Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son illərdə dinamik inkişafı regional əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçılarının siyasi dialoqunun intensivləşməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyanın gücləndirilməsi, həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldilməsi bu prosesin əsas istiqamətlərini təşkil edir. Bu kontekstdə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya dövlət başçılarının növbəti Məşvərət Görüşünün yekununda qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın inkişafında mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, bəyannamə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşmış qarşılıqlı etimadın, ortaq maraqların və uzunmüddətli strateji baxışın növbəti təsdiqi olmaqla yanaşı, Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir: "Son illərdə Azərbaycanın Mərkəzi Asiya üzrə siyasəti ardıcıl və sistemli xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan strateji sənədlər, nəqliyyat, logistika, energetika, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi göstərir ki, münasibətlər artıq ayrı-ayrı layihələr çərçivəsini aşaraq, institusional xarakter alır. Çolpon-Ata Bəyannaməsi məhz bu prosesin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirən sənəd kimi diqqət çəkir. Müasir beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya geosiyasi və geoiqtisadi baxımdan strateji əhəmiyyətini artırıb. Qlobal ticarət marşrutlarının diversifikasiyası, enerji təhlükəsizliyi, logistika zəncirlərinin yenidən formalaşdırılması və alternativ nəqliyyat dəhlizlərinə marağın artması regionun rolunu daha da gücləndirir. Bu şəraitdə Azərbaycan Xəzər hövzəsinin qərb sahilində yerləşən etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Mərkəzi Asiya dövlətləri üçün Avropa istiqamətində əsas bağlantı nöqtəsinə çevrilib".
Deputat bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Orta dəhlizin inkişafı istiqamətində həyata keçirilən layihələr Şərqlə Qərb arasında yükdaşımaların artmasına mühüm töhfə verir. Bu baxımdan, Çolpon-Ata Bəyannaməsində nəqliyyat və logistika əməkdaşlığının inkişafına verilən önəm Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
S.Fətəliyeva qeyd edib ki, bəyannamənin mühüm cəhətlərindən biri əməkdaşlığın yalnız iqtisadi məsələlərlə məhdudlaşmamasıdır: "Sənəddə regional sabitliyin qorunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, davamlı inkişaf, rəqəmsal transformasiya, ekoloji təhlükəsizlik və humanitar əməkdaşlıq kimi istiqamətlərə də xüsusi diqqət yetirilir. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlığın əsas prinsiplərinə uyğun olmaqla yanaşı, region dövlətlərinin ortaq maraqlar əsasında fəaliyyət göstərmək əzmini nümayiş etdirir. Çolpon-Ata Bəyannaməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Son illərdə türk dünyasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri və humanitar inteqrasiyanın inkişafı istiqamətində əldə olunan nəticələr göstərir ki, üzv dövlətlər arasında əlaqələr ardıcıl şəkildə institusional xarakter alır. Azərbaycan bu prosesdə fəal iştirak etməklə yanaşı, təşkilatın iqtisadi və nəqliyyat gündəliyinin formalaşmasına mühüm töhfələr verir".
Bəyannamənin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədiyini deyən deputat əlavə edib ki, bu gün Azərbaycan region ölkələri ilə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, tranzit-logistika, rəqəmsal inkişaf və "yaşıl enerji" istiqamətlərində uzunmüddətli tərəfdaşlıq münasibətləri formalaşdırıb. Qarşılıqlı investisiyaların həcminin artması, nəqliyyat infrastrukturunun genişləndirilməsi və biznes əlaqələrinin intensivləşməsi bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Deputat qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət ölkəmizin həm Şərq, həm də Qərb arasında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib: "Bu siyasət nəticəsində Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda dialoqu təşviq edən, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı dəstəkləyən dövlət kimi qəbul edilir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı da məhz bu xarici siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil edir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq iqtisadi əlaqələrin yeni reallıqlara uyğunlaşdığı bir dövrdə Çolpon-Ata Bəyannaməsinin qəbulu Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açır. Bu sənəd nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və türk dünyasında çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm siyasi əsas yaradır".
S.Fətəliyeva vurğulayıb ki, Çolpon-Ata Bəyannaməsi təkcə növbəti çoxtərəfli əməkdaşlığa xidmət edən sənəd deyil, həm də Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi kimi çıxış edir. Bəyannamədə əks olunan yanaşmalar regional sabitliyin möhkəmləndirilməsinə, Avrasiya məkanında qarşılıqlı əlaqələrin genişlənməsinə və türk dünyasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edən mühüm siyasi platforma formalaşdırır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"