08 Noyabr 2024 09:35
107
SİYASƏT
A- A+
İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"


Noyabrın 8-də döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görüb. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olub, mülki infrastruktura ziyan dəyib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "T-72" tankı, 2 ədəd "D-20" topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.


8 noyabar


İlham Əliyev: "Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!"


Müzəffər Ali Baş Komandan İlham Əliyev öncə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. 

Sonra Prezident Şəhidlər xiyabanında xalqa müraciət edib: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!" Prezident bəyan etdi ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Azərbaycan dövləti bütün tarixi abidələrimizi bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək: "Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".


Düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksəkvəzifəli şəxsləri məhv edilib


Saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin "Su-25" həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksəkvəzifəli şəxsləri məhv edilib.


Erməni hərbçiləri bəzi hədləri ataraq qaçıblar


Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.

Müdafiə Nazirliyi həmin anları əks etdirən videogörüntülər yayıb.


Mehriban ƏLİYEVA: "Tarixi ədalət bərpa olunur!"


Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə rəsmi "İnstaqram" səhifəsində paylaşım edib: "Şuşa işğaldan azad edilib. Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"


9 noyabr


Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib


Noyabrın 9-da cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd "T-72" tankı, 1 ədəd "D-30" topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.


Düşmənin minaatan heyəti dəqiq zərbə ilə məhv edilib


Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan heyəti dəqiq zərbə ilə məhv edilib. 

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd "T-72" tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.


Şuşa istiqamətində mühasirəyə alınan düşmən qüvvələri məhv edilib


Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib


Prezident xalqa müjdəli xəbərlər verib


Prezident İlham Əliyev özünün "X" hesabında xalqa ard-arda müjdəli xəbərlər verib. İlk paylaşımda deyilib: 

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Bartaz və Şükürtaz strateji yüksəklikləri azad edilib


Ali Baş Komandanın "X" hesabındakı növbəti müjdəsində qeyd edilib: 

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, şəhər Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 


Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb


Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edib. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb.


Ermənilərin "OSA" və "Tor-M2KM" zenit-raket kompleksləri məhv edilib

 

Saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan "Tor-M2KM" zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. 

Xocavənd istiqamətində düşmənə daha bir ağır zərbə vurulub. Belə ki, düşmənin atəş mövqeyinə çıxarılan "OSA" zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Eyni zamanda düşmənin canlı qüvvəsi darmadağın edilib. 


10 noyabr


Tərtər atəşə tutulub, bir mülki şəxs yaralanıb


Noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutublar.

Bir nəfər mülki şəxs xəsarət alıb.


Naxçıvan səmasında səhvən Rusiyaya məxsus helikopter vurulub


Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində Rusiya Hərbi Hava Qüvvələrinin helikopteri vurulub. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək başsağlığı verib.

İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.

Dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edib.

Prezident Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu da bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılıb. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.

Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib. Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildiriblər.


Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli Bəyanatı imzalanıb


Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüş keçiriblər. Görüşdə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzalayıblar.

Vladimir Putin bildirib ki, bəyanatda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bəyanatda təsbit edilən razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə tərəflər arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. 

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə, Azərbaycan torpaqlarının işğalına son qoyulur. Münaqişənin hərbi-siyasi nizamlanması regionda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.


İlham ƏLİYEV: "Vətənimizə, doğma Qarabağımıza qayıdırıq"


Prezident xalqa müraciət edərək qələbə xəbərini verib. Qalib Sərkərdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur, imzalanmış üçtərəfli Bəyanat isə məsələnin həlli istiqamətində son nöqtə olacaq: "Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!"

Sonra dövlət başçısı bəyanatın mətni ilə hər kəsi tanış edib. 

Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri ilə başa çatıb. 


Türkiyə Prezidenti qələbə münasibətilə İlham Əliyevi təbrik edib


Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. 

Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib. 

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.


Mehriban ƏLİYEVA: "Azərbaycanın şərəf və qüdrət günü mübarək!"


Birinci vitse-prezident Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi "İnstaqram" səhifəsində paylaşım edib:

"Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

Böyük zəfər gününüz mübarək! Qarabağın azad edilməsi günü mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!"  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!