Builki sosial paketdən 3 milyon vətəndaşımız bəhrələnəcək
Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları, rifahı dayanır. Prezident İlham Əliyev hələ neçə il bundan əvvəl bildirmişdi ki, ölkənin iqtisadi gücü artdıqca insanların sosial müdafiəsi daha da güclənəcək, onların maddi rifah halına daha çox vəsait ayrılacaq. Hər sahədə verdiyi vədə sadiq qalan, sözü də imzası qədər etibarlı olan Prezidentimiz bunu sosial paketləri ilə də bir daha sübut edib.
Artıq 2025-ci ilin sosial paketinin icrasına start verilib. Bu aydan bır sıra artımlar qüvvəyə minib. Xatırladaq ki, dövlət başçısı keçən il dekabrın 23-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. Bu da dövlətin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Həmin sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti bu il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim edəcək. Qeyd edək ki, 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Artım dinamikası bu il də davam edəcək. Sərəncamla həmçinin dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin olunacaq.
Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin (VTC) ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
Sözügedən sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insana aid olacaq. Onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri məhz maaş artımlarıdır: "Bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də VTC-nin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları da təxminən bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq.Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçən il noyabrın19-da Milli Məclisdə çıxış edərkən bir daha vurğulayıb ki, həyata keçirilən dövlət siyasətinin əsas məqsədi əhalinin rifahının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu baxımdan dövlət büdcəsində sosialyönlü xərclər prioritet təşkil edir. Bu xərclər büdcənin 41 faizini əhatə edir və 16,9 milyard manat məbləğində müəyyənləşdirilib. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə bu ilin büdcəsi keçən ilin büdcəsindən 1 milyard manat artıq olmaqla 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri üzrə 4,8 milyard manat vəsait nəzərdə tutulub. Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi kimi tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına keçən ildən 368 milyon manat çox olaraq 1,6 milyard manat vəsait ayrılıb.
Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri keçən illə müqayisədə 727 milyon manat və ya 11 faiz çox olacaq, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri isə keçən illə müqayisədə 10 faiz artıq olmaqla 260,7 milyon manat təşkil edəcək.
Bütün bunlar isə güclü iqtisadiyyatdan qaynaqlanır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində makroiqtisadi göstəriciləri xatırladaraq bildirmişdir ki, həm borcumuzu azaltmışıq, həm də ehtiyatlarımızı artırmışıq: "Bu imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır".
Flora SADIQLI,
"Azərbaycan"