Azərbaycanda idmanın inkişafı naminə həyata keçirilən tədbirlər dövlətin yürütdüyü daxili siyasətin üstün istiqamətlərindəndir. Bu sahə bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, məlum olduğu kimi, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Eyni zamanda idman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işində böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, hazırda idmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar.
1700 medal
Milli Olimpiya Komitəsi (MOK) fəaliyyətini, həmişə olduğu kimi, indi də uğurla davam etdirir, ölkə idmanının inkişafı naminə yeni-yeni addımlar atır. Azərbaycanda Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır. Dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən deyib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir".
Tarixə nəzər yetirsək görərik ki, bu uğurlara elə də asan nail olunmayıb. Müstəqilliyinin bərpasından sonra, ötən əsrin 90-cı illərində Azərbaycanda mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, bu sahə dövlət qayğısından kənarda qalmışdı.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider yaxşı bilirdi ki, ölkənin parlaq gələcəyinin təməli gənclər və idman siyasətinin yeridilməsini tələb edir. Buna görə də dahi liderin fərmanına əsasən, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, Azərbaycanın müasir idman tarixinin başlanğıcı oldu. Bunun ardınca 1995-ci ildə Prezident yanında İdman Fondu yaradıldı.
İlham Əliyevin prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Bu gün dünyanın mötəbər idman yarışlarında, Olimpiya Oyunlarında Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalanır. Həmçinin paytaxt Bakının ən nüfuzlu beynəlxalq yarışların təşkilinə, yüksəksəviyyəli evsahibliyinə görə Azərbaycan dünyada böyük nüfuz qazanıb. "Bakı-2015" I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının, "Formula-1" Qran-prilərinin, müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər ölkəmizdə bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.
Yüksəliş mərhələsi
2022-ci ildə Azərbaycanda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi keçirildi. Prezident İlham Əliyev MOK-un 30 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. Sənəddə qeyd edilirdi ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib.
Xatırladaq ki, sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq yarışlara qatılırdılar. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət tamam dəyişdi. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız hətta iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından qatıla bilmirdilər. 1992-1997-ci illərdə MOK-un fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı.
Əslində, həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ümumən, qurumun fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya Oyunlarında yüksək nəticələr göstərmək lazım idi.
MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə belə əlaqəsi yox idi.
Bu vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçdi. Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq həll olunmağa başlanıldı.
İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətlərini də müəyyənləşdirdi.
Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər gördü.
Maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası qoyuldu
MOK-un fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də bu sahədə maddi-texniki bazanın gücləndirilməsini əhatə etdi. Bununla da ölkədə idmanın sürətli inkişafını təmin etmək və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu. MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi oldu. Bu sahədə paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bölgələrdə Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi üçün çox önəmli rol oynadı.
Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 44 Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Məsələnin bu tərəfinə nəzər yetirən Prezident İlham Əliyev qeyd edib ki, Bakı şəhərində ən müasir idman infrastrukturu var: "Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi".
Bəli, paytaxtımızda ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, bunların sırasında təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya stadionunu xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bakıda idman şəhərciyi fəaliyyət göstərir. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün hər cür şərait var.
Qarabağ idman mərkəzinə çevrilir
Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da xüsusi diqqət mərkəzindədir. Tezliklə yeni Olimpiya İdman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq.
Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növündə Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli azad olunmuş ərazilərimizdə də yetişəcək. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, tarixi Zəfərdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılıb və keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır: "Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur".
Olimpiadalarda medal yağışı
İdmana və gənclərə göstərilən qayğı çox keçmədi ki, öz bəhrəsini verdi. Atletlərimiz çıxış etdikləri son 8 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atdılar. Onları bir daha xatırladırıq.
1996-cı ildə ABŞ-də keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. İdmançılarımız arasında yeganə olaraq gümüş medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanmışdı.
2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla dünyada 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
21-ci minilliyin ilk Olimpiya Oyunlarında - "Afina-2004"də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000" Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
2008-ci ildə Pekində təşkil edilən Olimpiadada Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) gətirdi. Gümüş medalı yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandı. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər.
Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci oldu. İki qızıl, iki gümüş və beş bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yeri tutdular. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər iki bürünc medalları isə boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal
(1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.
Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər. Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.
Pandemiya səbəbindən bir il təxirə salınan "Tokio-2020" Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.
2024-cü ildə dünyanın 207 ölkəsindən 10 mindən çox idmançının qatıldığı Paris Yay Olimpiya Oyunlarında isə Azərbaycanı 48 atlet təmsil edib. Azərbaycan komandası turniri cəmi 7 mükafatla - 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medallar cüdo, gümüş medalların 1-i boks, 1-i taekvondo, bürünc mükafatlar isə güləş yarışlarında qazanılıb. Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medallar qazanaraq ölkəmizin Olimpiya tarixinə müdhiş töhfə vermiş oldular.
Boksçumuz Loren Alfonso Dominges (92 kq) və taekvondoçumuz Qaşim Maqomedov (58 kq) "Paris-2024"ü gümüş medalla başa vurdular. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizin aktivinə bürünc medalları yazdırdılar.
Prezident İlham Əliyev deyib ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada Azərbaycan tarixi nəticə əldə edib: "Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır".
"Bakı-2015"dən "Bakı-2019"dək
Son 10 ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə"nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.
Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu.
2017-ci il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha göstərdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq 1-ci yeri tutdular.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının bəhrəsidir. Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar.
Elçin CƏFƏROV,
"Azərbaycan"