Onun doğum üzrə vətəndaşlıq almaq hüququnu məhdudlaşdırmaqla bağlı əvvəlki cəhdi uğursuz olmuşdu
ABŞ Prezidenti Donald Tramp iki xüsusi icra sərəncamı imzalayaraq doğum hüququ vətəndaşlığı hüququnu məhdudlaşdırmaq üçün ikinci cəhd edib. Təxminən bir ay öncə Ali Məhkəmə onun analoji ilk cəhdini konstitusiyaya zidd hesab etmişdi.
İkinci sərəncam əcnəbi hamilə qadınların doğum üçün ABŞ-yə səyahət etməsi və uşaqlarının bu doğumla ABŞ vətəndaşı olması praktikasını qadağan edir. Qeyd edək ki, ABŞ bir şəxsin ölkə daxilində doğumla vətəndaş ola biləcəyi azsaylı ölkələrdən biridir.
Tramp ABŞ-yə immiqrasiyanı məhdudlaşdırmaq üçün kampaniya vədlərini genişləndirən icra sərəncamlarını imzalayaraq deyib: "Bu, illər əvvəl baş verməli idi, amma biz indi bu məsələni həll edirik". ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Miller yeni məhdudiyyətin necə işlədiyini izah edib: "Bu sərəncam valideynləri vətəndaş olmayan, yaxud əgər onlardan ən azı biri terror təşkilatının üzvüdürsə, ABŞ vətəndaşlığını saxtakarlıqla almağa cəhd edirsə və ya ABŞ-də işləmələri başqa bir ölkənin missiyası ilə bağlıdırsa (bu, xüsusən də diplomatlara aiddir) - ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verməyi qadağan edir. İkinci sərəncamda "doğum turizmi"nə qoyulan qadağa, artıq dünyada heç kimin bu saxtakarlıq məqsədi ilə viza almasına icazə verilməməsi deməkdir".
Müşavirin dediyinə görə, bu insanlar ABŞ-yə turist pərdəsi altında gəlirlər. Lakin onların burada olmalarının əsl məqsədi uşaq sahibi olmaq, onlara vətəndaşlıq almaq və sonra ölkəmizi tərk etməkdir. Sonra bu uşaqlar sosial müavinətlərə, səsvermə hüququna və amerikalılar kimi bütün digər hüquq və imtiyazlara çıxış əldə edirlər. Miller bildirib ki, Prezidentin İmmiqrasiya və Vətəndaşlıq Qanununun bir hissəsinə əsasən "doğum turizmi"ni qadağan etmək səlahiyyəti var və bu maddə Prezidentə ölkəyə giriş üçün istisnalar və məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir.
Icra sərəncamlarının imzalandığını açıqlayan D.Tramp iddia edir ki, "doğum turizmi" sayəsində ABŞ-də yüz minlərlə körpə dünyaya gəlib: "İndi adamlar bunun ətrafında biznes qururlar, varlı insanlar doğum hüququ vətəndaşlığı ətrafında biznes sahibi olurlar. Bu, baş verməməlidir".
Amma D.Trampın məlumatları ABŞ siyahıyaalma məlumatlarına əsaslanan Miqrasiya Siyasəti İnstitutunun hesablamaları ilə ziddiyyət təşkil edir. Bu hesablamalara görə, "doğum turizmi" nəticəsində ABŞ-də hər il 22 min ilə 26 min arasında körpə dünyaya gəlir. 2024-cü ildə hökumət məlumatları göstərir ki, ünvanı xaricdə olan analardan 9600 körpə dünyaya gəlib. Milli statistikaya görə, həmin il ABŞ-də ümumilikdə 3,6 milyon körpə dünyaya gəlib.
Reuters agentliyi qeyd edir ki, ABŞ-yə uşaq dünyaya gətirmək və vətəndaşlıq almaq üçün gələn əcnəbilərin sayı və ya bunun Amerika vergi ödəyiciləri üçün xərcləri barədə rəsmi rəqəmlər yoxdur.
ABŞ-də doğum hüququ ilə vətəndaşlıq hüququ konstitusiyanın 14-cü düzəlişində təmin edilir və bu düzəlişdə deyilir: "ABŞ-də doğulmuş və ya naturalizasiya olunmuş və onun yurisdiksiyasına tabe olan bütün şəxslər ABŞ-nin və yaşadıqları ştatın vətəndaşlarıdır." Bu düzəliş, Amerikada Vətəndaş Müharibəsinin bitməsindən qısa müddət sonra - 1868-ci ildə təsdiq edilmiş və keçmiş kölələrin hüquqlarını təmin etmək, ayrı-ayrı ştatların onları məhdudlaşdırmasının qarşısını almaq məqsədi daşıyırdı.
D.Trampın yeni icra sərəncamı çox güman ki, bu dəfə də məhkəmədə etiraz ediləcək və 14-cü düzəlişə uyğunluğu araşdırılacaq. Kaliforniya Universitetinin Devis Hüquq Məktəbinin professoru Qabriel Çinin sözlərinə görə, icra sərəncamının bəzi müddəaları qüvvədə qala bilər, lakin digər aspektlər "ciddi konstitusiya sualları doğurur". Alim təsdiqləyir ki, Prezidentin xüsusən də doğuş məqsədilə ABŞ-yə girişi məhdudlaşdırmaq üçün müəyyən səlahiyyəti var. "Amma bu baş verdikdən sonra, yəni ABŞ-də uşaq doğulandan sonra, Prezidentin həmin uşağın vətəndaş olmadığına qərar vermək səlahiyyəti olduğunu düşünmürəm", - deyə o bildirib. Professor ABŞ-dəki milyonlarla doğuşa nisbətən "doğum turizmi"ni "dənizdə damla" adlandırıb və qeyd edib ki, "bu, qeyri-adi bir haldır".
Rizvan CƏFƏROV,
"Azərbaycan"