik düşüb. Yəni erməni lobbisinin Makronun ciblərinə axan pulları getdikcə azalır. Digər tərəfdən Azərbaycan torpaqlarını işğaldan azad etməsi və suverenliyini tam təmin etməsi ilə bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri də Cənubi Qafqazı koloniyasına çevirmək niyyətində olan Fransanın regiondan qovulmasıdır. Parisin sülh danışıqlarında tərəf kimi iştirak etmək və bu vasitə ilə hansısa bir şəkildə bölgədə varlığını sürdürmək cəhdləri də puç oldu. Riyakar Makron sülh yox, daha çox ona mane olmaq istiqamətində səy göstərirdi. Həmçinin Vətən müharibəsindən sonra Fransa açıq şəkildə Ermənistanı silahlandırmağa başladı. Bu zərərli tendensiya hələ də davam etdirilir. Ermənistan Fransanın qızışdırması ilə real sülhdən yayınaraq müharibə iştahasına düşür. Ancaq hadisələrin bu yöndə inkişafı ilk başda İrəvana, sonra isə ona havadarlıq edənlərə yaxşı heç nə vəd etmir.
Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, "Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər", - deyən Prezident İlham Əliyev qeyd etdi ki, onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcəklər.
Dövlətimizin başçısı onu da qəti şəkildə bildirdi ki, bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz: "Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq".
Real faktları təhrif edən təxribat dolu açıqlamalar
Fransa XXI əsrdə də neokolonial siyasət həyata keçirir. Dənizaşırı əraziləri müstəmləkəsi altında saxlayan bu "demokratik" ölkə xalqların azadlıq səsini qanla boğmaqdan belə çəkinmir. Azərbaycanın beynəlxalq səviyyədə Fransanın müstəmləkə siyasətini ifşa etməsi isə təbii ki, Makronun xoşuna gəlmir. Buna görə də Fransa prezidenti apardığı yarıtmaz və qanlı siyasətin izlərini beynəlxalq ictimaiyyətin gözündən yayındırmaq, diqqətləri başqa istiqamətə yönləndirmək üçün Azərbaycana qarşı yalan və böhtanlardan ibarət ittihamlar səsləndirir.
Yanvarın 6-da E.Makron tərəfindən səsləndirilən absurd ittihamlara Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də sərt reaksiya verilib. XİN-dən bildirilib ki, Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir: "Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik".
O da qeyd olunur ki, Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir.
Göründüyü kimi, Makron yarıtmaz siyasi fəaliyyətinin yaratdığı acı nəticələrdən dərs çıxarmaq əvəzinə yeni səhv addımlar atır. Bunlardan ən böyüyü isə Cənubi Qafqazın lider ölkəsi, dünyada söz və yüksək nüfuz sahibi olan Azərbaycana dil uzatmasıdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"