Ermənistanın baş naziri Qərbi Azərbaycan məsələsindən yayınmağa çalışır
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən prinsiplərinə əsaslanmaqla Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.
Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın "fəaliyyəti" onun sülhdən yayındığını açıq-aydın göstərir. Bir sözlə, İrəvan ona verilən şansları belə dəyərləndirə bilmir.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini açıqlayıb. Məğlub ölkənin baş naziri bu barədə sosial media hesabında paylaşım edib. Digər təkliflər arasında silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, döyüşkən ritorikadan imtina və sülh müqaviləsinin imzalanması ilə "Dünyanın kəsişməsi" layihəsinin həyata keçirilməsi daxildir.
Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanın iki hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri (və əksinə) və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır.
Göründüyü kimi, Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır, əksinə uzaqlaşdırır. Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı "tövsiyə" edir. Eyni zamanda Qərbi Azərbaycan dedikdə, Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir. Halbuki tarixi "Qərbi Azərbaycan" anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Çünki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və onları qovmaq üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.
Digər tərəfdən, Paşinyan siyasi-informativ manipulyasiya ilə guya qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, Ermənistan sürətlə silahlanır və Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edir. O cümlədən, Ermənistanın müdafiə naziri Suren Papikyan 2014-cü ildə Qarabağ, Naxçıvan (Azərbaycan), "Qərbi Ermənistan" (Türkiyə) və Cavaxetiya (Gürcüstan) ərazilərinə iddia edən "bayraqlar simvolikası" paylaşımını öz sosial şəbəkə hesabında hələ də saxlamaqdadır. Qonşu ölkələrin ərazisinə iddia edən bir şəxsin Ermənistanda müdafiə naziri vəzifəsini tutması isə Paşinyanın hazırkı açıqlamalarının "özünüqoruma instikti" olduğunu sübut edir.
Bütün bunlar göstərir ki, Ermənistan son dərəcə təhlükəli oyuna qoşulub. Bu oyun həm ermənilərin özü, həm də onların dövlətçiliyi üçün yaxşı heç nə vəd etmir. Ermənistan Fransa qaydaları ilə oynamağa nə qədər çox davam etsə, Qərbi Azərbaycan mövzusu da aktuallaşar. Ermənistanın Azərbaycan ərazilərinə davam edən iddialarını nəzərə alaraq, rəsmi Bakı asimmetrik tədbirlər görmək barədə düşünməli olacaq.
Sülh müqaviləsinin imzalanmasını hər vəchlə pozmağa və uzatmağa çalışan Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə, bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Bütövlükdə proseslərin gedişi İrəvanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"