Smartfonların texniki imkanları artdıqca gündəlik həyatda onlardan daha çox istifadə edirik. Onunla video və şəkillər çəkir, sosial şəbəkələr üçün istifadə edir, oyun oynayır, həm də danışırıq. Yəni günün xeyli hissəsi smartfonlar əlimizdən düşmür.
Telefondan istifadə yaşı təxminən 5-6-ya, telefonla oynama yaşı isə 1-2-yə enib. Hələ dil açmamış uşaqların əksəriyyəti smartfonlardan, onların funksiyalarından istifadəni bilir. Gecə-gündüz yanımızdan ayırmadığımız, bizi yüksək miqdarda elektromaqnit şüalanmasına məruz qoyan bu cihazların orqanizmə zərərləri isə saymaqla bitmir. Bu zərərlərin azyaşlılara təsiri isə daha yüksəkdir. Amerikalı mütəxəssislər bildirirlər ki, uşaqların toxumaları daha incə və yumşaq olduğuna görə, onlar bu elektromaqnit dalğalara daha çox məruz qalırlar. Beyin toxuması isə 20 yaşa qədər inkişaf edən bir toxumadır. Yəni bu yaşa qədər insan beyni və bədəni mümkün qədər daha az şüalanmaya məruz qalmalıdır.
Mobil telefonların yaydığı elektromaqnit dalğalarının insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıqlarını dilə gətirən alimlər radiasiyanın sağlamlığa zərərlərini ölçmək üçün xüsusi udma dərəcəsinə (SAR) baxırlar. Bu dəyər cihazın nə qədər enerji yaydığını və bu enerjinin bədən tərəfindən nə qədər udulduğunu göstərir. SAR dəyəri vatt/kiloqramla (Vt/kq) ifadə edilir, adətən baş və bədən üçün ayrıca hesablanır.
Yüksək SAR dəyərləri olan telefonlar davamlı olaraq beyinə mesaj göndərir, yəni radiasiya yayaraq ciddi zərər verirlər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonlardan alınan SAR dəyərinin 0,6 Vt/kq-dan aşağı olmasını məsləhət görür. Bəs yüksək SAR dəyərləri sağlamlığa necə təsir edir?
Elmi tədqiqatlar göstərir ki, mobil telefonlardan yayılan yüksək radiasiyaya məruz qalma baş ağrısına və yuxu pozğunluğuna səbəb olur. Səhərlər səbəbsiz baş ağrıları ilə oyanan hər kəs bunun səbəbinin çarpayının yanında və ya yastığın altındakı telefonda olduğunu bilməlidir. Gecə boyu yatağın yanında olan bu cihazdan gələn siqnallar beynin dincəlməsinə də mane yaradır. Bu da insanların özlərini səhərlər yorğun hiss etməsinə səbəb olur.
Mobil telefonların beyin şişləri ilə əlaqəsi elm aləmində uzun müddətdir müzakirə edilir. Bəzi epidemioloji tədqiqatlar göstərir ki, uzunmüddətli və intensiv smartfon istifadəsi qlioma və akustik neyroma kimi beyin şişləri riskini artıra bilər. Həmçinin elektromaqnit şüalanma hüceyrələrdə oksidləşdirici stresə, DNT-nin zədələnməsinə və hətta hüceyrə ölümünün sürətlənməsinə səbəb olur. Bu vəziyyət bir çox sağlamlıq problemlərinə, o cümlədən xərçəngin inkişafına gətirib çıxara bilər.
ABŞ Milli Toksikologiya Proqramı (NTP) tərəfindən aparılan heyvan tədqiqatlarında yüksəksəviyyəli radiotezlik şüalanmasına məruz qalan erkək siçanlarda şiş inkişafı riskinin artması müşahidə edilib. Bu nəticələr insan sağlamlığı üçün də potensial risklərə işarə edir. Məsələ ilə bağlı qəti nəticəyə gəlmək üçün alimlər daha uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu bildirirlər.
Yüksək SAR dəyərinə məruz qalmanın qısamüddətli yaddaş və diqqət kimi idrak funksiyalarına mənfi təsir göstərə biləcəyi də düşünülür. Xüsusilə uşaqlar və yeniyetmələr bu təsirlərdən daha çox zərər görə bilərlər.
Mütəxəssislər smartfonlardan yayılan radiasiyadan qorunmaq üçün bir sıra həllər təklif edirlər. Bunun üçün ilk olaraq SAR dəyəri aşağı olan telefonlar seçilməlidir. Mobil telefonda keçirilən vaxt azaldılmalı, gecələr ya söndürülməli, ya da yataq otağından çıxarılmalı, danışarkən qulaqlıqdan istifadə edilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi smartfonlar söndürüldükdə belə cihazın müəyyən funksiyaları arxa planda işləməyə davam edir.
Smartfon radiasiyasından qorunmaq üçün qəbul gücü ən yüksək olan cihaz seçilməlidir. Belə ki, siqnal gücü azaldıqca, telefon yaxşı siqnal üçün daha çox radiasiya yayır. Çünki telefon yaxşı əlaqə yaratmaq üçün daha çox enerji sərf etməyə başlayır. Odur ki, liftdə, metroda və ya zirzəmilərdə çox ehtiyac olmadıqca mobil telefondan istifadə edilməməlidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"