15 Avqust 2024 09:12
274
SİYASƏT
A- A+

Azərbaycan birləşdirici gücə çevrilir

 

Neokolonializmə qarşı qlobal mübarizənin mərkəzi olan ölkəmiz yeni təşəbbüslər irəli sürür

 

Azərbaycan neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir. Fransa müstəmləkəsində olan ölkələrin nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar.

Xüsusilə qeyd edək ki, Azərbaycanın suverenliyini bərpa etməsi, Qarabağda separatizmə son qoyması müstəmləkədən qurtulmaq istəyən xalqlar üçün də böyük ümidə çevrildi. Eyni zamanda ölkəmizin Fransa kolonializmini davamlı ifşa etməsi sayəsində azadlıq istəkləri qanla boğulan həmin xalqların tək olmadıqlarını, ədalətli mübarizələrində Azərbaycanın timsalında qətiyyətli himayədarlarının olduğunu gördülər.

Ötən ay Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi "Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik", bəyanatı isə göstərdi ki, Azərbaycan bundan sonra da Fransa zülmü altında əzilən milyonlarla insana dəstək olacaq.

 

Beynəlxalq səviyyədə ifşa

 

Bəli, Azərbaycan Fransanın müstəmləkə siyasətini beynəlxalq səviyyədə ifşa edir.

Bu məqsədlə ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb.

Artıq bir ildən çoxdur ki, qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda keçirilib.

Bu baxımdan ötən ayın 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və BTQ-nin dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda Birinci Qurultayın keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep vurğulayıb ki, Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir: "Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir".

Qurultayda bildirilib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunublar. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələr verilib. BTQ siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edib.

BTQ Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü də elan edib. Bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bundan yararlana bilərlər.

 

Bakıda yaranan beynəlxalq platforma 

 

Bakıda keçirilən sözügedən qurultayda ən mühüm hadisələrdən biri  Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri tərəfindən Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasıdır. Bununla bağlı yekun Bəyannamədə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

Beynəlxalq Azadlıq Cəbhəsinin təsis olunması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanmağa, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Göründüyü kimi, Azərbaycanın dekolonizasiya prosesinə ardıcıl mühüm töhfələr verməsi nəticəsində bu gün artıq koloniya ölkələri BTQ-də səylərini birləşdirərək müstəqillikləri uğrunda beynəlxalq səviyyədə mütəşəkkil mübarizə aparmağa başlayıblar.

 

Olimpiya Oyunları Fransanın çirkin simasını bir daha nümayiş etdirdi

 

Bir sözlə, Fransa müstəmləkəsindəki ölkələr bu platforma çərçivəsində pozulan fundamental hüquqlarının bərpası üçün aktiv fəaliyyət aparırlar.

BTQ-nin Olimpiya Oyunları prinsiplərinin "Paris-2024"də pozulmasına dair bəyanatı da bu qəbildəndir. Bəyanatda xüsusi vurğulanırdı ki, Fransa prezidenti Emmanuel Makron və onun hökuməti "Paris-2024" Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.

Bəyanatda Olimpiadanın ruhuna tamamilə zidd olan bir sıra hallar diqqətə çatdırılır və sadalananlar nəzərə alınaraq, ritorik və sadə suallar da verilir: "XXI əsrdə "sülh və ümid anı" olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi?

Olimpiya Oyunlarına evsahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi?"

XXXIII Yay Olimpiya Oyunları Fransanın çirkin simasını bir daha aydın şəkildə ortaya qoydu. Azərbaycanla düşmənçilik aparan müstəmləkəçi ölkə Olimpiadanın açılış mərasimində də ölkəmizə qarşı riyakarlığını gizlədə bilmədi. Həmin zaman "France 2" telekanalı Azərbaycana qarşı qərəzli ifadələr işlətdi. Amma həm siyasi formada, həm də əldə etdiyimiz idman uğurları ilə Makron hakimiyyətinin layiqli cavabı verildi.    

Göründüyü kimi, Paris hər nə qədər uğursuz cəhdlərlə qarşısını almağa çalışsa da, Azərbaycan artıq Fransa müstəmləkəçiliyinə qarşı qlobal mübarizə mərkəzinə çevrilib. Bakı Təşəbbüs Qrupu vasitəsilə əsarətdəki xalqların səsi dünyaya çatdırılır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video