Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş, Türkiyədən olan nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.
Ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və dini işlər üzrə müşaviri İhsan Açık da iştirak ediblər.
Aİİ-nin rektoru dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edib, qonaqları institutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin qədim tarixə söykəndiyini və hər hansı mənfəət üzərində qurulmadığını diqqətə çatdırıb.
Rektor "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrlə görüşünün təqdirəlayiq hadisə olduğunu xüsusi vurğulayıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsi dövründə şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. O bildirib ki, 30 illik işğaldan sonra Azərbaycan ədaləti bərpa etdi, doğma torpaqlarına qovuşdu.
Tələbələrə elmə yiyələnmək yolunda öz tövsiyələrini verən Ali Erbaş Qurani-Kərimin elmlə bağlı ayələrindən nümunələr gətirib, gənclərə xurafatdan, cahillikdən uzaq, cəmiyyətimizə layiqli fərdlər şəklində yetişmələrini tövsiyə edib.
Görüşün sonunda Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahraman çıxış edərək, hazırda Azərbaycanda olduğu üçün məmnunluğunu ifadə edib, tələbələrə öz tövsiyələrini çatdırıb.
"Azərbaycan"