İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti sayəsində Azərbaycan bütün milli hədəflərə çatır
Uğurlu idarəçiliyi təmin edən əsas faktorlardan biri hakimiyyətin öz fəaliyyəti və hədəflədiyi məsələlər barədə ölkə ictimaiyyətinə məlumatların, hesabatların verilməsidir. Bütün bunları öz idarəçilik konsepsiyasında əsas prinsiplərdən biri kimi müəyyənləşdirmiş Prezident İlham Əliyev hər bir məsələdə xalqın məlumatlandırılmasını zəruri hesab edir. Bu baxımdan Prezident İlham Əliyevin artıq ənənəyə çevrilən televiziya kanallarına müsahibələri də respublikamızın uğurları, geridə qalan ilin yekunları ilə bağlı vətəndaşlara verilən hesabatın mükəmməl vasitəsidir.
2024-cü il iqtisadi inkişaf baxımından uğurlu dövr oldu
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanda iqtisadi sferada gedən inkişaf proseslərinə, əldə olunan uğurlara, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə, Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövcud vəziyyətə, xarici siyasət və digər məsələlərə nəzər salındı. Ümumilikdə isə dövlət başçısının hər bir suala cavabı ondan xəbər verdi ki, Azərbaycan dövləti öz yolu ilə inamla addımlayır, qarşıya qoyulmuş bütün vəzifələr tam yerinə yetirilir.
Azərbaycanın yüksəlişinin ən mükəmməl nümunələrindən biri iqtisadi sferada gedən proseslərdir. Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən düşünülmüş iqtisadi siyasəti ötən dövrdə bu sahədə sürətli inkişafı təmin edib. Bunun nəticəsidir ki, bir neçə il əvvəl dünyada baş verən iqtisadi böhranlar zamanı da Azərbaycanda ciddi çətinlik yaşanmamışdı. Son illərdə isə respublikamız iqtisadi müstəvidə yeni müsbət göstəricilərə nail olur. Bu mənada Prezident İlham Əliyevin müsahibəsində 2024-cü ilin iqtisadi göstəriciləri ilə bağlı açıqladığı statistik rəqəmlər göstərir ki, iqtisadi artım davamlı və dayanıqlıdır. Ötən il ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm göstəricilərdir. "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər", - deyə Prezident İlham Əliyev bildirib.
Uğurlu inkişafın nəticəsidir ki, bu ildən minimum əməkhaqqı və minimum pensiya artırıldı. O cümlədən dövlət büdcəsinin xərcləri 41 milyard manatdan çox oldu.
20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı planlaşdırılır
Artıq neçə ildir ki, Azərbaycanın əsas milli hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Ötən 4 ildə bu istiqamətdə böyük işlər görülüb. Şuşa, Laçın, Füzuli, Xocalı, Cəbrayıl şəhərlərinə, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Xocalının Ballıca, Tərtərin Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu proses davam edir.
2025-ci il isə keçmiş məcburi köçkünlərin qayıdışı baxımından növbəti uğurlu mərhələ olacaq. Bununla bağlı qarşıdakı planlar barədə məlumat verən Prezident İlham Əliyev 2025-ci ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşacağını bəyan etdi: "Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas infrastruktur layihələri bir-iki ilə başa çatdırılacaq. Ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Bu da onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi sürətli və davamlıdır.
Ötən il Azərbaycan üçün qlobal səviyyədə nailiyyətlərlə zəngin olub
Prezident İlham Əliyevin müsahibəsində cavablandırdığı məsələlər həm də ölkəmizin qlobal siyasi uğurlarını əhatə etdi. Məlum olduğu kimi, ötən ilin noyabrında Bakıda dünyanın ən mötəbər tədbirlərindən olan COP29 keçirildi. Bu tədbir Azərbaycanın növbəti beynəlxalq uğuruna çevrildi, respublikamızı dünyaya daha yaxından tanıtdı. "Mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə bu, əlbəttə ki, fərqli təəssürat yaradır. Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur", - deyə Prezident İlham Əliyev müsahibəsində bununla bağlı bildirib.
Azərbaycanın təşəbbüsləri və qətiyyəti ilə COP29-da vacib qərarlar qəbul edildi. Belə ki, COP29-da karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan razılığın əldə olunmasıdır. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Ötən il Azərbaycanın daha bir qlobal uğuru İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu təşkilatın üzvü seçilməsi oldu. Müsahibəsində bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir: "Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda beynəlxalq aləmdə rolumuzu göstərir".
İlham Əliyev Ermənistana xəbərdarlıq etdi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra da zəfərlərə imza atır, ərazi bütövlüyü ilə bağlı məsələlərdə milli maraqlarını layiqincə təmin edir. Bu sırada ötən ilin aprelində Qazaxın 4 kəndinin işğaldan azad edilməsi dövlətimizin növbəti qələbəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik.
Regionumuzun rifahı üçün əsas şərtlərdən biri dayanıqlı sülhün təmin olunmasıdır. Azərbaycan sülh məramını 44 günlük müharibədən sonra bəyan edib və bu istiqamətdə də addımlar atır. Lakin Ermənistan tərəfinin ölkəmizin sülh təşəbbüslərinə cavabı adekvat deyil. Başqa cür desək, Ermənistan silahlanma yolu tutmaqla, əslində, sülhə qarşı çıxır. Bu baxımdan rəsmi İrəvanın sülhlə bağlı açıqlamaları heç bir halda səmimi sayıla bilməz. Amma bu sülh daha çox Ermənistana lazımdır. Bunun üçün Ermənistan həm də konstitusiyasını dəyişdirməli, Minsk qrupunun ləğv edilməsinə təşəbbüs göstərməlidir. Bunlarsız sülh müqaviləsi mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil: "Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik".
Eyni zamanda Prezident İlham Əliyev silahlanma ilə bağlı Ermənistana sərt xəbərdarlıq etdi: "Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".
Prezident İlham Əliyevin müsahibədə hər bir sualla bağlı cavabı özündə Azərbaycanın yüksəlişini, nailiyyətlərini, müstəqil və qətiyyətli siyasətini təcəssüm etdirdi. Bu cavablar həm də proqram xarakterli idi və dövlətimizin qarşısında dayanan vəzifələrin və milli prioritetlərin nədən ibarət olduğunu ictimaiyyətə çatdırmaq məqsədi daşıyırdı.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"