Çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən türkdilli ölkələrin Türk Dövətləri Təşkilatı adı altında bir araya gələrək getdikcə qlobal proseslərə təsir imkanlarını genişləndirməsi sevindirici bir prosesdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər öncə "XXI əsr türk dünyası əsri olmalıdır", - deyə bəyan edəndə bu, bəlkə də çoxlarımıza xoş bir arzu kimi gəlirdi. Yeni tarixi reallıqlar isə Azərbaycan liderinin gələcəyi onillər əvvəl gördüyünü, xatırladığımız bəyanatında türk dünyasının birliyinə doğru əldə edilmiş bugünkü nəticələrin müjdəsini verdiyini, türkdilli dövlətlərin Türk Dövlətləri Təşkilatı adı altında əsrimizin, həqiqətən, "Türk dünyası əsri"nə çevrilməsi istiqamətində uğurla irəlilədiklərini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən növbəti 11-ci Zirvə görüşündə iştirakı son günlərin ən yaddaqalan hadisələrindən oldu. Səfər çərçivəsində dövlətimizin başçısına "Çingiz Aytmatov" ordeninin təqdim edilməsi isə Azərbaycan və qırğız xalqları arasında olan qardaşlıq münasibətlərinin parlaq göstəricisinə çevrildi. Azərbaycan Prezidentinin yalnız Qırğızıstanda deyil, bütün türk dünyasında sevilən və dəyər verilən böyük yazıçının adını daşıyan ordenə layiq görülməsi ölkəmizin bu iri coğrafiyadakı önəmini, cənab İlham Əliyevin isə bütün türk xalqları tərəfindən qəbul olunan liderliyini nümayiş etdirən danılmaz fakt olduğu bir daha diqqətə çatdırıldı.
Dinamik inkişaf edən ikitərəfli münasibətlər
Azərbaycanla Qırğıstan arasındakı münasibətlərin dinamikası təkcə türk dövlətlərinin əməkdaşlığı müstəvisi ilə məhdudlaşmır. Tərəflər arasında bütün sahələrdə fəal və məhsuldar təmaslar mövcuddur - siyasi və iqtisadi kooperasiyadan tutmuş müdafiə sahəsindəki əməkdaşlığadək. Şübhəsiz ki, dövlətlərarası əlaqələrin sürətlə inkişafı və cəmiyyətlər tərəfindən dəstəklənməsində Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı parlaq qələbəsinin də önəmi var. İlk növbədə o baxımdan ki, türk dünyasının təmsilçiləri Azərbaycanın bu zəfərini həm də öz qələbələri kimi qəbul edirlər. Bu da növbəti dəfə onu sübut edir ki, türk toplumlarını bir-birinə bağlayan qırılmaz tellər real siyasi təmaslardan da çox tarixi və mənəvi əhəmiyyətə malikdir.
Azərbaycanın regionun ən ağrılı problemi - ərazilərimizin işğalını ortadan qaldırması yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş miqyasda böyük geosiyasi məkanın iqtisadi cəhətdən yaxınlaşmasına yol açan siyasi gerçəklikdir. Təbii ki, sabit bölgə yeni iqtisadi əməkdaşlıq perspektivləri deməkdir. Azərbaycanın siyasi və iqtisadi lideri olduğu bölgənin eyni zamanda bir neçə geosiyasi müstəvidə - həm regional, həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda böyük maliyyə gəlirləri gətirəcək layihələr baxımından zəngin potensialı var:. Cənubi Qafqaz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan nəqliyyat marşrutlarının əsas bəndi rolunda çıxış edir. Təkcə Qırğızıstan deyil, bütün Orta Asiya dövlətləri bu qlobal logistik prosesdən böyük qazanc əldə edə bilərlər. Özü də söhbət burada ancaq iqtisadi və maliyyə dividendlərindən getmir. Tarix boyu karvanların hərəkət etdikləri istiqamətlər sabitlik tələb edib: həm bu yolların keçdiyi dövlətlər, həm də mal dövriyyəsinin iştirakçıları olan tərəflər üçün. Bu baxımdan, Çinlə sərhəddə yerləşən Qırğızıstanın qardaş Azərbaycanın hərbi qələbəsi ilə perspektivləri reallığa çevrilən logistik prosesə qoşulması ölkələrimiz arasındakı aktual müzakirə predmeti olmaqla yanaşı, həm də siyasi sabitlik faktorudur. Azərbaycan Prezidenti hesab edir ki, bu amillər türk respublikaları arasında tarixi bağları daha da möhkəm edəcək: "Son dövrlər "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək".
Azərbaycan əldə etdiyi bir çox nailiyyətlərlə bağlı təcrübəsini qardaş qırğız xalqı ilə daim bölüşür. Mədəniyyət sahəsindəki əlaqələrimiz ənənəvi olaraq yüksək səviyyədədir. Azərbaycanın böyük maliyyə imkanlarına malik olması Qırğızıstana investisiya qoyuluşunu aktual edir və bu istiqamətdə artıq bir sıra layihələrin icra olunduğu məlumdur. Rəsmi Bakı Bişkekin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində iştirak edə bilər. Bizim bunun üçün inkişaf etmiş müdafiə sənayesi kompleksimiz var. Yeri gəlmişkən, ötən ay müdafiə naziri Zakir Həsənovun Qırğızıstana səfəri baş tutub və bu, tərəflər arasında hərbi müstəvidə ilk belə təmas deyil. Prezident İlham Əliyevin fikrincə, türk dövlətləri arasında müdafiə sahəsindəki əməkdaşlıq bütövlükdə türk dünyasının təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Azərbaycan Prezidenti 11-ci Zirvə görüşündəki çıxışında bu məsələ ilə bağlı dedi: "Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir".
Münasibətlərin inkişafına təkan verən qarşılıqlı səfərlər
Prezident İlham Əliyevin Bişkekə səfəri son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Qırğızıstana ilk gəlişi deyil. Son iki ildə qardaş ölkəyə üçüncü səfəridir. Bu səfərlərin ölkələrimiz və insanlarımız arasında olan tarixi-mənəvi bağların möhkəmlənməsi istiqamətində danılmaz təsiri var. Xüsusilə qeyd etmək lazımdır ki, Qırğızıstanda Sadır Japarovun rəhbərliyi dövrü iki ölkə arasında səmimi münasibətlərin dərinləşməsinə yeni və güclü təkan verib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında Qırğızıstana etdiyi səfərləri xüsusi qeyd etdi: "Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm".
Prezident İlham Əliyevin Qırğızıstana mütəmadi səfərləri ilə yanaşı, S.Japarovun da tez-tez Azərbaycanda olması siyasi müstəvidə mövqelərin uzlaşmasının və intensiv məsləhətləşmələrin, fikir mübadiləsinin effektivliyinin göstəricisidir. Sevindirici haldır ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsindən sonra ölkəmizə ilk və səmimi dəstək verən dövlətlər məhz türk respublikaları olub. Prezident İlham Əliyev çıxışında bu məqama bir daha toxundu: "Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır... Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim".
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycana göstərilən bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmayıb. Qardaş türk dövlətləri Azərbaycanın yanında olduqlarını mənəvi xarakterli addımlarla da sübut ediblər. Məsələn, bu ilin aprelində Qırğızıstan liderinin Azərbaycana səfəri çərçivəsində Ağdam Cümə məscidinin təmir və bərpadan sonrakı açılışında, rayonun Xıdırlı kəndində fəaliyyət göstərəcək orta məktəbin təməlqoyma mərasimində iştirak etməsini qeyd edə bilərik. Bu məktəb Qırğızıstanın Azərbaycan xalqına hədiyyəsidir. Xatırladaq ki, qardaş Özbəkistan və Qazaxıstan da Füzuli rayonunda bu kimi təşəbbüslərə imza atıblar.
Türk dünyası üçün Şuşa
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bütün türk dünyasında olduğu kimi, Qırğızıstanın da dəyər verdiyi mənəvi amildir. Bu ölkənin liderinin Türk dövlət başçılarının bu ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi görüşündə iştirak etməsi bunun əyani sübutudur. İyulun 5-də Şuşaya gələn Qırğızıstan və Özbəkistan liderləri bu qədim Azərbaycan şəhərinin və bütövlükdə Qarabağın tarixi-memarlıq inciləri olan dini və mədəni obyektləri gəzmiş, Şuşaya yenicə qayıdıb tikilən evlərində məskunlaşmış şuşalılarla səmimi ünsiyyətdə olmuşlar. Şuşaya gələn Qırğızıstan Prezidentini dövlət başçısı İlham Əliyev şuşalılara "Bizim qardaşımız, Qırğızıstan Respublikasının Prezidenti" deyərək təqdim etmişdi.
Şuşada keçirilən qeyri-formal görüşün türk dövlətləri arasındakı tarixi tellərin və real münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük anlamı var. Bu görüş Şuşa və Qarabağın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi, mədəni və mənəvi irsi olduğunu sübut edir.
Prezident İlham Əliyev çıxışında bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu xüsusi vurğuladı və dedi: "Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək".
Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd edilib.
Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Bu çərçivədə üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik içində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq. Müntəzəm olaraq aparılan tədbirlər, müzakirələr, keçirilən görüşlər ölkələrimiz arasındakı əlaqələrin, xalqlarımızın ünsiyyətinin daha da dərinləşməsinə xidmət edəcək və türk dünyasının vahid qüvvə kimi gücünə güc qatacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"