Elm bir nurdursa, alim ziyadır. Görünür, elə bundandır ki, xalqımız üçün alimlə ziyalı anlayışları hər zaman eynilik təşkil edib. Antik çağların ən müdrik simalarından olan Aristotel hesab edirdi ki, "elmdə irəli gedib mənəviyyat sarıdan geri qalanlar, əslində, irəliləmir, geriləyir". Həqiqətən də, alim elmin dərinliklərinə vardıqca sanki cəmiyyətlə, çevrəsi, xalqı ilə daha da yaxınlaşır. Əsl ziyalı missiyası da elə bundan ibarətdir.
Ömrünün 65-ci ilinə qədəm qoyan hüquq elmləri doktoru, professor Alış Qasımov xalqımızın belə ziyalılarındandır. Ədalətə tapınan, cəmiyyət tərəfindən hörmət edilən, sayılıb-seçilən, sözünün dəyəri, nəsihətinin çəkisi olan Alış müəllim həm zəngin elmi təcrübəyə malik alim, həm də xalqının düşünən vətənpərvər ziyalısıdır. O, söhbətlərində ziyalının missiyasına toxunaraq deyir: "Ziyalının qəlbi həmişə xalqı ilə, onun uğurları və dərd-səri ilə döyünməlidir. Hər hansı bir toplumun ən çətin anında çıxış yolunu onun elmli, savadlı nümayəndələri, ziyalıları arayırlar. Çünki cəmiyyəti narahat edən problemləri də, mürəkkəb və bəzən çıxılmaz olan vəziyyətdən döndərmək yolunu da ən yaxşı bilən həmin toplumun ziyalıları olur".
Yaxın tarixə nəzər salsaq görərik ki, müstəqil dövlətimizin belə həssas məqamları, taleyüklü anları çox olub. Bugünkü rifahımıza, firavan həyatımıza, yurdumuzu illərlə işğal və tapdaq altında saxlayan düşmən üzərindəki qələbəmizə doğru ilk addımı məhz Azərbaycanın vətənpərvər elm adamları, ziyalıları atıblar. Cəmiyyətin nəbzini tutan, mövcud gedişatı görüb duya bilən, qanımız bahasına nail olduğumuz müstəqilliyimizə baha başa gələ biləcək hadisələri görən ziyalılarımız Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət edib yenidən hakimiyyətə qayıtmaq üçün ilk addımı atmaq məsuliyyətini də öz üzərlərinə götürüblər. Hazırkı firavan həyatımızın əsası bu taleyüklü qərara imza atılandan qoyulub...
"Ziyalı gerçək vətənpərvərdir, - deyir Alış müəllim. - Ziyalıya hörmət edə bilməyən xalqın firavan həyat eşqi, rifah dolu gələcək arzusu əbəsdir. Bunları biz yox, hələ əsrlər əvvəl dahi mütəfəkkirlərimiz deyiblər. Alim hər bir cəmiyyət, onun elmi, təhsili, bu günü və sabahı üçün çalışmalıdır. Bu bir ölçü vahididir, lütfdür".
Alış Qasımov gözəl hüquqşünas, qanunlarla işləyən və hüquq elmini ən yaxşı tədqiq edən alimlərdəndir. Yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ünlü keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı ilk növbədə onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Professor Alış Qasımov da həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
O, 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad qəsəbəsində dünyaya göz açıb. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olub, 1988-ci ildə ali təhsilini hüquqşünaslıq ixtisası üzrə bitirdikdən sonra Bakı Dövlət Universitetində işə dəvət alıb. 1989-cu ildə Hüquq fakültəsində fəaliyyətə başlayan A.Qasımov dekanlığın metodisti, baş metodisti, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, professoru, Hüquq fakültəsinin dekan müavini, Əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifələrində çalışıb.
1991-ci ildə A.Qasımov BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının doktorantı olmuş, 1994-cü ildə vaxtından əvvəl "Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi" mövzusunda namizədlik, 2003-cü ildə "Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarına əsasən dosent, 2010-cu ildə isə professor elmi adı almışdır. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir.
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Bu nöqteyi-nəzərdən alim təkcə elmi nailiyyətləri deyil, bir ziyalı olaraq xalqın gələcək savadı, dövlətin elmi potensialı barədə düşünməli, bu ümummilli məsələyə öz töhfəsini verməyi bacarmalıdır. Zəngin pedaqoji və müəllimlik təcrübəsi olan professor A.Qasımovu təhsil ocaqlarındakı auditoriyalarda fərqləndirən ən mühüm cəhət tələbələri ilə səmimi ünsiyyəti və mühazirələri ilə yadda qalmasıdır. Onun auditoriya diapazonu çox genişdir. Pedaqoji fəaliyyətinin əhatə dairəsi təkcə "Əmək hüququ", "Əmək hüququnun müasir problemləri", "Əmək mübahisələri və onların həlli faydası"ndan oxuduğu mühazirələrlə məhdudlaşmır. O, tələbələrinə müasir hüquq elminin ən yeni nailiyyətlərindən danışarkən azərbaycançılıq ideologiyasından, əqidə, mövqe möhkəmliyindən misallar gətirərək mühazirələrini daha da zənginləşdirir.
A.Qasımov pedaqoji fəaliyyəti ilə yanaşı, təhsilin müasir trendlərindən məlumatlılıq, bu sahədə baş verən yeniliklərin nəbzini tutmaq məqsədi ilə dərsliklərin, dərs vəsaitlərinin, elmi monoqrafiyaların ərsəyə gəlməsi ilə də məşğuldur. 420-dən çox elmi əsərin, 3 dərsliyin, 14 dərs vəsaitinin, 19 monoqrafiyanın, 243 elmi məqalənin, 17 kitabın, 4 metodik vəsaitin, 24 tezisin, 150-dən çox qəzet məqaləsinin, 95-ə yaxın tədris proqramının müəllifidir. Professorun əsas məqsədi öz biliklərini hüquq elminin, əmək hüququnun müasir tendensiyalarını nəzərə almaqla yetişən yeni nəsil mütəxəssislərə ötürməkdir.
Əsərlərinin bir çoxu xarici ölkələrdə çap olunan və Azərbaycanın hüdudlarından kənarda da nüfuz qazanan Alış müəllim həm də 113 əsərin elmi redaktoru, 85 elmi əsərin rəyçisidir. Onun rəhbərliyi altında 75-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 7 hüquq üzrə fəlsəfə doktoru hazırlanmışdır, hazırda fəlsəfə doktoru proqramı üzrə 4 doktorantın elmi rəhbəri, elmlər doktoru proqramı üzrə 2 doktorantın elmi məsləhətçisidir.
Professor A.Qasımov kimi ziyalılarımızın keçdikləri ömür yoluna baxdıqda əsl alim üçün bu dünyada iki qiymətli sözdən - elm və zəhmətdən yüksəkdə heç nəyin durmadığına əmin olursan. Qələmə aldığı əsərlərlə elə ilk tanışlıqdan bunların hansı gərgin əməyin hesabına başa gəldiyini anlayırsan. Onun yazdığı kitablarda, dərsliklərdə, məqalələrdə təkrarçılığa, bəsit arqumentlərə, səthi münasibətlərə rast gəlmək mümkün deyil. Alış müəllimin özünə və işinə qarşı tələbkarlığı, əsl alim məsuliyyəti dövlətimiz və cəmiyyətimiz tərəfindən təqdirəlayiq hesab edilmiş və qiymətləndirilmişdir. Hüquq elmləri doktoru professor A.Qasımov 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2009-cu ildə "Tərəqqi" medalı, 2010-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xüsusi medalı, 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 2014-cü ildə BDU üzrə "İlin alimi" fəxri adı, 2015-ci ildə "Qızıl qələm" mükafatı, 2016-cı ildə "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı, 2019-cu ildə "Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)" yubiley döş nişanı, 2021-ci ildə "Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi (1920-2020)" yubiley döş nişanı ilə təltif olunmuşdur.
Alış Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Vahid Elmi-Metodiki Şurasının "Dövlət və Hüquq bölməsi"nin katibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Elmi-Məsləhət Şurasının, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin nəzdində Hüquq elmləri üzrə Problem Şurasının üzvü olmuşdur. O, Rusiya Hüquq Elmləri Akademiyasının, Rusiya Əmək Hüququ və Sosial Təminat Assosiasiyasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının Elmi Xəbərləri, "Qanun", "Rusiyada və xaricdə əmək hüququ (Trudovoe pravo v Rossii i zarubejom, Moskva)", "Rusiya qanunvericiliyində boşluqlar (Probelı v Rossiyskom zakonodatelğstve, Moskva)", "Əmək və sosial hüquq (Trudovoe i soüialğnoe pravo, Minsk)" elmi jurnallarında redaksiya heyətinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Əsl ziyalı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir əqidənin daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur, tutduğu yolla onun rəyinə hörmət bəsləyənlərə, o cümlədən tələbələrinə düzgün yol göstərməyə çalışır. Bu mənada Alış Qasımov əqidə adamıdır. O, hər zaman dövlətinin daha da qüdrətlənməsini istəyir. Cəmiyyətimizdə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyətinin bərqərar olmasına, yüksək siyasi mədəniyyətin formalaşmasına çalışır. Alim fəhmi ilə duyur ki, bütün bu amallara yetişməyin yeganə yolu davamlı inkişaf mühitinin qorunub saxlanılmasından, insanların maarifləndirilməsindən, xalqın birdən-birə inqilabi sıçrayışla deyil, sosial təkamül yolu ilə öz hədəflərinə doğru irəliləməsindən keçir. Bu isə Azərbaycan xalqının Ümummilli Liderinin müəyyən etdiyi siyasi inkişaf kursudur.
Xalqını sevən əsl ziyalı istənilən cəmiyyətdə mütləq halda dövlətinin aqibətini düşünməli, baş verən ictimai-siyasi proseslərdən kənarda qalmamalıdır. Bu onun həm vətənpərvərlik borcudur, həm də xalqın ziyalıdan gözləntisidir. Azərbaycan xalqı hər zaman böyüyün, ağsaqqalın, təhsilli, elmli adamın sözünə hörmət qoyub, dəyər verib. Bu baxımdan hüquq professoru A.Qasımovun ictimai həyatımızdakı fəallığı iki amillə izah oluna bilər: birincisi ziyalılığı ilə, ikincisi isə cəmiyyət qanunlarını, cəmiyyətdəki davranış və problemləri tənzimləyən sahəni - hüququ təmsil etdiyinə görə. Bütün bunlarla yanaşı, olduqca vacib digər faktoru - əqidə və prinsipiallığı da nəzərdən qaçırmamalıyıq.
Tanınmış elm xadimi Alış Qasımov özünü cəmiyyətdən, xalqının həm uğurları, həm də ağrılı-acılı günlərindən kənar tutmayan, daim dövlət və dövlətçilik mövqeyində olan dəyərli ziyalılarımızdandır. O, ölkədəki ictimai-siyasi sabitliyin, hüququn aliliyinin bütün maneələrin aşılması, istər iqtisadiyyat, istərsə də sosial həyatdakı ən xırda problemin belə çözülməsi üçün yeganə, optimal yol olduğuna əmindir.
Yüksək peşəkarlıqla qələmə aldığı kitablara, məqalələrə nəzər salanda onun həm də siyasi proseslərin inkişaf məcrasını düzgün dəyərləndirən və dərin fəlsəfi-analitik təhlil süzgəcindən keçirən, Azərbaycanın qazandığı uğurlara qəlbən, ruhən sevinən vətənpərvər ziyalı olduğunu görürsən. Bu məqamda əsl ziyalı üçün səciyyəvi olan daha bir keyfiyyətin - siyasi baxışları aydın, dürüst və əsaslandırılmış şəkildə ifadə etmək bacarığının Alış Qasımovda qabarıq sezildiyini də xüsusi vurğulamaq lazımdır.
Məhz bu səbəbdən də professor A.Qasımov özünü həmişə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqillik platformasında azərbaycançılıq məfkurəsinin ayrılmaz hissəsi olaraq hiss edib. O, Ulu Öndərin respublikaya rəhbərliyi dövründə, həm də onun siyasi kursunu layiqincə davam etdirən, qədim və zəngin tarixi olan Azərbaycan dövlətçiliyini modernləşdirib dünya dövlətləri ailəsində qürurla təmsil edən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəldən, xalqımızın yüksək rifahı naminə çalışan və ən nəhayət, qurduğu güclü orduya rəhbərlik edərək işğal altında olan torpaqlarımızı geri qaytarıb suverenliyimizi bərpa edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti illərində dövlətin yanında, dövlətçiliyi hər şeydən üstün tutan ziyalılarımızın sırasında olmuşdur.
Professor Alış Qasımov bir hüquqşünas alim kimi o ziyalılardandır ki, cəmiyyətin ictimai həyatında aktiv fəaliyyət göstərməklə yanaşı, ömrü və peşəkar həyatı boyu əldə etdiyi nailiyyətləri bölüşməyin, qazandığı bilikləri yeni nəslə ötürməyin dövlət anlayışının davamlılığı və sabitliyi üçün mühüm faktor olduğunun məsuliyyətini yaxşı anlayır. Məhz bu səbəbdən o özünün elmi və pedaqoji fəaliyyətində tələbələrinin sözün əsl mənasında, yüksəksəviyyəli təhsil almalarına, elmi biliklərə dərindən yiyələnmələrinə böyük önəm verir.
Hüquq elmləri doktoru professor Alış Qasımov elmimiz, təhsilimiz, ümumiyyətlə, xalqımız üçün etdiklərinin hamısını özünün vətəndaşlıq borcu hesab edir. Azad düşüncə, vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar onun tərcümeyi-halıdır. O, üzərinə düşən hər bir işə ağır yük kimi deyil, məsuliyyətlə, nəhayətsiz sevgi ilə yanaşır. Davranışları ilə hər zaman bu mövqedə qərar tutmağa çalışır. Xalq məhz belə ziyalıları ilə milli hədəflərə doğru irəliləyir.
Həyatı elmə bağlı olan professor Alış Qasımov bundan sonrakı fəaliyyətində daha böyük uğurlara imza atacaq.
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru