07 Avqust 2026 09:00
289
CƏMİYYƏT
A- A+
Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?


Hazırda texnoloji inqilabın ən sürətli və mürəkkəb dövrünü yaşayırıq. Smartfonlar, planşetlər və sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin bu rəqəmsal dünyada ən böyük zərbəni müdafiəsiz uşaqlarımız alır. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, psixoloji sağlamlığı və zərərli məzmunlardan qorunması məsələsi isə bilavasitə valideyn məsuliyyətinə daxildir. Eyni zamanda bu mövzu beynəlxalq səviyyədə müzakirə olunan və dövlətlərin qanunvericilik səviyyəsində müdaxilə etdiyi qlobal təhlükəsizlik problemidir. Sözsüz ki, ekrana bağlı böyüyən yeni nəsil sürətli informasiya mübadiləsindən faydalandığı qədər, məkan, yaş və məzmun sərhədlərinin itdiyi bir təhlükənin içindədir. Məhz bu səbəbdən dünya ölkələri və eləcə də Azərbaycan rəqəmsal mühitdə uşaqların müdafiəsini gücləndirmək üçün ciddi hüquqi və texniki addımlar atır.

Böyük Britaniya mülkü olan Gernsı adasında uşaqların internetdəki zərərli və yaşa uyğun olmayan məzmunlardan qorunması məqsədilə olduqca maraqlı və fərqli sistemlər irəli sürülür. Böyük Britaniyada qüvvədə olan "Rəqəmsal Təhlükəsizlik Qanunu" zərərli saytlara yaş məhdudiyyəti və ciddi yoxlama tələbləri qoyur. Lakin Gernsidə hələlik bu növ hüquqi sistemlər mövcud deyil. Məhz bu boşluğu doldurmaq üçün adada müxtəlif ictimai və texniki təşəbbüslər meydana gəlib. Gernsidə diqqət çəkən əsas proseslərdən biri "Smartfonsuz Uşaqlıq" kampaniyasıdır. Kampaniya nümayəndələrinin fikrincə, proqram təminatı ilə yaş məhdudiyyəti qoymaq və ya VPN vasitəsilə yayılan qadağaları idarə etmək praktiki olaraq çox çətindir. Onlar bildirirlər ki, uşaqlar rəqəmsal boşluqları tez tapırlar. Şübhəsiz ki, ən effektiv yol ibtidai və orta məktəb yaşlı uşaqlara internetə çıxışı olmayan, sadə "düyməli telefonlar"ın verilməsini sosial normaya çevirməkdir. 

Bununla yanaşı, adada ikili şəbəkə sisteminin tətbiqi də müzakirə olunur. Ekspertlər hər bir internet paylayıcısında avtomatik olaraq iki paralel şəbəkənin, yəni "uşaq üçün təhlükəsiz" və "böyüklər üçün" şəbəkələrin yaradılmasını təklif edirlər. Həmçinin mütəxəssislər məxfilik və texniki qadağaların uşaqlar tərəfindən müxtəlif yollarla aşılması məsələsinə xüsusi diqqət yetirirlər. Məsələ burasındadır ki, yaş yoxlanışı üçün şəxsi məlumatların tələb edilməsi həmin informasiyaların kənara sızması riskini artırır. Digər tərəfdən, uşaqlar VPN proqramları və digər texniki hiylələrdən istifadə edərək internetin yerini dəyişir, qoyulmuş blokları rahatlıqla aldadaraq yan keçirlər. Sözsüz ki, bu texniki boşluqlar tətbiq edilən qadağaları səmərəsiz edir. Məhz bu riskləri nizamlamaq üçün Gernsinin Daxili İşlər Komitəsi rəqəmsal təhlükəsizliklə bağlı qanunvericilik bazasına yenidən baxıldığını bəyan edib.

Uşaqların rəqəmsal mühitdə qorunması yalnız Gernsı adası ilə məhdudlaşmır. Qlobal arenada, xüsusən də Avropa və ABŞ-də bu istiqamətdə qanunlar qəbul edilir. 

Fransa rəqəmsal mühitdə yaş həddi tətbiq edən ilk ölkələrdəndir. Fransa parlamenti tərəfindən qəbul edilən qanuna əsasən, 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdə fərdi hesab açması üçün valideyn razılığı mütləq şərt hesab olunur. Fransa məktəblərində smartfonların tamamilə qadağan edilməsi isə rəqəmsal asılılığın qarşısını almağa yönəlmiş ən sərt addımlardan biridir.

Avstraliya hökuməti sosial şəbəkələrin uşaqlara mənfi təsirini minimuma endirmək üçün qətiyyətli addım ataraq 16 yaşdan kiçik uşaqların sosial media platformalarından ("TikTok", "İnstagram", "YouTube" və s.) istifadəsini tamamilə yasaqlayan qanun qəbul edib. Əgər sosial media şirkətləri bu qaydaya riayət etməzlərsə və yaşa nəzarət etməzlərsə, onları 50 milyon Avstraliya dollarına qədər cərimələr gözləyir.

ABŞ-də uzun illərdir ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini tənzimləyən "Uşaqların Onlayn Məxfiliyinin Qorunması" qanunu qüvvədədir. Bu qanun 13 yaşdan kiçik uşaqların fərdi məlumatlarının, onların adı, ünvanı, yerləşdiyi məkan və davranış vərdişlərinin valideynlərinin rəsmi icazəsi olmadan toplanmasını, saxlanmasını və reklam şirkətlərinə satılmasını qadağan edir. Lakin müasir texnologiyaların inkişafı daha yeni hüquqi addımların atılmasını tələb edib. Bu mənada, son dövrlərdə qəbul edilən "Uşaqların Onlayn Təhlükəsizliyi" qanunu rəqəmsal sahədə köklü dəyişikliklərə yol açıb. Yeni qanun "Big Tech" kimi tanınan iri texnologiya giqantlarının ("Meta", "Google", "ByteDance" və s.) üzərinə hüquqi məsuliyyət və "qayğı göstərmək öhdəliyi" qoyur. Belə ki, platformalar öz alqoritmlərini elə tənzimləməlidirlər ki, uşaqlara və yeniyetmələrə avtomatik olaraq zərərli məzmunlar göstərilməsin. Bura xüsusilə intihar, özünəqəsd, qida qəbulu pozuntuları, zorakılıq, qumar oyunları və narkotik təbliğatına aid videolar və yazılar daxildir. Şirkətlər asılılıq yaradan avtomatik oxutma və sonsuz vərəqləmə kimi funksiyaları azyaşlılar üçün məhdudlaşdırmalı, həmçinin valideynlərə uşaqlarının rəqəmsal fəallığına nəzarət etmək üçün gücləndirilmiş alətlər təqdim etməlidirlər.

Çin isə bu sahədə ən sərt rəqəmsal rejim tətbiq edən ölkələrdən biridir. Ölkədə azyaşlıların onlayn oyun oynama saatları həftədə 3 saatla məhdudlaşdırılıb. Şirkətlər bu qaydaya əməl olunmasını təmin etmək üçün hətta üz tanıması sistemlərindən istifadə edirlər. Eyni zamanda "TikTok"un analoqu olan "Douyin" platformasında 14 yaşdan kiçik uşaqlar üçün xüsusi "gənclik rejimi" tətbiq olunur. Bu rejimdə uşaqlara, sadəcə, elmi və maarifləndirici məzmunlar göstərilir, gündəlik istifadə müddəti 40 dəqiqəni keçə bilməz və saat 22:00-dan sonra tətbiqə giriş tamamilə bağlanır. Həmçinin qanunvericilik azyaşlıların canlı yayımlarda blogerlərə pul və virtual hədiyyələr göndərməsini də qətiyyətlə qadağan edir.

Azərbaycan da qlobal çağırışlardan kənarda qalmır. Ölkəmizdə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində kompleks hüquqi islahatlar həyata keçirilir. İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Bu layihə Azərbaycan Respublikası Prezidentinin "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır. Bu sənəd hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə və mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub.

Sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların müstəqil açılması üçün minimum rəqəmsal yetkinlik yaşı 16 yaş müəyyən edilir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" sənədə əsasən, 16-18 yaş arası şəxslər də uşaq kateqoriyasına aid edilir. Bu səbəbdən həmin yaş qrupunun platformalarda hesab yaratması, paylaşım etməsi və istifadəsi yalnız qanuni nümayəndələrin (valideynlərin) razılığı və nəzarəti ilə mümkün olacaq. Platforma provayderləri yaşa nəzarət üzrə effektiv texniki üsullar tətbiq etməlidirlər. Yaşın və valideyn razılığının yoxlanılması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatlar yoxlanılacaq. Həmçinin aidiyyəti dövlət qurumlarının birgə razılığı ilə digər texniki üsullardan da istifadə edilə bilər. 16-18 yaş arası istifadəçilərin yerləşdirəcəyi məzmunlar, reklamlar və platformadan istifadə saatları valideyn tərəfindən idarə olunacaq. Provayderlər müvafiq nəzarət paneli təmin etməyə məcburdurlar. Bəyan olunan yaşla bağlı şübhə yarandıqda təkrar yaş yoxlanılması aparılmalıdır. Yaşın yoxlanılması üçün toplanmış məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi, kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qəti qadağandır. Şəxs yetkinlik yaşına çatdıqda onun uşaqlıq dövründə yerləşdirdiyi profil və məlumatlar sistemdən tam silinməlidir. Uşaqlarda psixi asılılıq yaradan sonsuz sürüşdürmə və videoların avtomatik səsləndirilməsi funksiyalarından istifadə, eləcə də zərərli reklamların yerləşdirilməsi qadağan edilir. Məkan məlumatları gizli saxlanılmalı və yüksək konfidensiallıq rejimi tətbiq olunmalıdır. Təhsil, səhiyyə və işgüzar platformalar istisna olmaqla, ölkəmizdə xidmət göstərən sosial şəbəkə provayderləri dövlət qeydiyyatından keçməlidir. Qeydiyyatdan keçməyən platformalara mərhələli maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və internet sürətinin azaldılması kimi ciddi tədbirlər tətbiq ediləcək.

Görünən odur ki, istər Gernsı adasındakı "düyməli telefon" təşəbbüsü, istər Avropadakı sərt qanunlar, istərsə də Azərbaycandakı hüquqi islahatlar eyni amala xidmət edir - uşaqlarımızı rəqəmsal bataqlıqdan xilas etmək. Əlbəttə, texnologiyanı tamamilə həyatımızdan çıxarmaq mümkün deyil. Lakin onu idarə olunacaq və təhlükəsiz çərçivəyə salmaq bizim əlimizdədir. Qanunvericilik bazası, dövlət nəzarəti və valideyn diqqəti bir araya gəldikdə rəqəmsal mühit uşaqlar üçün təhlükə mənbəyi kimi yox, inkişaf və bilik meydanına çevriləcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!