Öz ərazisini üçüncü dövlətlərin qonşu ölkələrə qarşı fəaliyyət meydanına çevrilməsinə imkan verməyəcək
Son dövrlərdə bəzi dairələr tərəfindən Azərbaycan ərazisinin guya İsrailin xüsusi xidmət orqanı "Mossad" tərəfindən üçüncü ölkələrə qarşı istifadə olunduğu barədə iddialar irəli sürülür. Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Azərbaycan öz ərazisinin heç vaxt hər hansı dövlətə qarşı istifadə edilməsinə imkan vermir. Bu, ölkəmizin uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi xarici siyasətin əsas prinsiplərindən biridir.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan həmişə bütün qonşuları ilə qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan münasibətlər qurmağa çalışıb. Bunun ən bariz nümunəsi son zamanlar Ermənistanla münasibətlərdə nümayiş etdirilən yanaşmadır. Otuz il ərzində torpaqları işğal altında qalmış, şəhər və kəndləri dağıdılmış, bir milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan müharibədən sonra regionda davamlı sülhün tərəfdarı olduğunu bəyan edib və münasibətləri "təmiz səhifədən" başlamağı təklif edib. "Bu baxımdan, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi layihəsi də Azərbaycanın regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində nümayiş etdirdiyi siyasi iradənin göstəricisi kimi qiymətləndirilə bilər. Belə bir siyasət yürüdən Azərbaycanın öz ərazisini hansısa dövlətə qarşı hərbi və ya kəşfiyyat fəaliyyəti üçün istifadəyə verməsi barədə iddialar nə ölkənin rəsmi mövqeyi, nə də həyata keçirdiyi xarici siyasət kursu ilə uzlaşır. Bu baxımdan, Azərbaycanın "Mossad" tərəfindən istifadə edildiyi barədə səsləndirilən fikirlər tamamilə əsassız olmayan iddialardır", - deyə o əlavə edib.
Deputat hesab edir ki, bu cür iddiaların dövri şəkildə gündəmə gətirilməsi Azərbaycanla İran arasında etimad mühitini zəiflətməyə və iki qonşu ölkənin münasibətlərinə xələl gətirməyə çalışan dairələrin maraqlarına xidmət edir. Azərbaycan isə dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, öz ərazisini üçüncü dövlətlərin qonşu ölkələrə qarşı fəaliyyət meydanına heç vaxt çevirməyəcək.
Azərbaycanın İranla münasibətlərə xüsusi önəm verdiyini deyən A.Badamov bildirib ki, iki ölkə arasında tarixi, dini, mədəni və iqtisadi bağlar mövcuddur: "Bundan əlavə, İranda on milyonlarla azərbaycanlı yaşayır və bu amil münasibətlərə əlavə humanitar məzmun qazandırır. Məhz bunlara görə də Azərbaycan regionda gərginliyin azalmasını, İranın təhlükəsizliyinin və sabitliyinin qorunmasını dəstəkləyir. Çünki bölgədə istənilən münaqişənin davam etməsi, ilk növbədə, orada yaşayan insanların, o cümlədən azərbaycanlıların təhlükəsizliyinə və sosial rifahına mənfi təsir göstərir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin tərəfdarı olan dövlətdir. Otuz il ərzində işğaldan əziyyət çəkmiş ölkə kimi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini daim əsas tutur. Bu yanaşma İran məsələsinə münasibətdə də dəyişmir. Azərbaycan regionda bütün problemlərin dövlətlərin suverenliyi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını dəstəkləyir".
Deputat qeyd edib ki, Azərbaycan ərazisində İsrailin hərbi bazalarının və ya hərbi kontingentinin yerləşdirilməsi barədə səsləndirilən fikirlər də reallıqdan uzaqdır. Bu iddiaları təsdiqləyən hər hansı fakt mövcud deyil. Azərbaycanın hərbi təhlükəsizlik siyasəti yalnız milli maraqlarına və dövlət suverenliyinin qorunmasına əsaslanır. Doğrudur, müəyyən dövrlərdə Azərbaycan-İran münasibətlərində gərginlik yaşanıb, lakin son illər qarşılıqlı siyasi dialoqun intensivləşməsi nəticəsində münasibətlər yenidən müsbət inkişaf mərhələsinə qədəm qoyub. Hazırda iki ölkə iqtisadiyyat, energetika, nəqliyyat və logistika sahələrində mühüm layihələri birgə həyata keçirirlər.
A.Badamov vurğulayıb ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutu bu əməkdaşlığın əsas istiqamətlərindən biridir: "Bununla yanaşı, Araz çayı boyunca Naxçıvana alternativ nəqliyyat marşrutunun yaradılması, Araz çayı üzərində birgə hidrotexniki və enerji layihələrinin icrası, sərhədyanı əməkdaşlığın genişləndirilməsi Azərbaycan-İran tərəfdaşlığının strateji xarakter daşıdığını göstərir. Məhz bu səbəbdən iki ölkə arasında münasibətlərin inkişafından narahat olan müəyyən dairələrin vaxtaşırı müxtəlif əsassız iddialar ortaya atması gözləniləndir. Keçmişdə də buna bənzər iddialar səsləndirilib və onların heç biri təsdiqini tapmayıb. Bu gün də Azərbaycanın guya "Mossad" üçün platformaya çevrildiyi barədə səsləndirilən fikirlər faktlara deyil, siyasi manipulyasiyalara əsaslanır".
Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipi ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına heç vaxt imkan verilməməsidir. Rəsmi Bakının dəfələrlə bəyan etdiyi bu prinsip regionda etimadın möhkəmləndirilməsinə, qonşuluq münasibətlərinin inkişafına və Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Buna görə də bu kimi iddialar Azərbaycan-İran münasibətlərinin strateji inkişaf xəttinə təsir göstərə bilməz.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"