Güclü Azərbaycan qarşısında iflasa məhkumdur
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə dünyamız, ölkəmiz üçün vacib olan bir çox məsələyə toxunmuş, reallığı əks etdirən fikir və düşüncələrini bildirmişdir. Dövlət başçımızın müsahibə zamanı səsləndirdiyi qiymətli fikirlər dünyada geniş əks-səda doğurmuşdur. Prezident müsahibəsi zamanı ölkəmiz üçün vacib olan bir çox məsələ ilə yanaşı, dünyada, beynəlxalq aləmdə gedən prosesləri də yüksək səviyyədə təhlil etmişdir.
Digər məsələlərlə yanaşı, Qərb ölkələrinin Azərbaycana qarşı olan qeyri-səmimi münasibətlərinə də aydınlıq gətirən dövlət başçısı demişdir: "İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluq yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir".
Uzun illərdir Fransa Ermənistanla həmrəylik nümayiş etdirərək Azərbaycana qarşı qərəzli siyasət yürüdür. Rəsmi Parisin ölkəmizə qarşı uğursuz həmlələri, Azərbaycanın ciddi səyləri nəticəsində regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması Fransanın dünyada aşağı düşməkdə olan nüfuzuna ciddi zərbə vurur. Bu gün bir-birlərinə dəstək nümayiş etdirən Fransa və Ermənistan arasında qanlı tarixi qohumluq, oxşarlıqlar var. Bütün dünyaya bəlli olan faktlar hər iki ölkənin soyqırımları törətdiyini, uşaq və qadın qatili olduğunu təkzibolunmaz dəlil və sübutlarla üzə çıxarır. Belə tutarlı faktlardan qaçmaq isə mümkün deyil.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə də toxunmuşdur: "Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Axı onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur. Üstəlik, erməni təsiri, erməni lobbisi və hər kəs erməni icmaları qarşısında fərqlənməyə və həm indi, həm də gələcəkdə hansısa dividendlər əldə etməyə çalışır, onlar başa düşürlər ki, hakimiyyətdə qısa müddətdə qalacaqlar, bəzilərində isə bu, ani xarakter daşıyır. Yəni gələcək üçün dəstək almaq və "mən sizdənəm" demək yəqin ki, həmin amillərdən biridir".
Məlum olduğu kimi, təkcə Fransa deyil, başqa Qərb ölkələri də, o cümlədən Avropa Komissiyası da Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Hər addımda işğalçı Ermənistanı müdafiə edir, qəsbkarlığına haqq qazandırmağa çalışır, onun tərəfini tutur. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində bu məsələyə də münasibət bildirərək demişdir ki, Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu: "Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Axı bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar".
Dövlət başçısı daha sonra sözünə davam edərək deyib: "Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib. Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram".
İnanırıq ki, gec-tez ədalət zəfər çalacaq. Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirən Qərb ölkələri öz səhvlərini anlayacaqlar. Çünki ölkəmizin dünyada tutduğu mövqe, sərgilədiyi xoş münasibət bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa, sülhə, əmin-amanlığa xidmət edir. Belə isti münasibətlər isə həm ölkələrə, həm də insanlara bir-birindən dəyərli töhfələr verəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"