Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,
Vey sərv, nə xoş can alıcı işvələrin var!
Acıtdı məni acı sözün, tünd nigahın,
Ey nəxli-məlahət, nə bəla təlx bərin var!
Peykanları ilə doludur çeşmi-pürabım,
Ey bəhr, sanırsan sənin ancaq göhərin var?!
Ol səngdilə naleyi-zarın əsər etmiş,
Ey dil, sənə bu zövq yetər, ta əsərin var.
Eşq içrə könül, demə ki, mən bixudəm ancaq,
Ey qafil, özündən sənin ancaq xəbərin var.
Çox baxdığına qəmzə ilən bağrın əzərsən,
Hər kimə ki, baxmazsan, onunla nəzərin var.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş,
Sən həm özünü göstər, əgər bir hünərin var.
***
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,
Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Ciyərim dağinə mərhəm bulamadım səndən,
Necə ah eyləməyim, ah yanıbdır ciyərim.
Dedi ol yar səhər vəqti gəlim, leyk nə sud,
Vəqt məlum deyil, şam ilə birdir səhərim.
Ey xoş ol şam ki, bixud gedəyim kuyinə sübh,
Neylədim onda deyə qeyrdən alım xəbərim.
Düşməzəm könlünə, yəni olubam öylə zəif,
Dərdi-eşqinlə ki, güzgüdə görünməz əsərim.
Neçə min aşiqə ancaq bir ox atdın, demədin
Ki, düşər bir-birinə bir neçə üftadələrim.
Ey Füzuli, dura məndən ala təlimi-vəfa,
Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim.
***
Yenə ol mah mənim aldı qərarım bu gecə,
Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.
Şəm vəş məhrəmi-bəzm eylədi ol mah məni,
Yanacaqdır yenə eşq oduna varım bu gecə.
Həm visali vurur od canıma, həm hicranı,
Bir əcəb şəm ilə düşdü sərü karım bu gecə.
Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər
Hicr dağini vurur laləüzarım bu gecə?
Sübhə saldı bu gecə şəm kimi qətlimi hicr,
Ola kim, sübh gəlincə gələ yarım bu gecə.
Parə-parə ciyərim itlərinə nəzr olsun,
Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.
Var idi sübh visalinə, Füzuli, ümmid,
Çıxmasa həsrət ilə cani-fikarım bu gecə.
***
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.