Kolumbiyanın “Kanal On üç” televiziyasında yayımlanan “Bizim Kolumbiya” verilişində Azərbaycanın bu ölkəyə humanitar maliyyə yardımı ayırması ilə bağlı süjet efirə gedib.
AZƏRTAC xəbər verir ki, süjetdə Kolumbiyanın Duitama şəhərində yerləşən paramo qoruqlarının mühafizəsi məqsədilə ayrılan bu yardımın əhəmiyyətinə diqqət çəkilir, hər iki ölkənin ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığa və yardımlaşmağa xüsusi önəm verdiyi qeyd olunur.
Veriliş zamanı həmçinin iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbovun sözügedən televiziyaya müsahibəsinə geniş yer verilib. Diplomat iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi bu il Azərbaycan Hökuməti tərəfindən Kolumbiyaya iki dəfə humanitar maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb - birinci dəfə ölkədə baş verən meşə yanğınlarının törətdiyi fəsadların aradan qaldırılmasına dəstək məqsədilə və ikinci dəfə Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistem olan paromaların üzləşdiyi ekoloji problemlərin həlli üçün.
Səfir Duitamada yerləşən paramoların zəngin fauna və florası, eləcə də onların mühafizəsi məqsədilə görülən işlərlə yerində tanış olmaq imkanı əldə etdiyini bildirib, ayrılan yardımların dost Kolumbiya Hökuməti və xalqının qarşılaşdığı ekoloji problemlərin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu vurğulayıb. Diplomat hər iki ölkənin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə beynəlxalq çağırışlara qarşı nəzərəçarpan fəaliyyətini, o cümlədən Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının ən uğurlu COP-lardan biri kimi tarixə düşdüyünü qeyd edib.
Kolumbiya tərəfinin sözügedən tədbirdə geniş heyətlə təmsil olunduğu və cari ilin oktyabr ayında Kolumbiyanın Kali şəhərində keçirilmiş “Bioloji müxtəliflik haqqında” Konvensiyanın Tərəflərinin 16-cı Konfransında (COP16) Azərbaycan nümayəndə heyətinin yaxından iştirak etdiyi diqqətə çatdırılıb.
Eyni zamanda, son illərdə Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında müşahidə olunan müsbət dinamikanın, siyasi dialoqun məmnunluq doğurduğu qeyd olunub, 2024-cü ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamamlanması ilə əlamətdar olmasına diqqət çəkilib.