Yay gələndə, havalar isinməyə başlayanda işdən yorulan insanlar dincəlmək, təbiətə yaxın olmaq, şəhərin səs-küyündən uzaqlaşmaq, istirahət etmək üçün planlar qurur, ailə büdcəsinə uyğun istirahət yerlərini seçirlər.
İstirahətə yollanan turistlər daha çox təbiətin qoynuna səfər etməyə üstünlük verirlər. Buna görə də ölkədə yay turizmi daha çox inkişaf edib. Bu hesaba yayda turistlərin istirahət etmələri üçün istirahət mərkəzlərində kifayət qədər əlverişli şərait yaradılıb. Qusar, Qəbələ, Quba, İsmayıllı, Şəki, Lənkəran, Xızı və s. zonalarında hərtərəfli şəraiti olan turizm kompleksləri fəaliyyət göstərir.
Daim iqtisadi gücü artan, getdikcə beynəlxalq aləmdə böyük nüfuz qazanan ölkəmiz ardıcıl olaraq beynəlxalq tədbirlərə evsahibliyi edir. Belə tədbirlər ölkəmizi dünyaya daha da yaxından tanıdır və sevdirir. Şəhərlərimizin və təbiətimizin gözəlliyi bu tədbirlərdə iştirak edən insanların diqqətini özünə cəlb edir, onlarda yenidən ölkəmizə səfər etməyə maraq və istək oyadır.
Artıq yay turizminin son ayıdır. Yalnız xarici deyil, yerli turistlər də istirahətlərini ürəklərincə keçirmək üçün ölkəmizdə yaradılmış yay turizminin imkanlarından hərtərəfli faydalanaraq istirahətlərinin rahatlığını təmin edirlər. Amma turizm istirahətlə yanaşı, həm də biznesdir, bu sahə ilə məşğul olanların gəlir mənbəyidir. Dünya Turizm Təşkilatının hesablamalarına görə, əgər 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard dollar olmuşdursa, bu rəqəm sonrakı illər dəfələrlə artmışdır. Bu gün inkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur. Görünür, elə buna görə də həm dövlətlərin, həm də iş adamlarının bu sahəyə marağı az deyil.
Dönək vətənimizə. Yay aylarında Azərbaycana daha çox turistin gəlməsi ölkəmizin təbiətinin gözəlliyindən və burada onlara göstərilən xidmətin yüksək səviyyədə təşkil edilməsindən xəbər verir. İsti aylarda ölkəmizə gələn turistlər istirahətlərini daha maraqlı və səmərəli keçirmək üçün əsasən Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bölgələrə üz tuturlar. Qəbələ, Quba, İsmayıllı, Qax, Zaqatala, Balakən, Xızı, Lənkəran, Gədəbəy kimi dağ rayonlarında istirahət etmək həm təbiətlə ünsiyyətdə olmaq, həm də bu yerlərin qədim tarixi ilə tanış olmaq deməkdir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"