2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Çünki bilirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi bir lider azad edə bilər.
Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, qətiyyətlə çalışdı. Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı.
Vətən müharibəsində qazandığımız qələbəni şərtləndirən amillərdən biri də Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz inkişaf edən iqtisadiyyat sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Bütün fəaliyyət Azərbaycanı qalibiyyətə - 8 Noyabr Zəfərinə aparırdı.
Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfərə bərabər tutula biləcək bir gün yaşanmışdı. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə dünyada öz unikallığı ilə tarixə yazılmışdı. Dünya tarixində belə bir hadisə olmamışdı ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında sıx birləşərək dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Əsgərlərimiz və zabitlərimiz işğalda olan torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpası naminə öz canlarını, qanlarını əsirgəmədilər.
Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət "dəmir yumruğ"a çevrildi. Elə bir yumruğa ki onu açmağa heç kimin nə gücü, nə də qüdrəti çatardı. Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.
Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi və mübarizlik rəmzinə çevrildi. İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəyində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.
2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına zidd olaraq bu ərazilərdən çıxmamışdılar və mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.
2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.
Böyük Zəfərdən sonra Böyük qayıdış proseslərinə start verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib.
Kamilə ƏLİYEVA,
BDU-nun kafedra müdiri, professor