Müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan Milli Qurtuluş Günü dövlətçilik tariximizə qürurverici və şanlı bir mərhələ kimi həkk olunub. 15 İyun tarixi xalqımızın böyük bəlalardan xilas olaraq, gələcək qüdrətli dövlətin təməllərini atdığı müqəddəs bir gün kimi yüksək qiymətləndirilir. Bu tarixi dönüş nöqtəsini millətimizə bəxş edən dahi şəxsiyyət isə məhz Ulu Öndər Heydər Əliyevdir.
Sovet İttifaqının süqutundan sonra, müstəqilliyə can atan digər respublikalar kimi, Azərbaycanda da milli azadlıq hərəkatı geniş vüsət almışdı. Lakin həmin dövrdə ölkəmizdə cərəyan edən siyasi proseslər daha mürəkkəb və təhlükəli xarakter daşıyırdı. Bir tərəfdən mənfur qonşularımızın torpaq iddiaları fonunda alovlanan müharibə, digər tərəfdən isə ozamankı naşı və səriştəsiz rəhbərliyin hakimiyyət hərisliyi ölkəni real uçurumun kənarına gətirmişdi. Müstəqilliyimizin ilk illərində xalqın rəyini nəzərə almadan idarəçiliyi ələ keçirən və dövlət idarəçiliyindən tamamilə uzaq olan qüvvələr faktiki olaraq Azərbaycanı çətin sınaqlar qarşısında tək qoymuşdular. Bununla yanaşı, siyasi maraqların qanunsuz silahlı dəstələr vasitəsilə həyata keçirilməsi ölkədəki sosial, iqtisadi və mənəvi xaosu pik həddə çatdırmışdı. Xarici bədxah dairələrin sifarişi ilə etnik zəmində qarşıdurmaların qızışdırılması və separatizm meyillərinin baş qaldırması dövləti vətəndaş müharibəsinin astanasına sürükləyirdi. Belə bir kritik vəziyyətdə çıxış yolu axtaran Azərbaycan xalqı öz xilaskarını məhz Heydər Əliyevin simasında görürdü. Dövlətçilik təfəkküründən məhrum olan, hərbi qüvvələri şəxsi ambisiyalarına alət edən qrupların təhdidlərindən çəkinən və prosesləri idarə edə bilməyəcəyini anlayan AXC-Müsavat hakimiyyəti çıxılmaz vəziyyətdə qalaraq sonda dahi liderdən kömək istəmək məcburiyyətində qaldı.
Həmin dövrdə Naxçıvan Ali Məclisinə rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev xalqın və ölkə rəhbərliyinin israrlı müraciətlərinə cavab verərək, iyunun 9-da Bakıya gəldi. Respublikanı vətəndaş müharibəsinin real hədəsindən xilas etmək missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndər öz canını təhlükəyə ataraq dərhal Gəncəyə yollandı və orada alovlanan qardaş qırğınının qarşısını qətiyyətlə aldı. Çox böyük risklərə rəğmən dahi lider dövlət təməllərinin qorunması məsuliyyətini çiyinlərində daşıdı. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" deyən Ümummilli Lider mövcud böhranı aradan qaldırmaq üçün ilk növbədə ölkədə vətəndaş birliyini və daxili sabitliyi bərpa etdi. Bununla da gələcək yüksəlişin əsas bünövrəsi qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmizin ən yeni tarixində bu gün də uğurla davam edən rəşadətli bir dövr başladı. Məhz bu səbəbdən 15 İyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və bu əlamətdar hadisə 1998-ci ildən bəri rəsmi dövlət bayramı kimi qeyd edilməkdədir. Prezident İlham Əliyev bu tarixi dönüş nöqtəsinin əhəmiyyətini belə ifadə edib: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur".
Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilən böyük diplomatik səylər sayəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs rejiminə nail olundu. Dahi rəhbərin uzaqgörən və planlı strategiyası qısa müddətdə ölkədə daxili sabitliyi bərpa etdi, həmçinin Azərbaycanın zəngin təbii sərvətlərindən milli maraqlara uyğun şəkildə istifadə olunması üçün fundamental zəmin yaratdı. İqtisadi yüksəlişdə neft amilinin həlledici rol oynayacağını öncədən görən Ümummilli Liderin qətiyyəti sayəsində elə həmin il sentyabrın 20-də beynəlxalq miqyaslı tarixi "Əsrin müqaviləsi" imzalandı. Bu nəhəng addım müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf xəttini müəyyən etdi, eyni zamanda ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasının möhkəm əsasını qoydu.
Ümummilli Liderin həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı tamamilə süquta uğramaqdan, məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Respublika ərazisində asayiş və ictimai qayda-qanun yenidən bərqərar edildi, uzun müddət davam edən özbaşınalığa, soyğunçuluğa və vətəndaşların mülkiyyətinə qanunsuz müdaxilələrə birdəfəlik son qoyuldu. Paralel olaraq dağınıq hərbi dəstələrin əvəzinə vahid komandanlığa tabe olan qüdrətli nizami ordu formalaşdırıldı, Qarabağ müharibəsində atəşkəsin əldə olunması ilə münaqişənin dinc və diplomatik yollarla nizama salınmasına dair geniş danışıqlar prosesinə start verildi. Həmin illərdə çevik idarəetmə sistemi tamamilə yenidən quruldu və bununla da insanların öz dövlətinə olan sarsılmış inamı geri qaytarıldı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri etmək cəhdlərinə qətiyyətlə son qoyulduqdan sonra ölkədə ilk demokratik parlament seçkiləri keçirildi və ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Eyni zamanda respublikanın xarici əlaqələri milli mənafelər çərçivəsində formalaşdırıldı, ölkənin dünya birliyinə fəal inteqrasiyası prosesi başladı. Daxili mühitdə dərin siyasi islahatlara təkan verilməsi isə ölkədə çoxpartiyalı sistemin yaranmasını və demokratik təsisatların inkişafını təmin etdi.
Müasir Azərbaycan məhz Ümummilli Liderimizin xəyal etdiyi azad, suveren və ərazi bütövlüyü tam bərpa olunmuş qüdrətli dövlətdir. Ulu Öndərin ən böyük amalı və həyat qayəsi Azərbaycan torpaqlarını bütöv görmək idi. Vaxtilə yurdundan didərgin düşmüş soydaşlarımızla görüşlərinin birində dahi rəhbər gələcək qələbəyə olan sarsılmaz inamını bu ifadələrlə dilə gətirmişdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".
Ulu Öndər Heydər Əliyevin bu müqəddəs arzuları 27 ildən sonra gerçəkliyə çevrildi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Dahi liderin ən böyük istəyi məhz Qarabağı, Şuşanı və Zəngəzuru azad görmək idi. Dövlətimizin başçısı bu tarixi missiyanın tamamlanmasını xalqa müraciətində böyük qürur hissi ilə belə elan etmişdi: "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!"
Hazırda Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Kəlbəcərdə üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanmaqdadır. Qarabağda qazanılan şanlı Zəfər regionun geosiyasi mənzərəsini kökündən dəyişərək yeni reallıqlar formalaşdırıb. Beynəlxalq güc mərkəzləri və aparıcı dövlətlər artıq bu reallığı tam qəbul edir və rəsmi Bakı ilə hesablaşırlar. Bu gün Azərbaycan postmünaqişə dövrünün regional gündəliyini təkbaşına diktə edən tərəfdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı, möhtəşəm bərpa-quruculuq işləri icra olunur. Bütün bunlar göstərir ki, Azərbaycanı qarşıdakı illərdə daha parlaq və böyük uğurlar gözləyir. Bir sözlə, 1993-cü ilin Qurtuluşundan başlanan strateji yolun məntiqi zirvəsi bu gün fəxrlə bəhs etdiyimiz böyük Zəfərimizdir.
Digər mühüm bir məqam isə beş il öncə məhz 15 İyun - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində iki qardaş ölkə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanmasıdır. Bu mühüm sənədin Qurtuluş Gününə və tarixi Qars müqaviləsinin 100 illiyinə təsadüf etməsi çox dərin simvolik məna daşıyırdı. Şuşa Bəyannaməsi Bakı ilə Ankara arasında müştərək maraqların qorunması, eləcə də bölgədə qarşılıqlı etimad və sabitliyin gücləndirilməsi baxımından əvəzsiz bir başlanğıc nöqtəsinə çevrildi. İyunun 15-də atılan bu addım regionun geosiyasi gələcəyini müəyyən edən yeni bir mərhələnin əsasını qoydu. Bölgədə sülhün, təhlükəsizliyin və rifahın qarantı qismində çıxış edən bu bəyannamə, Azərbaycan-Türkiyə strateji əlaqələrinin gələcək inkişaf xəttini cızan fundamental bir yol xəritəsidir.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı