İsveçrə Konfederasiyası Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. İsveçrə hələ SSRİ-nin rəsmi süqutundan əvvəl, 23 dekabr 1991-ci ildə dövlətimizin müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur. Gələn il 35 ili tamam olacaq diplomatik əlaqələr iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrin inkişafı üçün fundament təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyev indiyədək İsveçrəyə 21 işgüzar səfər həyata keçirmişdir. Prezident İlham Əliyev beynəlxalq Davos İqtisadi Forumuna davamlı dəvət edilən liderlər arasındadır. Prezidentimiz sonuncu dəfə bu ilin yanvarında Davos Forumunda iştirak etmək üçün orada səfərdə olmuşdur.
İsveçrə Konfederasiyası Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri həm ikitərəfli, həm də çoxtərəfli diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan-İsveçrə münasibətlərinə yeni siyasi impuls verən, qarşılıqlı etimadı gücləndirən və ikitərəfli əməkdaşlıq sahələrini zənginləşdirən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər.
Nazir Kassisin səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların formalaşdığını nümayiş etdirir. Kassisin səfər öncəsi "AzƏrtac"a verdiyi müsahibə də göstərir ki, Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi səfər gündəliyinin əsas müzakirə mövzularıdır. Ümumilikdə, İqnasio Kassisin Bakıya səfəri Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Digər tərəfdən isə ATƏT-ə sədrlik edən ölkənin xarici işlər nazirinin Bakıya səfəri Cənubi Qafqazda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə təşkilatın verdiyi əhəmiyyətin göstəricisidir. ATƏT-in Minsk qrupunun, ümumilikdə Minsk prosesinin 2025-ci de-fakto və de-yure bağlanmasından sonra ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana və regiona ilk dəfə səfər edir. Bu səfər regionda yaranmış yeni siyasi reallıqlar şəraitində, artıq Azərbaycan və Ermənistanın bir ilə yaxın sülh şəraitində yaşadığı bir vaxtda həyata keçirilir. Bu mənada İsveçrə xarici işlər naziri Kassisin səfəri həm də Azərbaycan Prezidenti İlham Əliyevin sülh və yeni model əməkdaşlıq təşəbbüslərinin, onun nəticələrinin həm ikitərəfli formatda İsveçrə, həm də çoxtərəfli formatda ATƏT tərəfindən dəyərləndirilməsidir. Bu kontekstdə Azərbaycanın ATƏT-dən gözləntisi humanitar minatəmizləməyə dəstək verməsidir. Bu gün Azərbaycan ərazilərinin böyük bir hissəsi 1,5 milyon ədəd mina və partlamamış hərbi sursatla çirklənmiş vəziyyətdə qalır.
Səfər həmçinin İsveçrənin Azərbaycanın sabitlik, əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan sülh gündəliyinə verdiyi önəmi də nümayiş etdirir. Belə ki, torpaqlarımızın işğalına son qoyulduqdan sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və Orta dəhlizin inkişafındakı rolu əhəmiyyətli dərəcədə artıb. Bu isə bütün Avropa dövlətləri, eləcə də İsveçrə üçün birbaşa və tranzit sahəsində ticari əlaqələr üçün əlavə imkanlar yaradır.
Bu baxımdan, İsveçrənin Azərbaycanla siyasi dialoqu genişləndirməsi həm Avropanın enerji təhlükəsizliyi prioritetləri, həm də Xəzər regionunun artan geoiqtisadi əhəmiyyəti ilə uzlaşır. Eyni zamanda İsveçrənin ənənəvi neytrallıq siyasəti, humanitar diplomatiya və beynəlxalq vasitəçilik təcrübəsi regionda etimadın möhkəmləndirilməsi və dayanıqlı sülhün təşviqi baxımından əlavə siyasi dəyər yaradır.
İsveçrə Orta dəhlizin inkişafında və ondan istifadədə maraqlıdır. Belə ki, coğrafi mövqeyinə görə, dənizə çıxışı olmayan ölkə kimi İsveçrə alternativ və şaxələndirilmiş ticarət marşrutlarının inkişafına xüsusi önəm verir.
Sabit və şaxələndirilmiş ticarət marşrutları Azərbaycan kimi etibarlı tərəfdaşla nəqliyyat-tranzit sahəsində uzun müddətli münasibətlər dayanıqlı iqtisadi-ticari inkişaf üçün üçün mühüm əhəmiyyət kəsb edir. İsveçrə ilə logistika, infrastruktur və rəqəmsallaşdırma kimi sahələrdə əməkdaşlıq üçün potensial böyükdür. Buna görə də, nazir Kassis Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsi kimi Cenevrədə yerləşən "Mediterranean Shipping Company" (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılmasını xüsusi qeyd etdi.
İsveçrə Azərbaycanın İtaliya, Türkiyə, Rusiya və Çindən sonra 5-ci mühüm ticarət tərəfdaşıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə İsveçrə ilə ticarət dövriyyəmiz 1 milyard 773 milyon ABŞ dolları təşkil edib. Bu isə təxminən 49 milyard 423 milyon ABŞ dolları dəyərində olan Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində təxminən 3,6 faizlik pay deməkdir. Lakin iqtisadi münasibətlərin potensialı mövcud göstəricilərdən daha böyükdür və hələ tam reallaşdırılmayıb. Hazırkı iqtisadi əlaqələr, əsasən, enerji sektorunda cəmləşib və gələcək mərhələdə onların daha da şaxələndirilməsi vacibdir.
Nazir Kassis vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır. Həmçinin Azərbaycan Avropa ilə Asiya arasında əsas əlaqədir və regional mərkəz kimi rolu artmaqdadır. Rəsmi Bern Ermənistanla sülh istiqamətində əldə olunmuş irəliləyişi bütün region üçün, o cümlədən sabitlik və iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar kimi dəyərləndirir.
Bu baxımdan, hər iki ölkənin rəsmi qurumlarının müəyyən etdiyi prioritetlər bir-birini tamamlayır. Azərbaycanın həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasəti, sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri, eləcə də Orta dəhliz üzrə artan tranzit imkanları İsveçrə şirkətləri üçün yeni investisiya imkanları yaradır. İsveçrənin isə innovasiya, yüksək texnologiyalar, maliyyə xidmətləri və sənaye sahəsində malik olduğu qabaqcıl təcrübə bu istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün əlverişli zəmin formalaşdırır.
Perspektivli istiqamətlər sırasında yüksək texnologiyalar, süni intellekt, rəqəmsal iqtisadiyyat, "fintech" (maliyyə xidmətlərinin texnologiya vasitəsi ilə həyata keçirilməsi), biotexnologiyalar, əczaçılıq, tibbi texnologiyalar, "ağıllı kənd təsərrüfatı", qida emalı və startap ekosistemi yer alır. Məsələn, İsveçrənin innovasiya mərkəzləri və texnologiya şirkətləri ilə Azərbaycanın sənaye parkları və innovasiya infrastrukturu arasında birgə R&D (tədqiqat və inkişaf) mərkəzlərinin yaradılması, texnologiya transferi proqramlarının həyata keçirilməsi və vençur kapitalı fondlarının birgə maliyyələşdirilməsi real əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilə bilər.
Bretton Vuds institutları çərçivəsində Azərbaycan və İsveçrə arasındakı əməkdaşlıq münasibətləri xüsusi bir istiqamətdir. Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi qrupda üzvlüyü qarşılıqlı etimadın göstəricisidir. Bu etibarlı və uzunmüddətli əməkdaşlıq həm də müntəzəm siyasi dialoqa, koordinasiyalı fəaliyyətə və texniki əməkdaşlığa şərait yaradır.
Bu kontekstdə maliyyə sektorunda da mühüm imkanlar mövcuddur. İsveçrə bankçılıq, aktivlərin idarə olunması və "yaşıl maliyyələşdirmə" sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Bu baxımdan, "yaşıl istiqraz"ların emissiyası, dayanıqlı investisiya fondlarının yaradılması, müasir tələblərə uyğun rəqəmsal maliyyə xidmətlərinin inkişafı üzrə birgə layihələr Azərbaycanın maliyyə bazarının inkişafına mühüm töhfə verə bilər.
Eyni zamanda peşə təhsili və insan kapitalının inkişafı sahəsində də əməkdaşlıq genişləndirilə bilər. İsveçrənin dual peşə təhsili modeli, universitet-sənaye əməkdaşlığı və tətbiqi elmi-tədqiqat institutlarının təcrübəsi Azərbaycanda yüksəkixtisaslı mühəndis, İT mütəxəssisi və texniki kadr hazırlığına dəstək verə bilər. Bu istiqamətdə birgə təhsil proqramlarının, innovasiya laboratoriyalarının və texnologiya inkubatorlarının yaradılması mühüm nəticələr verə bilər.
Növbəti mərhələdə Azərbaycan-İsveçrə iqtisadi münasibətlərinin əsas inkişaf xətti ənənəvi enerji əməkdaşlığından innovasiya, rəqəmsal transformasiya, "yaşıl texnologiyalar", logistika, maliyyə xidmətləri və insan kapitalının inkişafına doğru genişlənəcək. Belə bir model yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də yüksək əlavə dəyər yaradan uzunmüddətli strateji iqtisadi tərəfdaşlığın formalaşmasına xidmət edəcək.
Rizvan NƏBİYEV,
Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, siyasi elmlər doktoru