13 İyun 2026 08:40
141
SİYASƏT
A- A+
Vətənə fəda edilmiş ömür

Vətənə fəda edilmiş ömür


Azərbaycan tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət olub. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin "dəmir yumruğ"u yeni reallıqlar yaradıb. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub"  deyən dahi şəxsiyyət bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. 

Dahi liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli Lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!" deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. 

1990-cı ilin yayında vətənə qayıdan Heydər Əliyev Naxçıvanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 

Ümummilli Liderin Naxçıvana gəlməsi, sözün əsl mənasında, tarixin hökmü idi. Çünki həmin dövrdə Naxçıvanda mürəkkəb şərait yaranmışdı. Bir tərəfdən SSRİ rəhbərliyinin Azərbaycana hərtərəfli təzyiqləri, digər tərəfdən ermənilərin ölkəmizin digər bölgələri ilə yanaşı, Naxçıvana əsassız torpaq iddiaları və bu iddiaların nəticəsi olaraq qədim diyarın blokadaya alınaraq işğal edilməsi planı vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir tarixi şəraitdə Naxçıvan məhv olmamaq üçün möcüzə gözləyirdi, hansı ki bu möcüzəni qədim yurdun insanlarına elə onun böyük oğlu Heydər Əliyev bəxş etdi. Xalqımızın böyük oğlu tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış, onun milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.

Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev bununla bağlı demişdir: "Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu".

1993-cü ildə son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürərək, Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxardı. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordumuz ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.

Ümummilli Liderin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Tarixi zərurətdən yaranan bu qayıdışla xalqımız müstəqil dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Ulu Öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı. Prezident İlham Əliyevin dediyi kimi: "Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır".

Bu, böyük qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur. Prezident İlham Əliyevin dediyi kimi: "İctimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə -  xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu".

Azərbaycan xalqı öz Ümummilli Liderini qoruyub yaşatdığı kimi, dahi şəxsiyyət Heydər Əliyev də Azərbaycanı hifz etdi, yaşatdı, ən yüksək zirvələrə çatdırdı. Onun siyasi tərcümeyi-halı Azərbaycanın 35 illik quruculuq tarixini əhatə edir. Bu tarixi inkişafın altında yalnız bir şəxsin - xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin möhürü vardır. Haqlı olaraq bu dövr tarixdə "Heydər Əliyev dövrü" adlandırılır. Məhz bu dövrdə Azərbaycan özünün həqiqi inkişafına və sabitliyə nail olub, güclü ordusu, iqtisadiyyatı, milli dövlətçiliyi, peşəkar kadrları, illik büdcəsinə bərabər valyuta ehtiyatları olan, dünyanın aparıcı dövlətlərinin regional maraqlarını özünün milli maraqlarına tabe etdirməyi bacaran dövlətə çevrilib. 

Ümummilli Lider Heydər Əliyev xalqı uğrunda mübarizə apardı. Bu mübarizədə bütün çətinliklərə sinə gərərək, öz xalqının firavan istiqbalını, rifahını, azadlığını təmin etdi. Heydər Əliyev xalqımızın milli-mənəvi şüurunu alovlandıraraq, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar apararaq ölkəmizin qısa müddətdə inkişafına və dünyada tanınmasına səbəb oldu. Bu gün Azərbaycan adı səsləndikcə, bayrağımız yüksəklərdə dalğalandıqca xalqımızın qurtuluşu, azadlığı, rifahı bütün dünya dövlətləri arasında yaxşı mənada müzakirə edilir.

Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə Heydər Əliyevə minnətdardır. Bu da bir həqiqətdir ki, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır" deyən Ümummilli Liderin  yaratdığı Azərbaycan onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləridir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

Ümummilli Liderimizin bütün ömrü mənsub olduğu xalqa  xidmətdə keçmişdir. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevə əmanət etmişdir. 

Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır. Prezident İlham Əliyev demişdir: "Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".


Aysel DÜNYAMALIYEVA, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!