06 Avqust 2026 08:00
269
SİYASƏT
A- A+
AĞIR DAŞLI AZƏRBAYCAN

AĞIR DAŞLI AZƏRBAYCAN


Azərbaycanın daşı ağırdır!

Kimin başına düşsə, altından çıxa bilmir!

Bunu sözgəlişi xatırlatdıq.

Söhbət isə hərbi-siyasi məsələlərdən, beynəlxalq hüquq və ədalətdən, bütövlükdə ikili standartlardan gedir.

***

Bəs görəsən Azərbaycanın daşı niyə bu qədər sanballı və ağırdır!

Axı Azərbaycan bir o qədər də böyük ölkə deyil, ərazisi 86,6 min kvadratkilometr, əhalisi isə 10 milyon nəfərdir.

Azərbaycan gördüyü möhtəşəm işlərə, əlimyandıda olan digər dövlətlərə göstərdiyi köməyə, öz gücü ilə reallaşdıraraq dünyanın bir çox dövlətinə böyük faydalar gətirən transmilli layihələrə, irəli sürdüyü təşəbbüslərə görə ağır daşlıdır!

Bütün bunların müəllifi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir!

İndi isə daşımızı ağır edən səbəblərə və gördüyümüz işlərə keçək.

Müstəqilliyimizin ilk illəri çox ağır və keşməkeşli oldu.

Dövlətə maymaq, qorxaq, təcrübəsiz və səriştəsizlərin başçılıq etməsi ölkəni fəlakətlər girdabına yuvarlatdı, Azərbaycanı parçalanmaq, əvvəllərdəki kimi kiçik xanlıqlara bölünmək həddinə çatdırdı.

Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması labüd fəlakətlərin qarşısını aldı.

Azərbaycana qənim kəsilən qüvvələr iki dəfə dövlət çevrilişinə cəhd göstərdilər, Heydər Əliyevə sui-qəsdlər təşkil etdilər.

Lakin Ulu Tanrı rəhbərimizi qorudu, xalq isə arxasında möhkəm dayandı!

Ulu Öndər Heydər Əliyev dövlət çevrilişi cəhdlərini puça çıxardı, Azərbaycanda möhkəm və dönməz sabitlik yaratdı.

* Qanunsuz silahlı birləşmələr ləğv edildi.

* Əhalidəki külli miqdarda silah-sursat yığıldı. 

* Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

* İqtisadiyyatın gələcək inkişafını təmin edəcək "Əsrin müqaviləsi" neft kontraktını imzalatdı.

* Azərbaycanın inkişafını müəyyənləşdirən siyasi kurs yaratdı.

Tale bundan artığına imkan vermədi!

***

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev başlanmış işləri uğurla davam etdirdi, müstəqil Azərbaycanı yeni zirvələrə ucaltdı!

Ulu Öndər Heydər Əliyevin əzmi, müdrikliyi və uzaqgörənliyi sayəsində ənənəvi marşrutdan yan keçən əsas neft boru kəməri Bakı-Tbilisi-Ceyhanın çəkilişi ilə Azərbaycan karbohidrogen ehtiyatlarını birbaşa dünya bazarına çıxarmaq imkanı qazandı.

Bakı-Tbilisi-Ceyhan bu gün də uğurla fəaliyyət göstərir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə isə Bakı-Tbilisi-Qars dəmir yolu işə salındı.

Sonra Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri işə düşdü.

Bir qədər keçmiş bu kəmərin imkanları yeni qolların çəkilməsi sayəsində genişləndirildi, "Cənub qaz dəhlizi"nə çevrildi.

Hazırda 10-u Avropa İttifaqı üzvü olmaqla bu kəmər 16 dövlətə Azərbaycan qazı aparır.

Boru kəmərləri vasitəsilə qaz ixracı sayəsində Azərbaycan dünyada birincidir!

Çindən başlayaraq Mərkəzi Asiyadan keçməklə yükdaşımaların Qərbə çatdırılmasına xidmət edən, daha təhlükəsiz sayılaraq xeyli vaxta və vəsaitə qənaət imkanı yaradan Orta dəhlizin işə salınmasına da az qalıb.

Bu marşrutun da müəllifi Azərbaycandır!

Cənab İlham Əliyev Azərbaycanı dünyaya həm də idman ölkəsi kimi tanıtdı!

* Ölkəmiz I Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili və keçirilməsi sayəsində tarix yazdı.

* IV İslam Həmrəyliyi Oyunları yaddaşlara əbədi həkk olundu.

* "Formula-I" yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

Azərbaycan həm də beynəlxalq tədbirlərin uğurla baş tutduğu və müntəzəm keçirildiyi bir məkana çevrilib.

Bütün bu nailiyyətlərin zirvəsində isə II Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfər dayanır!

44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyuldu!

Düşmən ordusu darmadağın etdirilərək diz çökdürüldü, kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamağa vadar edildi!

Hələ bu harasıdır!

23 aprel 2023-cü ildə Azərbaycan Ordusu daha bir unikal əməliyyatla Həkəri çayı üzərində körpüdə yerləşən düşmən postunu ələ keçirdi, şər yoluna çevrilən Laçın qapısını birdəfəlik bağladı.

Beləliklə, ərazi bütövlüyümüz təmin olundu, 19-20 sentyabrda bir neçə saat ərzində başa çatan antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyinə və konstitusiya əsaslarının bərpasına nail olundu.

* Ərazimizdə yerləşən Ermənistan ordusunun tör-töküntüləri və terrorçu dəstələri ağ bayraq qaldıraraq diz çökdülər, bizdən aman dilədilər!

* Azərbaycan təslim olan hərbçilərin və qanunlarımız əsasında yaşamağa razılıq verən mülki vətəndaşların qalmalarına şərait yaratsa da, onlar bundan imtina edərək könüllü şəkildə ölkəmizi tərk etdilər.

* Azərbaycan Ordusu Ermənistan vətəndaşlığında olan bu insanların sağ-salamat getmələrinə normal şərait yaratdı.

* Qondarma "dqr"də müxtəlif vəzifələr tutan, azərbaycanlılara qarşı soyqırımlarında iştirak edən, terrorçu dəstələri yaradaraq onları silahlandıran və maliyyələşdirən, əsir düşən mülki vətəndaşlarımıza qarşı qəddarlıq göstərən və qətlə yetirən, habelə digər cinayətlərdə iştirak edənləri isə açıq məhkəmə iclaslarında mühakimə edərək layiqli cəzalarına çatdırdılar.

Müharibədə qalib gəlsə də, sülh təklifləri ilə çıxış edərək sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı da məhz Azərbaycandır.

Azərbaycan qalib və qürurlu dövlətdir!

Heç zaman heç kəsdən nəsə istəmir, heç bir qurumdan kredit almaq üçün boyun əymir!

Əksinə, bütün beynəlxalq qurum və təşkilatlar onu öz sıralarında görmək istəyirlər.

Azərbaycan TDT-nin yaranmasının və ona yeni nəfəs verilməsinin, fəaliyyətinin genişləndirilməsinin təşəbbüskarlarından və təşkilatçılarından biridir.

Bütün dünya TDT-nin institusional inkişafında mühüm keyfiyyət dəyişkliyinin baş verməsinin, artıq təşkilatın ideoloji və mədəni platformadan real geosiyasi aktora çevrilməsinin şahididir.

Cənab İlham Əliyev açıq bəyan etmişdir:

"Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".

Həm də mühüm vəzifə irəli sürmüşdür.

"Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik."

Azərbaycan "xristian evi" sayılan Avropa İttifaqına üzv olmaq barədə heç düşünmür də!

Nə onu gözləməyənlərin olduğu yerə gedir, nə də kimsənin qapısında boyun bükməyi özünə sığışdırır!

Əvəzində onu öz sıralarında görmək istəyənlərlə əməkdaşlıq qurur.

Azərbaycanın rəsmi üzvü olduğu mötəbər beynəlxalq və regional təşkilatlara bir daha diqqət çəkirik:

* Birləşmiş Millətlər Təşkilatı;

* Qoşulmama Hərəkatı;

* İslam Əməkdaşlıq Təşkilatı;

* İqtisadi Əməkdaşlıq Təşkilatı;

* D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı;

* Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı;

*Asiya Dövlət Başçılarının Məşvərət Görüşü;

*Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM).

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı nitqində açıq şəkildə bildirmişdir:

"Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?"

***

Müstəqilliyin ilk illərində dünyada ədalətin olduğuna, beynəlxalq qurum və təşkilatların beynəlxalq hüququn norma və prinsipləri əsasında işlədiyinə inanırdıq.

Sən demə...

İlk zərbəni ABŞ-dən aldıq!

Hərbi təcavüzə məruz qalan, torpaqları Ermənistan ordusu tərəfindən işğal edilən Azərbaycana qarşı ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəliş qəbul edildi.

Necə deyərlər - yanan da biz olduq, yaman da.

İllər sonra isə - 2001-ci ilin yanvarında böyük ümidlərlə Avropa Şurasına üzv olduq.

Münaqişəni sülh yolu ilə həlli vəzifəsini yerinə yetirəcək ATƏT-in Minsk qrupu yara-dılanda isə sevincimiz yerə-göyə sığmadı!

Bəs necə?!

Avropa bu işi beynəlxalq hüquq əsasında görəcəyinə söz verərək ayrıca bir təşkilat yaradır!

Pah atonnan!

Necə də sevinməyəsən!

Üç böyük dövlət - ABŞ, Fransa və Rusiya bu işə girişir.

Amma neyləyəsən...

Uzun illər davam edən "turist səfərləri" tut arağı və donuz kababı ilə yekunlaşırdı.

Hələ dünyanın "ən böyük və nüfuzlu" qurumu sayılan BMT-ni demirik.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin "qeyd-şərtsiz" Azərbaycan ərazilə-rindən çıxarılması barədə - 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul etdi.

Yenə də sevindik.

Dedik daha dünyada bundan böyük təşkilat yoxdur!

Bir ildə 4 qətnamə qəbul edibsə, məsələ bitir!

Azərbaycana gələndə isə...

Bəzən qətnamələrin mürəkkəbi qurumamış əməli işə keçən "ən nüfuzlu qurum" düz 27 il səbir göstərərək əlini ağdan-qaraya vurmadı!

Belə "fəaliyyəti"nin nəticəsidir ki, artıq adi təşkilatlardan birinə çevrilib və çəkilib bir qırağa!

Çünki ağzına baxan yoxdur!

Ədalətsiz müharibələr də gedir, insan hüquqları da kütləvi şəkildə ayaqlanır, beynəlxalq hüququ isə xatırlayan, saya salan qalmayıb!

Cənab İlham Əliyev üzərinə qoyulan vəzifənin öhdəsindən gələ bilməyən, "sülh danışıqları" adı altında oyun oynayan ATƏT-in Minsk qrupunun fərsiz bir qurum tək tarixin arxivinə verilməsinə nail oldu!

Qalan qurumlar isə... necə deyərlər "it əl çəkir, motal əl çəkmir!"

***

44 günlük Zəfər müharibəsinin əsl qəhrəmanına çevrilən Müzəffər Ali Baş Komandan İlham Əliyev "Qarabağ məsələsi birdəfəlik və əbədi həll olunub" deyə bəyan edib!

Həm də bu problemi Azərbaycan öz gücü, öz imkanları sayəsində çözüb! 

Ermənistanın Baş naziri N.Paşinyan da İrəvanda keçirilən "Avropa Şurası Birliyi"nin 8-ci Zirvə toplantısındakı çıxışında artıq Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olduğunu, son iki ildə heç bir tərəfdən tələfat baş vermədiyini xatırlatdı, hər iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflərin sıx şəkildə çalışdığını söylədi.

İşğal illərində BMT-nin 4 qətnaməsini yada salaraq "özgə torpaqlarından çıx" deməyən, 1 milyondan çox məcburi köçkünə çevrilərək çoxsaylı hüquqları pozulan Azərbaycan vətəndaşlarını yada salmayan, işğal etdiyi ərazilərdə urbisid, ekosid və genosid törədən Ermənistana qarşı bir qətnamə belə qəbul etməyən, onu beynəlxalq hüquqa əməl etməyə çağırmayan Avropa Parlamenti isə öz problemini özü həll edən Azərbaycana qarşı açıq qərəzini gizlətmir.

Korrupsiya və rüşvətxorluq bataqlığında boğulan, üzvləri dəfələrlə rüşvətxorluqda ittiham edilən, lobbiçiliyi gəlir mənbəyinə çevrilən bu qurum anti-Azərbaycan fəaliyyətini ilbəil gücləndirir.

2021-ci ilin mayından 2026-cı ilin 30 aprelinə qədər Avropa Parlamenti Azərbaycana qarşı 14 qərəzli və iftira dolu qətnamə qəbul edib.

Avropa Parlamenti əsas vəzifələrini unudaraq - ksenefobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, Azərbaycanı hədəfə götürərək bizə qarşı böhtan kampaniyası aparır.

Səbəb isə budur ki, öz gücümüzə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edib, separatçılığa son qoyaraq xalqımıza qarşı müxtəlif cinayətlər törədənləri ədalət məhkəməsinə cəlb etmişik.

Bütün bu qərəzə və yumşaq desək düşmənçiliyə cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı - Azərbaycan Parlamenti Əməkdaşlığı Komitəsinin işində iştiraka son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Milli Məclisin qərarında deyilir: 

1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.

***

Bəli, Azərbaycan öz qəti və kəskin qərarını verdi!

Biz qalib və qürurlu dövlət olduğumuza görə heç kəsdən yalançı iradlar qəbul etmək niyyətində deyilik!

Azərbaycanla Ermənistan arasında yaranan və sülhə aparan əlaqə və əməkdaşlığın genişləndiyi, yeni münasibətlərin formalaşdığı bir zamanda Avropa Parlamenti bu qətnaməsi ilə əslində özünü gülünc vəziyyətə salmış olur:

* Azərbaycan birtərəfli qaydada Ermənistanı blokadadan çıxarıb.

* Artıq Rusiyadan və Ukraynadan alınan taxıl, gübrə və digər məhsullar Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana daşınır.

* Azərbaycan Ermənistana benzin və yanacaq satır.

* Baş nazir N.Paşinyan Qarabağı könüllü tərk etmiş Ermənistan vətəndaşlarının geri dönüşünü müzakirə məsələsi hesab etmir.

* Sərhədlərin delimitasiya və demarkasiyası aparılır.

* Bir müddət əvvəl Azərbaycanın rəsmi nümayəndə heyəti İrəvana gedərək Ermənistan rəsmiləri ilə görüşüb.

* Sülhə aparan saziş layihəsinin mətni isə ABŞ-də paraflanıb.

Avropa Parlamentinin qərəzli gözləri nədənsə bütün bunları görmək istəmir!

* Halbuki işğalın davam etdiyi 27 ildə bir dəfə də olsun Ermənistanı ədalətə və beynəlxalq hüquqa əməl etməyə çağırmayıb, cinayət əməllərini qınayan qətnamə çıxarılmasına təşəbbüs belə göstərməyib!

* Avropa Parlamenti indiyədək bir dəfə də olsun Ermənistan tərəfindən həqiqi mina xəritəsinin verilməməsi səbəbindən günahsız insanların öldüyünü və ömürlük əlil olduğunu dilinə belə gətirməyib, onların sayı isə 500-ə yaxındır.

* Yaxud 4 minədək itkin düşmüş vətəndaşın taleyi barədə susub, onların basdırıldıqları kütləvi məzarlıqların yerinin göstərilmədiyinə münasibət bildirməyib.

* Bütün bunlar Avropa Parlamentinin Azərbaycana münasibətdə qərəzli və riyakar mövqe tutduğunu sübut etmirmi?

II Qarabağ müharibəsi dövründə Azərbaycan qanunları əsasında Azərbaycanda yaşamaq istəməyən hayları "qaçqına" bənzədərək onların "hüquqları"nı müdafiə etmək üçün indi yaxa cıranlar, 27 il məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının nə hüquqlarını müdafiə etdilər, nə də geriyə qaytarılmalı olduqları barədə hər hansı sənəd çıxardılar!

İkili standartlardan yaranan bu ikili yanaşma, əslində, qərəzdən və riyakarlıqdan xəbər vermirmi?

Lobbi qruplarının korporativ maraqlarının əsirinə çevrilən Avropa Parlamenti "Avropa dəyərlərinin qoruyucusu" funksiyasını itirdiyinin də fərqində deyil!

*** 

Bədxahlarımız əleyhimizə kampaniya aparmağa, hansısa qərəzli sənəd qəbul etməyə hər an fürsət gəzirlər.

Əllərinə tutarlı fakt düşməyəndə isə özlərindən uydururlar.

Menendesin "yurdu boş qalmayıb".

Bu gün erməni diasporunun pul kisəsindən gizli yolla maliyyələşən ABŞ-dəki bəzi konqresmenlər şəxsi maraqları naminə dövlət siyasətinin əleyhinə getməkdən belə  çəkinmirlər.

ABŞ Prezidenti Donald Trampın şahidliyi və dəstəyi ilə 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri  N.Paşinyan arasında sülhə xidmət edən mühüm sənədlərin imzalanması, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm zəfər çalması dünya erməniliyini, xüsusən ABŞ-dəki erməni diasporunu qətiyyən qane etmir.

Lakin qatar çoxdan gedib, Azərbaycan öz torpaqlarını silah gücünə geri qaytarıb!

Erməni diasporu isə suyu bulandırmağa can atmaqdadır! 

Korrupsiya və rüşvətxorluq halları dövlətin maraqlarını arxa plana keçirir...

Məhz bunun nəticəsidir ki, 22 iyul 2026-cı ildə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Azərbaycandakı erməni hərbi canilərinin azad olunmasına çağırış edilməsinə dair H.R. 9087 nömrəli qanun layihəsi qəbul etmişdir.

Menendes nəyə nail oldusa, xələfləri də ona nail olacaqlar!

* Azərbaycan dövləti heç zaman heç kəsin sözü və ya "sənəd"i ilə milli maraqlarından keçmir!

* Azərbaycan öz problemini özü həll edərək kimsədən minnət götürmür!

* Heç kəsdən də qorxub çəkinmir!

Cənab İlham Əliyevin dediyi kimi:

"Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

AĞIR DAŞLI AZƏRBAYCAN

08:00
06 Avqust

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:03
06 Avqust

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:01
06 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:59
06 Avqust

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 578 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
06 Avqust

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:55
06 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:54
06 Avqust

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:52
06 Avqust

Dövlət Proqramı çərçivəsində Türkiyədə təhsil hüququ qazanan tələbələrlə görüş təşkil olunub  

20:38
05 Avqust

Qu X-3 ulduz sisteminin təbii kosmik sürətləndirici mənbə olması təsdiqlənib  

20:31
05 Avqust

Böyük Qayıdış: Təhlükəsizliyin insan kapitalı ilə möhkəmləndirilməsi 

20:24
05 Avqust

Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə mürəkkəb klinik halları müzakirə edib  

20:17
05 Avqust

AAYDA: Bakının bütün inzibati rayonlarında küçə və prospektlər təmir olunur  

20:10
05 Avqust

Azərbaycanda iki futbol klubunun adı dəyişdirilib  

20:03
05 Avqust

Azərbaycan Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevrilir ŞƏRH  

19:56
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!