Bu gün 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.
Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.
Lakin Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə yaydığı bəyanatda yer alıb.
Bəyanatda daha sonra deyilir: “Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 2020-ci il 27 sentyabr tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - Zəfərə aparan yolun başlanğıcı oldu.
Qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almaq təcrübəsini davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətdi.
Bununla belə, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti olan Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. 8 noyabr tarixində əldə olunan Şuşa Zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.
Lakin Ermənistan tərəfinin üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.
Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.
Hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.
Eyni zamanda, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır. Xüsusilə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir.
Ermənistan tarixdən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.
8 Noyabr – Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır, müharibə qəhrəmanlarımıza möhkəm cansağlığı, ölkəmizə, xalqımıza inkişaf və firavanlıq, bölgəmizə, dünyamıza sülh və əmin-amanlıq arzu edirik.
Zəfər Günümüz mübarək!”.