08 Noyabr 2024 08:25
93
SİYASƏT
A- A+
Zəfərdən doğan gücümüz qələbələrin davamlılığını təmin edir

Zəfərdən doğan gücümüz qələbələrin davamlılığını təmin edir


Azərbaycan Respublikası hələ 1995-ci ildən konstitusion formada bəyan edib ki, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Konstitusiyanın 10-cu maddəsi ilə təsbit olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 

Ulu Öndər tərəfindən ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək dövlətimizin altı ali niyyətindən biri kimi müəyyən edilib. Ötən 27 illik dövrdə Azərbaycan işğalçı və təcavüzkar Ermənistanla danışıqlar aparmaqla konstitusion formada müəyyən edilən və yuxarıda sadaladığımız niyyət və mövqeyə sadiq qaldığını əməli formada göstərib. 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək olub.

Ermənistanın BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, çoxsaylı beynəlxalq və regional sənədlərdə rəsmən işğalçı kimi tanınmasına baxmayaraq, heç bir struktur və təsisat işğalçıya qarşı hansısa sanksiya, yaxud təzyiq barədə danışmır, beynəlxalq hüquq pozuntusunun aradan qaldırılması istiqamətində əməli tədbirlər görmürdü. Bəzilərinə münasibətdə saatlar içində icra olunan, hətta bir sıra subyektlərin maraqlarının təmin edilməsi naminə hərbi müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının razılığının belə alınmadığı halda, Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən qətnamələr 30 il kağız üzərində qalan ölü müddəalardan başqa bir şey olmadı. Hətta sülh və dialoq prosesində məsul olan beynəlxalq subyektlər, ATƏT-in Minsk qrupunun tərəflərin 30 illik fəaliyyəti təhlil olunanda onların işğal faktorunu leqallaşdırmağa, separatizmin möhkəmlənməsinə yönəldiyi aydın formada görünür. Milli məfkurənin idarə etdiyi Azərbaycan, təbii ki, bu vəziyyətlə barışa bilməzdi.

Ulu Öndər Heydər Əliyev hələ 1998-ci il oktyabrın 18-də baş tutan andiçmə mərasimində bəyan etmişdi ki, biz heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməmişik və bu gün də qəsd etmirik: "Heç kəsin torpağına göz dikməmişik. Biz Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışıq, Azərbaycanın dövlət sərhədləri çərçivəsində olan müstəqil Azərbaycanın tam bütövlüyünü müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Biz torpağımızın hansısa bir hissəsini heç vaxt heç bir ölkəyə verə bilmərik. Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bu müqəddəs məqsədlərə nail olmaq üçün bundan sonra da çalışacağıq və bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq".

Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə çoxşaxəli fəaliyyəti, ordu quruculuğu, siyasi müstəqilliyə nail olunması, neft strategiyasının sistemli və müasir tələblərə uyğun formada həyata keçirilməsi prosesləri qlobal müstəvidə Azərbaycanın lehinə çevrilməyə başlasa da, dahi liderin səhhəti ona prosesləri tamamlamağa imkan vermədi və xalqa 2003-cü il 1 oktyabr tarixli sonuncu müraciətində də bildirirdi ki, xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Lakin Ümummilli Lider nikbin idi və inanırdı ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları özünün yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət adlandırdığı siyasi varisi - cənab İlham Əliyev həll edə bilər.

Öz mənalı həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşamış böyük şəxsiyyət Heydər Əliyev ölkənin taleyini özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevə etibar etməkdə yanılmırdı, hər zamankı kimi bu dəfə də xalqı üçün ən doğru olanı seçmişdi. Beləliklə, Azərbaycan 2003-cü ildə tamamilə yeni bir eraya qədəm qoyaraq özünün ən qüdrətli dönəminə doğru inamla irəliləməyə başladı. Yol xəritəsi isə kifayət qədər aydın idi. Cənab İlham Əliyev 31 oktyabr 2003-cü ildə, andiçmə mərasimində Prezident kimi ilk çıxışında - milli mənafe mövzusunda özünün qəti mövqeyi ilə Ulu Öndərin nə qədər haqlı olduğunu nümayiş etdirdi. "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 200 illik regional düyünün açılması, 30 illik işğala son qoyulması və mütləq qələbəyə nail olunması üçün isə cənab İlham Əliyevə cəmi 17 il lazım oldu. 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdı. İlk növbədə iqtisadi inkişaf dövlət siyasətinin mütləq prioritetinə çevrildi. Daxili sabitlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevə çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi.

Təbii ki, coğrafi mövqeyimiz və zəngin ehtiyatlarımız bu prosesdə önəmli rol oynadı, lakin prosesin idarəçiliyində rasional siyasi davranış, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi olmadıqda təbii sərvətlər önəmini itirir. Bu mənada Azərbaycan Prezidentinin şaxələndirilmiş enerji siyasəti tariximizin qızıl səhifəsinə çevrildi, Azərbaycan özünün tam iqtisadi suverenliyini bərpa etdi, iqtisadi müstəqilliyini möhkəmləndirdi, hətta Avropanın iqtisadi müstəqilliyində - enerji təhlükəsizliyində önəmli pay sahibinə çevrildi. Möhtərəm Prezidentin bəyan etdiyi kimi: "Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu, inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi". Paralel olaraq, bütövlükdə dövlətçilik tariximizdə olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artırıldı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu tam yeniləndi. Cənab İlham Əliyevin Azərbaycanı suveren gücə çevirməsi hərbi-müdafiə qüdrətini yeni mərhələyə daşımağa imkan verdi. Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail oldu.

Ötən 30 il ərzində maraqlı beynəlxalq dairələr Azərbaycanda nəsillərin dəyişəcəyinə və daha çox qloballaşma təfəkkürü ilə formalaşan gənclik üçün artıq Qarabağ və Şərqi Zəngəzur amilinin prioritet olmayacağına inanırdılar. Lakin cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin milli nüvə olaraq müəyyən edilməsi, sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi kimi yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə qələbəyə köklənmiş gənc nəsil formalaşdırılması bu proqnozları puç etdi. Cənab İlham Əliyevin Xankəndidən bəyan etdiyi kimi, "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi".

Nəticədə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən il sentyabrın 19-da isə cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə problemə nöqtə qoydu. Beləliklə, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı. Əvvəllər bizə məğlub və zəif kimi baxanlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi qarşısında əyilməyə, "dəmir yumruq" ətrafında birləşmiş xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi qəbullanmağa məcbur oldular. Effektiv siyasət və xalqın dəstəyi ilə tarixi ədalətin bərpa olunması, Azərbaycanın qalib ölkəyə çevrilməsi Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Lakin bu reallığın nəticələrinin qorunması da işğala son qoyulması qədər mühüm və vacib amildir. Müharibə dövründə hərbi qələbələri ilə yanaşı, diplomatik və informasiya cəbhəsində misilsiz liderlik şücaəti göstərən, onlarca aparıcı xarici media subyektlərinə verdiyi müsahibələrlə informasiya siyasətinin ustad dərsi nümunəsi ortaya qoyan Prezident İlham Əliyev Zəfərimizin nəticələrinin qorunması, bu reallığın hər kəs tərəfindən qəbul edilməsi istiqamətində fəaliyyəti ilə də tarix yazdı. "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan özü Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə etməyə məcbur oldu. Böyük Zəfərimiz miqyasına görə yalnız Azərbaycan əhəmiyyətli məsələ hesab oluna bilməz, qələbəmiz həm də beynəlxalq hüququn təntənəsi idi. Ümumiyyətlə, Vətən müharibəsi, həm aralıq cəza əməliyyatları, həm də antiterror tədbirləri zamanı Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 30 ildir yerinə yetirilməyən qətnamələrini icra etməklə, beynəlxalq hüququn aliliyini təmin etdi. Möhtərəm Prezident bizə illər uzunu nələri isə öyrətməyə, yaxud təlqin etməyə çalışan, özləri milyonların həyatına qəsd edib bizə beynəlxalq humanitar hüquqdan dərs keçmək istəyənlərə mülki insanları hədəfə almadan müharibə və antiterror tədbirləri necə aparılır, onu göstərdi. Ən əsası isə cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə cəmi 23 saata minimal itkilərlə dünyada separatizmlə mübarizədə ən effektiv, real və köklü nəticə nümunəsi ortaya qoymaqla, qlobal miqyasda separatizmlə mübarizədə presedent yaratdı. Qərbin, xüsusən keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik missiyasını üzərinə götürmüş Fransa və ABŞ-nin riyakar ritorikası nəticəsində Ermənistan 30 il işğal və təcavüz faktorunu davam etdirməyi bacarsa da, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfəri bölgədə reallığı köklü surətdə dəyişdi. Regionda dayanıqlı sülh üçün unikal tarixi imkan yarandı. Belə ki, Ermənistan 2020-ci ilin noyabrında kapitulyasiya aktı imzalamağa məcbur oldu və ardınca öz güc və imkanlarını doğru qiymətləndirərək üçtərəfli Bəyanatın şərtlərindən bəzi ərazilərimizi, o cümlədən Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etməklə nisbi konstruktiv yanaşma göstərməyə başladı. Lakin qeyd etdiyimiz Qərb gücləri bölgədə öz təsir rıçaqlarının itməsindən narahatlıq keçirərək münaqişənin davamlılığını təmin etmək, bölgədə separatizm ocağının qorunub saxlanmasına nail olmaq üçün Ermənistanı yenidən təcavüzkar ritorikaya təhrik etdilər. Nəticə etibarilə Vətən müharibəsi başa çatdıqdan sonra istər Azərbaycanın Qarabağ iqtisadi rayonunda, istərsə də Azərbaycan-Ermənistan şərti sərhədləri boyu dəfələrlə hərbi qarşıdurmalar yaşandı. Azərbaycan sərhəd bütövlüyünü təmin edərək "Laçın" sərhəd-buraxılış məntəqəsini təsis etdikdən sonra, həmçinin ötən ilin sentyabr ayında antiterror tədbirləri ilə bütün ərazilərində Konstitusiya quruluşunu bərpa etməklə Qərbin və Ermənistanın regionda bütün qanunsuz rıçaqlarını aradan qaldırdı. Bu, eyni zamanda beynəlxalq hüququn prinsiplərinin və BMT Nizamnaməsinin aliliyinin təmin edilməsi idi. 

Davamlı olaraq beynəlxalq hüququn aliliyinə istinad edən Qərb subyektləri, xüsusən ABŞ, Fransa, Kanada kimi dövlətlər Azərbaycanın Cənubi Qafqazda 30 ildən sonra sülh və sabitliyə əsaslanan, əməkdaşlıq mühitini hədəfləyən status-kvo yaratmasına tamamilə fərqli prizmadan, ikili standartlardan çıxış edərək öz maraqları müstəvisindən baxmağa başladılar. Beləliklə, oniliklər ərzində insan haqları, demokratiya, beynəlxalq hüququn aliliyi məzmununda çağırışlar etməklə bir çox dövlətin daxili məsələlərinə burnunu soxan ABŞ, Fransa kimi dövlətlər Azərbaycanın yaratdığı yeni reallıq fonunda qeyri-sağlam niyyətləri ucbatından bölgədə oyundan kənarda qaldılar. Gözləmədiyi halda proseslərdən məğlub çıxan Qərb marionet Ermənistandan və uydurma iddialardan istifadə edərək Zəfərimizdən sonrakı dövrdə Azərbaycana qarşı yeni xaç yürüşünə start verdi və bu prosesdə müxtəlif platformaları alətə çevirməyə başladı. Bu gün əminliklə deyə bilərik ki, regionda Ermənistan və Azərbaycan arasında yekun sülh prosesinə nail oluna bilinməməsində əsas maneə öz çirkin niyyətlərini həyata keçirə bilməyən Qərb dairələridir. Üstəlik, əgər əvvəllər Azərbaycana qarşı xaç yürüşlərində dövlətin mövqeyini ifadə etməyən, qanunverici hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslər, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri aktiv rol alırdısa, bu gün artıq istər ABŞ-nin Dövlət Departamenti, istər Fransa Xarici İşlər Nazirliyi, istərsə də Avropa İttifaqının strukturları açıq formada Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə zidd mövqelərini gizlətmirlər. Hətta beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipinin daha effektiv təmin olunmasına yönəlməli olan çoxsaylı platformalar belə Qərb imperializminin patronajında faktiki olaraq münaqişələrin daha da dərinləşməsinə xidmət edən tədbirlərə çevrilir. Ölkəmiz əleyhinə, xüsusən COP29-a evsahibliyi ərəfəsi start verilən növbəti qarayaxma və qərəz kampaniyasında alət kimi isə ənənəvi "insan haqları" və "demokratiya" məfhumları ilə yanaşı, həm də erməni elementi, xüsusən Qarabağdan könüllü surətdə köçən ermənilər istifadə olunmaqda, Azərbaycan heç bir faktiki və hüquqi əsas olmadan etnik təmizləmədə təqsirləndirilməkdədir. Lakin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 30 il ərzində işğalda qalması, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün durumuna düşməsi prosesində susan Qərbin bu gün ölkəmizi etnik təmizləmədə günahlandırması ciddi və qəbuledilən olmamalıdır. İlk növbədə ona görə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundan köç edən ermənilər hər hansı təhdid və təzyiqlə üzləşməyib, onların bu əraziləri könüllü şəkildə tərk etmələri audiovizual formada sənədləşdirilib.

Biz hələ sovet dövründən bu ərazidə yaşayan və qanuni şəkildə mövcud olan ermənilərin Qarabağdan köçməsinə maraqlı subyekt olmamışıq. Ermənilər 30 illik düşmənçilik ritorikasının, zərərli təbliğatın təsiri və Ermənistanın, habelə onun havadarlarının təşviqi ilə bu bölgəni tərk ediblər. Azərbaycan dövləti və aidiyyəti strukturlar isə köç prosesinin insan ləyaqəti və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görüb. Amma hər kəs xatırlayır ki, azərbaycanlılar istər Qərbi Azərbaycandan, istərsə də Şərqi Zəngəzur və Qarabağdan hansı şəraitdə, hansı məhrumiyyətlərə məruz qalaraq qovulublar. 

Üzərindən ötən 4 illik zaman və yaşanan proseslər bu gün Zəfər yolumuza daha praqmatik rakursdan baxmağa və tarixin bu şərəfli dövrünün siyasi-hüquqi və hətta sosial-iqtisadi nəticələrini daha sağlam formada təhlil etməyə imkan verir. Bu gün əminliklə deyə bilirik ki, 8 Noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmiz olmaqla yanaşı, həm də bölgəmiz üçün yeni geosiyasi dönəmin başlanğıcıdır. Əlbəttə, qələbəmizin hərbi-siyasi nəticələri aydındır, biz işğala son qoyduq, bölgənin güc mərkəzinə, əsas nüfuz sahibinə çevrildik. Amma daha önəmlisi odur ki, Azərbaycan cənab İlham Əliyevin liderliyində öncə ermənilərə, son yüz ildə isə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi. İlk növbədə erməni mənafelərini ehtiva edən ikiəsrlik gedişata "dur" deməklə Prezident İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzunmüddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı. Eyni zamanda bölgəyə köçdükləri dövrdən etibarən ermənilər tərəfindən bu torpaqların əsl sahibləri - azərbaycanlılara qarşı etnik təmizləmə məqsədilə törədilən insanlıq əleyhinə cinayətlərə görə tarixi qisasımız alındı. Habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük haqq savaşında dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları, ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar. Bu qələbəmizin müstəsna komponentlərindən biri də cənab İlham Əliyevin informasiya savaşında misilsiz liderliyi oldu. Cənab Prezident informasiya müharibəsinin də yükünü, demək olar ki, təkbaşına çiyinlərinə aldı və əcnəbi jurnalist ordusunun təxribatlarını səbir və təmkinlə, dünyagörüşü, geniş vizyon və böyük ustalıq ilə Azərbaycanın lehinə çevirdi, bununla cəbhədəki qələbələr informasiya məkanında da təkrarlandı. 

44 günlük savaşın nəticəsi həm də həmrəyliyimizin, xalq-ordu-hakimiyyət birliyinin təntənəsi oldu. Biz dünyaya necə böyük milli-mənəvi dəyərlərə sahib, vətənə, millətə, dövlətə nə qədər bağlı xalq olduğumuzu göstərdik. Göz qırpmadan canını Vətənə qurban verən oğullarla sübut etdik ki, biz, həqiqətən də, Zəfərə layiq xalqıq.  

Bəli, bizim bu qələbəyə çox ehtiyacımız var idi, amma postmüharibə dövründə gördük ki, Zəfər qədər onun davamlılığını təmin etmək, nəticələrini qorumaq da önəmlidir. Ardıcıl diplomatik, hərbi-siyasi gedişlər, iqtisadi həmlələrlə, ciddi ordu quruculuğu və hərbi islahatlarla cənab İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan xalqı canı, qanı hesabına qələbə qazandığı kimi, Zəfərin nəticələrini də qorumağa qadirdir. 

8 Noyabr həm də ona görə önəmlidir ki, bu, bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir. Qələbədən keçən dörd il isə dəfələrlə bizə sübut etdi ki, bu yolda uğurumuzun yeganə təminatı Heydər Əliyev yolu, İlham Əliyev şəxsiyyəti və onun ətrafında möhkəm milli həmrəyliyimizdir. 

Bu gün onillərlə işğal və separatizmin əsarətində qalan torpaqlar cənnətə çevrilməkdə, həmin ərazilərimizin potensialı ölkə iqtisadiyyatına uzun fasilədən sonra reinteqrasiya olunmaqda, ləyaqətli və təhlükəsiz formada Böyük qayıdış baş tutmaqdadır. Beləliklə, Zəfərimizdən doğan gücümüz, möhkəmlənən həmrəyliyimiz qələbələrin davamlılığını həm təmin edir, həm zərurətə çevirir. Lakin unutmamalıyıq ki, qalibiyyət tarixin təbii axarında qorunmur, xüsusən cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır.


Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

FHN Zəfər Günü ilə əlaqədar şəhid övladlarına "qapı"larını açdı

09:20
08 Noyabr

Qalibiyyət strategiyası

09:15
08 Noyabr

Sumqayıtda qışa hazırlıq ciddi nəzarətdədir

09:10
08 Noyabr

Biləsuvarda QHT ekoloji aksiya keçirdi

09:05
08 Noyabr

Hacıqabul MRX-də Pediatriya şöbəsi fəaliyyətə başlayıb

09:00
08 Noyabr

Laçın və Zəngilanda təlimlər olub

08:55
08 Noyabr

Möhtəşəm Zəfər

08:50
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!