İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
6 oktyabr
Cəbhənin bütün istiqamətlərində döyüşlər gedib. Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini yayıb.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş, dəstək və təminat vasitələri darmadağın edilib. Düşmənin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib. 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib.
Prezidentdən ölkəmizə atılan bütün iftiralara layiqli cavab
Rusiyanın "Pervıy kanal" televiziyasına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın savaşa muzdlu döyüşçüləri cəlb etməsi ilə bağlı iftiralara cavab verib.
Prezident deyib ki, Azərbaycan Ordusu öz ərazilərimizi azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür:
"Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy sübutlar təqdim etsinlər. Fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib". Dövlət başçısı vurğulayıb ki, Ermənistan yenə də dinc əhaliyə atəş açır. Bu da erməni tərəfinin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq, belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər.
Müdafiə naziri düşmənin darmadağın edilməsinin davamlılığını tapşırıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə aparılan əks-hücum əməliyyatında mövcud olan vəziyyət təhlil olunaraq, düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davamlılığı tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib. Nazir tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat cavab veriləcəyi bildirilib. Zakir Həsənov Azərbaycan Ordusuna arsenalındakı yüksəkdəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı tapşırır.
İlham ƏLİYEV: "İran-Azərbaycan sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi nəzarətimizə keçib"
İran İslam Respublikasının (sabiq) Prezidenti Həsən Ruhani Azərbaycan Prezidentinə zəng edib.
Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın təxribatına cavab olaraq başlanan savaşda hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini işğaldan azad edib.
Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulub.
Prezident həmçinin Ermənistanın davam edən hərbi təcavüzünün və təxribatlarının regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəl olduğunu bildirib.
Düşmənin zirehli texnikaları məhv edilib
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı sıradan çıxarılıb.
41-ci artilleriya alayının atəş mövqelərində dayanan "Qrad"lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
"Azərbaycan"