08 Noyabr 2024 08:10
117
SİYASƏT
A- A+
Xilaskar

Xilaskar


Zəfər günü hər bir xalqın milli qürur günüdür. Zəfər günü olan xalqlar dünyada sözünü demiş böyük xalqlardır. Biz xoşbəxt nəsilik ki, Zəfəri yaşamaq, onu bayram kimi qeyd etmək qismətimizə düşüb. Şübhəsiz ki, Azərbaycanın Zəfəri Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adı və ordumuzla bağlıdır. 

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Milli Ordunun yaradılması Azərbaycan xalqının milli dövlətçilik və özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biridir. Hələ 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm hadisə olmuşdur.


Şərəfli tarixi yol


Ordumuz çox şərəfli bir tarixi yol keçib. Onun təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdilər, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdilər. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi nüfuzlu generalları var idi.

Sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Düzdür, sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş yox, əsasən tikinti hərbi hissələrində xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratdı. Bununla yanaşı, Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Beləliklə, Heydər Əliyevin sayəsində milli hərbi kadrların yetişməsi prosesi güclənmişdi.

Ümummilli Lider Heydər Əliyev ikinci hakimiyyəti dövründə - 1999-cu ildə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin həmin fərmanı tarixi əhəmiyyət daşıyır. Belə ki, sözügedən fərmanla Heydər Əliyev Azərbaycan Ordusunun tarixi ənənələrə söykəndiyinin birəsrlik tarixi olduğunu göstərmişdir.

Gürcüstanın keçmiş prezidenti E.Şevardnadzenin sosial şəbəkədə populyarlıq qazanan bir çıxışı diqqətimi cəlb etdi. E.Şevardnadze Heydər Əliyevlə Əbülfəz Elçibəyin bir mübahisəsinin şahidi olduğunu paylaşmışdı. Yazmışdı ki, Heydər Əliyev Ə.Elçibəyə "Sənin ordun var" sualını verəndə o, "Yaradacam" demişdi. Heydər Əliyev isə bunun sadə bir proses olmadığını söyləmişdi.

Tarix Heydər Əliyevin nə qədər haqlı olduğunu göstərdi. Əbülfəz Elçibəyin dönəmində ordu formal olaraq yaradılsa da, onu vahid komandanlığa tabe etmək mümkün olmadı. Çünki ölkədə xaos var idi, separatçılıq baş alıb gedirdi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalqın tələbi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dahi siyasətçinin birinci işi atəşkəsə nail olmaq, ordu quruculuğunu təşkil etmək, silahlı dəstələri vahid komandanlığa tabe olan nizami ordu səviyyəsinə qaldırmaq oldu. 

Heydər Əliyev ordunun inkişafına ümummilli məsələ kimi baxır, onun inkişafını təmin etmək üçün kompleks yanaşma sərgiləyirdi. Ordunun inkişaf istiqamətlərini belə qiymətləndirmək olar. Azərbaycan Ordusunun tarixinin öyrənilməsi; Ordunun komplektləşdirilməsi, müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması; Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması; Hərbi qulluqçuların sosial-müdafiə tədbirlərinin gücləndirilməsi; Vahid komandanlığa tabe olmayan hərbi birləşmələrin buraxılması; Hərbi kadr hazırlığının inkişaf etdirilməsi və təkmilləşdirilməsi (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəblərinin yaradılması); Xüsusi təyinatlı hərbi birləşmələrin yaradılması; Ordunun NATO standartlarına uyğunlaşdırılması; Azərbaycan Ordusunun beynəlxalq antiterror və sülhməramlı platformalarda iştirakının təmin edilməsi. 

Heydər Əliyevin dövründə Azərbaycan Ordusunun qurucularına, onların tarixi irsinə dövlət tərəfindən yüksək qiymət verilməklə xatirələri həmişə uca tutulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamının bir bəndi məhz Azərbaycan Xalq Cümhuriyyəti ordusuna həsr edilmişdir.

Azərbaycan Ordusunun tarixini diqqət mərkəzində saxlayan Heydər Əliyev 22 iyun 1998-ci il tarixdə Azərbaycanın Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsinə dair sərəncam imzalamışdır. Həmin təntənəli mərasimdə çıxış edən Heydər Əliyev cümhuriyyət generalları haqqında çox yüksək fikirlər söyləmişdir. Ulu Öndər demişdir: "Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur".

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.


Azərbaycan Ordusunun NATO ilə əlaqələri


1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu.

Bu əməkdaşlıq nəticəsində Azərbaycan hərbçiləri NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.


Ordunun gücləndirilməsi dövlət siyasətinin prioritetidir

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illər ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə nəinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralardadır. Ötən illərdə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Büdcəsi ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilib.

Qürurverici haldır ki, Azərbaycanda son illər formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırkı dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir.

Şübhəsiz ki, ölkənin iqtisadi qüdrətinin artırılması, Azərbaycanın əldə etdiyi iqtisadi üstünlük qələbənin əldə edilməsində mühüm amilə çevrildi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkənin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bununla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

 Azərbaycan tərəfinin sülh çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan isə müharibəni qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. 

Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları Azərbaycan Ordusu tərəfindən cavabsız qala bilməzdi. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə fasiləsiz atəşlər açıldı. Və təbii ki, bunlar cavabsız qala bilməzdi. 

Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu və onların havadarlarını diz üstə çökdürərək işğala son qoydu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Azərbaycan xalqı ordusunun qələbəsini Zəfər paradı ilə qeyd etdi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də qatıldılar. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdilər. 

Qələbəmizin simvollarından biri də Hərbi Qənimətlər Parkıdır. Buraya gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırır.

 İşğaldan azad olunan ərazilərdə toponimlərimizin geri qaytaraılması ilə bağlı Prezident İlham Əliyevin əməli addımları Azərbaycana 200 ildən çox davam edən düşmənçilik siyasətinə qarşı ən kəskin addım idi. Qarabağda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Tarixi adların bərpası ilə onlar əməllərinin bədəlini alırdılar.


Zəfərin bizə qazandırdığı ən böyük nemət


Zəfərimizin bizə gətirdiyi ən böyük töhfələrdən biri də məhz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının geniş vüsət almasıdır. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illər İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürüldü. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdi, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürüldü. Onlar Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) məskunlaşdırıldı. Amma onların hər üç nəfərindən biri isti, quru iqlimə, məişət təminatsızlığına dözə bilməyərək dünyadan köçdü. 

Qarabağ Zəfəri bizim Qərbi Azərbaycana qayıdışımızın gerçəkləşməsi yolunda atılan ən böyük addımdır. Möhtəşəm Qarabağ Zəfərini bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi və Azərbaycan xalqının arzusu ilə doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdacağımıza da şübhəmiz yoxdur.

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

FHN Zəfər Günü ilə əlaqədar şəhid övladlarına "qapı"larını açdı

09:20
08 Noyabr

Qalibiyyət strategiyası

09:15
08 Noyabr

Sumqayıtda qışa hazırlıq ciddi nəzarətdədir

09:10
08 Noyabr

Biləsuvarda QHT ekoloji aksiya keçirdi

09:05
08 Noyabr

Hacıqabul MRX-də Pediatriya şöbəsi fəaliyyətə başlayıb

09:00
08 Noyabr

Laçın və Zəngilanda təlimlər olub

08:55
08 Noyabr

Möhtəşəm Zəfər

08:50
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!