Vətənə xidmət hər zaman böyük məsuliyyət və fədakarlıq tələb edir. Bu yol insanın yalnız peşə hazırlığını deyil, həm də xarakterini, iradəsini və çətin anlarda düzgün qərar vermək bacarığını sınayır. Azərbaycan Ordusunun tarixində belə xidmət nümunələri çoxdur.
Şəhid kapitan Həmid Cəfərli də ömrünü bu amalla - vətənə sevgi, hərbi peşəyə sədaqət və zabit məsuliyyəti ilə yaşadı. Vətənə xidmət onun həyat salnaməsində uşaqlıq arzusundan başlayan, hərbi məktəblərdən keçən və döyüş meydanlarına qədər uzanan bir yol oldu.
Həmid Kərim oğlu Cəfərli 1990-cı ilin avqustunda Bakıda dünyaya göz açmışdır. 1996-cı ildə paytaxtın Xətai rayonundakı 88 nömrəli orta məktəbdə təhsil almışdır. Arzusu zabit olmaq, Azərbaycan Ordusunda xidmət etmək idi. Bu arzu onu 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Liseydə keçirdiyi 3 il onun xarakterinin və peşə seçiminin formalaşmasında mühüm rol oynadı.
2007-ci ildə liseyi bitirdi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. "Qoşun kəşfiyyatı" ixtisasını seçməsi təsadüfi deyildi. Kəşfiyyat xidməti yüksək fiziki hazırlıqla yanaşı, çevik düşüncə, dözümlülük və dəqiq qərar qəbul etmək bacarığı tələb edən sahələrdən biridir. Həmid Cəfərli məhz bu xüsusiyyətləri özündə formalaşdıraraq gələcəyin peşəkar kəşfiyyat zabiti kimi yetişdi və 2011-ci ildə ali hərbi təhsilini uğurla başa vuraraq leytenant rütbəsi aldı.
Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə zabit ixtisas kursuna göndərildi. Leytenant Həmid Cəfərli 2011-2012-ci illərdə burada kəşfiyyatçı taqım komandiri kursunu bitirdi. 2012-ci ildən "N" saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün taqım komandiri vəzifəsində xidmətə başladı. Hərb peşəsi yalnız fiziki hazırlıq deyil, həm də intizam, soyuqqanlılıq, məsuliyyət və düzgün qərar vermək bacarığı tələb edir. Həmid Cəfərli xidmət etdiyi bütün illər ərzində məhz bu xüsusiyyətləri ilə seçilən zabitlərdən oldu.
2015-ci ildə hərbi hissələrin birində kəşfiyyat bölüyünün komandiri təyin olundu. Bu dövr onun hərbi fəaliyyətində xüsusi yer tutur. Ön xəttə yaxın ərazilərdə xidmət edən kəşfiyyat zabiti kimi dəfələrlə xüsusi tapşırıqların icrasında iştirak etdi. Düşmənin nəzarətində olan ərazilərə dəfələrlə kəşfiyyat qrupları ilə daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə layiq görüldü.
Həmid Cəfərli 2017-ci ildə "N" saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin olundu. Hər yeni təyinat onun üzərinə daha böyük məsuliyyət qoyurdu. O, bu məsuliyyəti peşəkarlığı və şəxsi nümunəsi ilə doğruldurdu. Buna görə də 2019-cu ildə "N" saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olundu.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda kapitan Həmid Cəfərli artıq kifayət qədər döyüş hazırlığı və komandanlıq təcrübəsi qazanmış zabit idi. O, ilk gündən döyüşlərə qatıldı. Vətən müharibəsinin ilk günü dostuna belə yazmışdı: "Xoş o adamın halına ki, ona şəhidlik nəsib olur".
Həmid Cəfərli Cəbrayıl istiqamətində düşmənin müdafiə səddinin yarılmasında və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılan əməliyyatlarda fəal iştirak etdi. Cəbrayıl yüksəkliklərinin azad olunması uğrunda döyüşdü, Nüzgar kəndində Azərbaycan bayrağını ucaltdı, Füzuli rayonunun bir neçə kəndi və yüksəkliklərinin azad edilməsində payı oldu. Hətta iki gün şəxsi heyəti ilə birlikdə mühasirədə qaldı. Ancaq ruhdan düşmədi, bölüyü ilə birlikdə çətin şəraitdə qarşıya qoyulan tapşırıqları yerinə yetirdi, şücaət göstərdi.
Kapitan Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzulinin Pirəhmədli kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid oldu. Azərbaycan dövləti onun xidmətlərini yüksək qiymətləndirdi. Ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
Onun bir arzusu da vardı. Döyüş yoldaşlarına deyirdi: "Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam". Həmin kitab yazılmadı. Həmid 30 yaşında vətən torpaqlarını düşmən əsarətindən xilas etmək naminə şəhadətə ucaldı. Amma qəhrəman şəhidlərimizdən biri kimi Həmid Cəfərlinin də həyat yolu gələcək nəsillər üçün hər zaman minnətdarlıq hissləri ilə oxunacaq bir ömür kitabına çevrildi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"