Azərbaycan tarixində yaddaqalan hadisələr, xalqımızın taleyini dəyişən, olduqca vacib əhəmiyyət daşıyan, həyatımızı müəyyənləşdirən proseslər və önəmli başlanğıclar çox olmuşdur. Bu, özündən sonrakı hadisələrə işıq tutmuş, xalqımızın gələcək yolunu müəyyənləşdirmişdir. Bu tarixlərdən biri 15 İyun - Milli Qurtuluş Günüdür.
Təqvimin 15 iyun gününü Azərbaycan xalqının tarixinə yazan da Ümummilli Lider Heydər Əliyev olmuşdur. Dünyanın siyasi xaritəsində böyük xilaskarlıq missiyasını uğurla həyata keçirərək möhtəşəm addımlar atan liderlərin sırasında Heydər Əliyevin olması Azərbaycan xalqının dünya tarixinə öz adını yazdırması deməkdir.
20-ci əsrin sonlarında yenidən müstəqillik əldə edən xalq bir müddətdən sonra bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanda hakimiyyət böhranı baş vermiş, anarxiya bütün respublikanı öz ağuşuna almışdı. Hərc-mərclik, özbaşınalıq, anarxiya, dövlət institutlarının işləməməsi, bütün bunlar həmin dövrün realıqları idi. Siyasətdən kənar fiqurlar öz avantürist eksperimentlərini Azərbaycan xalqının başında sınayırdılar.
Ovaxtkı iqtidar hadisələri düzgün dəyərləndirə bilməsə də, xalq hamısını görürdü. Eyni zamanda xalq vəziyyətdən çıxış yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişində görürdü. Ona görə Ümummilli Lider Heydər Əliyevə çağırış etdi. Bu çağırışa səs verən Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəldi və respublikanı böhrandan xilas etməyə başladı.
Dövlət idarəçiliyi çətin prosesdir. Onun uğurlu, ya uğursuz idarəçiliyi diskussiyaların mövzusudur. Dövlətin uğursuz dövlət kimi xarakterizə edilməsi üçün qeyri-müəyyən vəziyyətin olması kifayətdir. Hər hansı bir konkret vəziyyətdə hadisələrin hara apardığı aydın görünmürsə, dəqiq, ardıcıl və ən əsası işlək bir siyasət yürüdülmürsə, siyasi və hüquqi diskursda uğurlu dövlətdən danışmaq absurd olur. Şübhəsiz ki, heç bir ölkə bütün meyarlara tam cavab verə bilməz. Lakin ovaxtkı Azərbaycan iqtidarı yürüdülən səbatsız siyasətin nəticəsi olaraq heç ilkin meyarlara belə cavab verə bilmirdi. Zəifləmə və uğursuzluq prosesləri ölkəni daha acınacaqlı aqibətlə üz-üzə qoymuşdu.
Böhran obyektiv reallığın inkar edilməsi, düzgün qiymətləndirilmənin olmamasının nəticəsidir. Özündən qəhrəman qurmaq istəyən kəsləri xalq son dərəcə aydın təsbit edir. Xalqa isə yalancı lider deyil, həqiqi lider lazım idi. O zaman Heydər Əliyevə müraicətlərin edilməsi göstərdi ki, xalq həm də uzaqgörən vizyona malikdir.
Azərbaycan bugünkü reallığı bütün bu vacib amillər işığında yarada bildi. Ölkənin son dərəcə ağır bir dövründə Heydər Əliyevin hakimiyyətə qayıtması, sadəcə, xalqın taleyində dönüş nöqtəsi deyildi. Heydər Əliyev fenomeninin hakimiyyətdə olması müstəqillik əldə edən digər dövlətlər üçün də xüsusi əhəmiyyət kəsb edirdi.
Məhz belə bir zamanda çox çətin bir missiyanın öhdəsindən gələn Ümummilli Lider reallıqları nəzərə alaraq çevik addımlar atmağa başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması xalqımızın və regionun bugünkü transformasiyasının əsasını qoydu. Dirçəliş məhz bu müqavilə ilə başladı. Ardınca qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi dünya miqyaslı layihələrin fəal iştirakçısına, habelə təşəbbüskarına çevrilməyimiz, sadəcə, bugünkü Cənubi Qafqaz siyasətinin deyil, dünya siyasətinin mərkəzində dayanmağımıza gətirib çıxardı. Bəli, bütün bu hadisələr başlanğıcı 1993-cü il 15 iyun olan tarixin uğurlarıdır.
Heydər Əliyev həm də türk dünyasının böyük Lideri, Azərbaycan tarixində əvəzsiz xidmətləri olan fenomenal şəxsiyyətdir. Onun yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı, vətənə və torpağa bağlılığı Prezident İlham Əliyevin də fəaliyyətinin ana xəttidir. Məhz bu genetik kodda olan yüksək və ali xüsusiyyətlər ölkəmizin inkişaf strategiyasının əsasıdır.
Azərbaycan xalqı inana və güvənə biləcəyi şəxsə ehtiyac duyurdu. Odur ki, vətəndaş qırğınından dönən xalqımız adımızdan danışmaq üçün məhz Heydər Əliyevi seçdi. Yalnız Ümummilli Liderin şəxsi keyfiyyətləri və iradəsi xalqımızın istəklərini və iradəsini təcəssüm etdirməyə qadir idi. O, hər bir hadisədə xalqın nümayəndəsi kimi çıxış edirdi. Biz bunun ən ağır tarixlərimizdən biri olan 20 Yanvar hadisələrində də şahidi olduq, Gəncə qiyamında da. Heydər Əliyev ittifaq dövründə də, ondan sonra da çəkinmədən tənqidi baxış bucağı formalaşdırmağı da, onu qoruyub saxlamağı da bacarırdı. Son dərəcə templi siyasi mühitdə Heydər Əliyev praqmatik siyasət yürütməyi də, etiraz edib sözünü deməyi də mükəmməl bilirdi. Bu, məhz xüsusi liderlik keyfiyyətləri deməkdir. Bu, vətəndaşlara siyasi ardıcıllar kimi öz tarixini bilmək, müxtəlif siyasi sistemlərdə tarixi həqiqətin əhəmiyyətini dərk etmək və nəhayət, bu, hakimiyyəti idarə etmək yolunda zərurət kimi mənəvi və etik ölçülər idi.
Xalqımız mənəvi və etik ölçülərin dəyərini 44 günlük Vətən müharibəsində bir daha sübüt etdi. Sübut etdi ki, mənəviyyat, ləyaqət və Vətən sevgisi hər bir hissdən alidir. Torpağa duyulan həsrət özünü artıq gözlədə bilmirdi. Bütün azərbaycanlılar bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində birləşdi. Bu birlik "dəmir yumruğa" çevrildi. Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"u Ermənistana elə bir zərbə vurdu ki, o zərbənin hərbi və siyasi nəticələri qədər psixoloji, mənəvi təsiri də dağıdıcı və yıxıcı oldu. Azərbaycan işğalçı Ermənistanı həqiqətlə üz-üzə qalmağa vadar etdi. Azərbaycan Ermənistana 1990-cı illərin xaotik aqibətini yaşatdı. Erməni cəmiyyətini elə bir duruma saldıq ki, bir daha yanlış vədlərin arxasınca getməyi ağlına belə gətirməsin. Məhz bu iradənin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqazın qalib, Ermənistan məğlub dövlətidir.
İqtisadi siyasət, ordu quruculuğu, sosial siyasət - bütün bunların hər biri Ümummilli Liderin həyata keçirdiyi siyasətin əsas istiqamətləri olsa da, onun fəaliyyətində mühüm yer tutan məsələlərdən biri də cəmiyyətin ideoloji baxımdan həmrəy və sağlam əsaslar üzərində inkişafı idi. Bu baxımdan Heydər Əliyev gənclər siyasətinə xüsusi önəm verirdi. O, hələ sovet dövründə rəhbər vəzifələrdə çalışarkən ordunun milliləşdirilməsi və milli hərbi kadrların hazırlanması istiqamətində qətiyyətli addımlar atmışdı. Məhz həmin addımların sayəsində çoxsaylı azərbaycanlı gənclər və zabitlər hərbi təhsilə cəlb olundu, peşəkar hərbi kadr potensialı formalaşdı.
Heydər Əliyev gənclərin mülki təhsilinə də xüsusi diqqət yetirirdi. Bu məqsədlə Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil almaları üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilirdi. O, yüksək intellekti, milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhuna malik gənc nəslin yetişdirilməsini strateji vəzifə hesab edirdi. Məhz həmin gənclər sonrakı dövrlərdə Vətən qarşısındakı tarixi missiyanı yerinə yetirərək, öz həyatlarını təhlükə qarşısında qoymaqdan çəkinməyərək Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə atıldılar və tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadılar.
Müstəqil Azərbaycan tarixinin ən şərəfli, ən şanlı günləri Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Ümummilli Liderin də, Azərbaycan xalqının da taleyində 15 İyun xüsusi əhəmiyyətə malikdir. Bu əhəmiyyət 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən rəsmiləşdirildi. Belə ki, Milli Məclis 15 İyun tarixinin Milli Qurtuluş Günü elan edilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün əldə etdiyimiz hər bir uğurda bir daha 15 İyun - Milli Qurtuluş Gününün payı var.
Ulu Öndər xalqın möhkəm inamı və dəstyi sayəsində daha qərarlı, qətiyyətli qərarlar verirdi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü onda idi ki, o yalnız və yalnız xalqına arxalanırdı. Bütün bunlarla yanaşı, Heydar Əliyevin şəxsiyyəti böyük idi, nəhəng idi. Məhz buna görə vətəndaşların haqq və hüquqlarını, əmlaklarını talayan qəsbkarları hakimiyyətdən uzaqlaşdırmaqla cəmiyyətdə nizam və intizam yaradan Heydər Əliyev iqtisadi dirçəlişimizin əsasını qoya bildi. Azərbaycanın bugünkü reallıqlarının təməlində 1993-cü ildən 2003-cü ilə qədər görülən işlər durur. Heydər Əliyev Azərbaycanı Şuşasız təsəvvür etmirdi. Heydər Əliyev bu sevgini, sadəcə, Şuşayla məhdudlaşdırmırdı, Vətən sevgisinin səsini, harayını Laçın dağlarının əzizliyi ilə izah edirdi, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Kəlbəcəri Azərbaycan xalqı üçün əbədiyyət sayırdı. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsi ilə bağlı müjdəli xəbəri Azərbaycan xalqına çatdırarkən məhz Ulu Öndər Heydər Əliyevin məzarını seçmişdi. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan məhz bu müqəddəs məkandan bütün dünya azərbaycanlılarına gözaydınlığı verdi.
Bu gün Şuşa Bəyannaməsi adlı bir sənəd var. Bu bəyannamə Türkiyə ilə Azərbaycanın gücünün birləşdirilməsi, tarixboyu qoparılmağa çalışılan bağın möhkəmləndirilməsi deməkdir. Bu bəyannamə Cənubi Qafqazın həyatında yeni bir səhifə deməkdir. Bu səhifə sülh, quruculuq, əməkdaşlıq üzərindən yazılıb. Şuşa Bəyannaməsi heç bir halda aqressiv yox, regionda sülhə və əməkdaşlığa təminat verən sənəddir.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən biri də cəmiyyətdə mövcud olan parçalanmanı aradan qaldırmasıdır. Azərbaycançılıq məfkürəsi ətrafında heç bir fərq qoyulmadan hər kəsi birləşdirməyin nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində nəinki Azərbaycanda yaşayan insanlar, dünyanın hər tərəfinə səpələnmiş soydaşlarımız həmrəylik nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir sözünü, hər bir tapışırığını bir əsgər kimi qəbul edən xalqımız yalan miflərin önündə sipər oldu. Azərbaycan diplomatik masada da, informasiya cəbhəsində də uğurla müharibə apardı. Dünya azərbaycanlıları müxtəlif ölkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Biz bütün bunlara Ümummilli Liderin müəyyənləşdirdiyi yol ilə getdiyimiz üçün nail olduq.
Bu gün artıq regionun siyasi və iqtisadi xəritəsi dəyişib. Bu dəyişikliyin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Cənubi Qafqaz artıq elə bir reallıqlar üzərindən inkişaf edir ki, regiona böyük dövlətlərin marağı artıb. Azərbaycanın regional aktorlarla qurduğu əlaqələr, beynəlxalq münasibətlər sisteminin fərqli dövlətləri ilə yürüdülən siyasət, habelə Azərbaycanın öz Zəfəri ilə dünyanın müxtəlif regionlarında yaşayan xalqlar üçün nümunə olması qələbəmizin əhəmiyyətinin, onun miqyasının nə dərəcədə böyük olduğunu bir daha sübut etdi.
Türk dünyası ilə münasibətlərin dərinləşdirilməsinin əsasında dayanan amil də məhz Azərbaycan Prezidentinin atdığı addımlardır. Buna görədir ki, bütün platformalarda Azərbaycan Liderinə möhkəm inam var. Azərbaycan Liderinin siyasi uzaqgörənliyi qədər şəxsi keyfiyyətləri də yüksək dəyərləndirilir. Təbii ki, bu obraz Azərbaycan xalqının müsbət obrazı deməkdir. Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, bu tədbirlərin yüksək səviyyədə təşkil olunması həm də Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması deməkdir.
Enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz, əsas və aparıcı bir elementinə çevrilib. Bu istiqamətdə Azərbaycanın sərgilədiyi mövqe nümunəvidir. Çünki Azərbaycan heç vaxt enerji resurslarından siyasi təzyiq vasitəsi və alət kimi istifadə etmir. Avropa təsisatları ilə bir çox hallarda yaşanan problemlərə baxmayaraq, Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Münasibətlərimizin ən kəskin məqamında belə, Azərbaycan təşəbbüskarı olduğu layihələrdə böyük məsuliyyət nümayiş etdirir. Bu gün Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edirsə, bu, həm də bizim diplomatiyamızın uğurudur.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və quruculuq işləri də dünya tərəfindən təqdir olunur. Təbii ki, bütün bunlar bir günün, bir neçə ilin işi deyil. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra xalq qarşısında söz vermişdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi fəaliyyətinin ana xətti olacaq. Bugünkü reallıq söz ilə əməlin vəhdət təşkil etdiyini göstərir.
Azərbaycanın iştirakçı olduğu "Cənub qaz dəhlizi" layihəsinə maraq getdikcə artır. Ölkəmizin enerji resurslarından faydalanmaq istəyənlərin sayı çoxalır. Bütün bu uğurlar sübut edir ki, 15 iyun Azərbaycan tarixinin ən önəmli günlərindən biridir.
Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü