07 Avqust 2026 10:10
281
CƏMİYYƏT
A- A+
Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı


İkinci Qarabağ müharibəsi başlayan gündən düşmənə qarşı Füzuli istiqamətində döyüşənlərin sırasında zabit Amid Heydərovun komandiri olduğu tank bölmələri də var idi. Əks hücum əmri verilən kimi 32 yaşlı gənc zabit Amid Heydərov tabeliyində olan zirehli texnikalar yağıların müdafiə xəttini yarmaq üçün irəli şığıdı. 

Amma işğalçılar neçə ildən bəri möhkəmləndikləri mövqelərdən geri çəkilmir, ciddi müqavimət göstərir, mövqelərinə yaxınlaşan hərbi texnikaları və canlı qüvvələri atəşə tuturdular. Buna baxmayaraq, gənc zabitin komandiri olduğu tank bölmələri mərmilərdən yayınaraq düşmənin mövqelərinə atəş aça-aça irəliləyirdilər. Heyət üzvləri komandirin verdiyi döyüş əmrlərini yerinə yetirərək böyük şücaət göstərir, ermənilərə qarşı cəsarətlə vuruşurdular. Dəqiq atəşlə qəsbkarların texnikaları, artilleriya qurğuları sıradan çıxarılır, işğalçılar addım-addım geri çəkilirdi. 

Bir neçə gündən sonra zabit Amid Heydərovun tank bölüyünü Cəbrayıl istiqamətinə göndərirlər. Zirehli texnikalar düşmən mövqelərini atəşə tuta-tuta irəliləyir, arxadan gələn piyadalara yol açırdı. Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşlərdə işğalçılar tərəfindən iki tankın vurulması gənc zabiti çox qəzəbləndirdi. Qarşısına məqsəd qoydu ki, nəyin bahasına olursa olsun, tanklarına atəş açılan mövqeləri darmadağın edəcək. Məqsədinə çatmaq üçün düşmənin müdafiə xəttini yararaq xeyli irəli gedən Amid arsenalında olan mərmiləri dolu kimi düşmənin mövqelərinə yağdırdı. Düşmən postları darmadağın edildi, piyadaların irəliləməsi üçün yol açıldı. Lakin sursatı qurtardığı üçün geri qayıtmaq istəyəndə ermənilər onlara atəş açdı, tankları vuruldu. Amid Heydərovun tankı da alovlandı. Son döyüş tapşırığını sonacan yerinə yetirən heyət üzvləri ilə bərabər, komandir də oktyabrın 3-də Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qələbə ilə başlayan döyüş yolu yarımçıq qaldı. Onun döyüş yolunu əsgərləri, zabit yoldaşları davam etdirdi. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qarşıya qoyulmuş döyüş tapşırıqları cəsur bir zabit, komandir kimi yerinə yetirən Amid Heydərov doğulduğu Lerikdə doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiramla torpağa tapşırıldı. O, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görüldü. Şəhidlik zirvəsinə ucalana qədər isə zabit Amid Heydərov nümunəvi xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalına layiq görülmüşdü.

Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerikdə dünyaya göz açmışdı. Kiçik yaşlarından iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu özünə örnək seçən Amid böyüyəndə general olmaq istəyirdi. Arzusuna çatmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. Sonra təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirmişdi. Dörd il ərzində hərb sənətinin sirlərinə mükəmməl yiyələnmiş, uşaqlıq arzusunu reallaşdıraraq  tankçı olmuşdu.

Qəhrəmanın atası Rəbbil kişi övladı haqqında göz yaşı içində danışdı. Dedi ki, döyüşün qızğın çağında işğalçılar oğlunun komandiri olduğu tanklardan birini vururlar: "Döyüşçü yoldaşları yaralıları tankdan çıxarmaq istəsələr də, ermənilər buna imkan vermirlər. Amid qorxmadan zirehli texnika ilə düşmən üzərinə gedir, işğalçıları susdurur. Mərmisi qurtardığı üçün geri qayıdanda tankı vururlar. Oğlum zirehli texnikanın içində qəhrəmancasına şəhid olur. Amid Aprel döyüşlərində Lələtəpə yüksəkliyinə çıxan ilk tankçı olmuşdu. Oğlum İkinci Qarabağ müharibəsində bu qəhrəmanlığını təkrarladı. 32 yaşlı Amid 44 günlük Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yardı, işğalçılara göz açmağa imkan vermədən son mərmisinə, son nəfəsinədək böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Qəhrəmanlığı, igidliyi ilə hər yerdə başımızı uca etdi. Özü də ucalıqlara yüksəldi".

Şəhid anası Şükufə Heydərova dedi ki, oğlunun intiqamı düşməndən alınıb, Şuşaya Zəfər bayrağımız sancılanda başqa şəhidlər kimi, Amidin də ruhu şad olub: "Hər gün onun otağında şəkilləri və paltarları ilə danışıram. Övlad itkisinə dözmək çox çətindir. Onun yoxluğu ilə barışa bilmirəm. Təskinliyimizi yalnız onunla tapırıq ki, Amid Vətən uğrunda şəhid olub. Amid çox mərd, qorxmaz uşaq idi. Oğlum 32 illik ömründə iki müharibə gördü. Aprel döyüşlərində də iştirak etmişdi. Zabit yoldaşları ona "Aprel döyüşlərinin qəhrəmanı" deyirdilər. 44 günlük Vətən müharibəsində tankın üstünə "Şuşa - son ünvanımız" sözlərini yazmışdı. Çox təəssüf ki, o, müqəddəs məkana çata bilmədi, qəhrəmancasına şəhid oldu".

Şəhidin həyat yoldaşı Nuranə Heydərova: "8 ildir ailə həyatı qurmuşduq. Hərbçi olmaq şərəfdir, lakin şərəfli olduğu qədər də çətindir. Amidin yoxluğundan illər keçməsinə baxmayaraq, hələ də onu itirdiyimə inana bilmirəm. Ürəyi yumşaq, mehriban insan idi. Prezidentə minnətdarlığımı bildirirəm ki, Amidin qəhrəmanlığını layiqincə qiymətləndirdi".

Bakının Nizami rayonundakı küçələrdən biri 2023-cü ildən Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Rəbbil oğlu Heydərovun adını daşıyır. İndi bu küçədən keçənlər cəsur tankçı Amid Heydərovun xatirəsini hörmətlə yad edirlər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib

11:30
07 Avqust

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"suna məğlub olub

11:25
07 Avqust

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

11:25
07 Avqust

Dünya birjalarında neft bahalaşıb

11:20
07 Avqust

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

11:15
07 Avqust

Avropada istidən 25 mindən çox insan ölüb

11:10
07 Avqust

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

11:08
07 Avqust

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

11:05
07 Avqust

Səfalı təbiət, yüksək xidmət

10:40
07 Avqust

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!