İmperiya 1920-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasını ilhaq etsə də, azadlıq, müstəqillik mübarizəsinin qarşısını almağa qüdrəti çatmamışdı. 1920-ci ildən başlayan bu mübarizənin növbəti mərhələsi imperiyanın sərt qadağalarını da üstələdi, təhdidlərini də. Ermənistanın ərazi iddiası xalqın azadlıq, müstəqillik mübarizəsini daha da genişləndirdi, açıq müstəviyə keçirdi. Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması məsələsini Moskvanın hakimiyyət nüfuzu ilə həll etməyə cəhd göstərdi. Azərbaycan xalqı bu cəhdi mübarizəsinin tam ciddiyyəti ilə çiliklədi...
Xalqımızın azadlıq, müstəqillik mübarizəsini imperiyanın 20 Yanvar qəddarlığı da dayandıra bilmədi. Xalqın birliyi, mübarizə əzmi imperiyanın hakimiyyətini sona çatdırdı, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Dünyanın əksər dövlətləri Azərbaycanın dövlət müstəqilliyini tanıdı...
Lakin həmin dövrdə səriştəsizlik, hakimiyyət boşluğu, separatçılıq, parçalama meyilləri, ambisiyalar dövlət daxilində vətəndaş qarşıdurması yaratmaqdaydı. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdidlər yaranırdı, miqyaslı böhran duyulurdu, dövlət əmlakı, ehtiyat mənzil fondu dağıdılırdı. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi...
Xalq böyük təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Həmişə Azərbaycan xalqının səsini ürəyi ilə eşidən böyük şəxsiyyət xalqın çağırışına cavab olaraq Bakıya qayıtdı. 9 iyun 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyinin labüd iflasdan qurtuluşunun başlanğıcı oldu. Ölkəmizi bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik dühası qurtardı...
Ulu Öndər o dövrü xatırlayaraq belə demişdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Bu kəlamlar Azərbaycan tarixinin bir dövrünün siyasi gerçəkliklərini ifadə edir.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 İyun gününü bayram günü elan etdi. "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
Azərbaycan siyasi burulğandan xilas olsa da, ölkədə iqtisadi çətinliklər, ordu quruculuğunda ləngimələr, problemlər mövcud idi, dünya dövlətləri ilə siyasi münasibətlər tam nizamlanmamışdı. Böyük tarixi şəxsiyyət bütün yerli özünümüdafiə batalyonlarının buraxılması haqqında sərəncam verdi. Bu sərəncam orduda vahid komandanlığın yaradılmasının, nizam-intizamın yaradılmasının başlanğıcı oldu. Ordunun yüksəkrütbəli, yüksəkhazırlıqlı zabit kadrları ilə komplektləşdirilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi səngərlərdə əsgər və zabitlərlə söhbətlər etdi, xidmətdə fərqlənənləri təltif etdi. Bunlar şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinə birdəfəlik son qoyuldu, böyük neft müqavilələri imzalandı, dünya dövlətləri ilə beynəlxalq əlaqələr formalaşdı, ilk parlament seçkiləri keçirildi. Referendum yolu ilə Konstitusiya qəbul edildi, respublikada asayiş, qayda-qanun möhkəmləndirildi, müharibədə atəşkəs əldə edildi ki, bu da ordunun formalaşması üçün zəmin yaratdı. Bütün bunlar 15 İyunun mahiyyəti ilə həyata keçirilmişdi.
Ali Baş Komandanın sərkərdəliyi ilə həyata keçirilən Horadiz əməliyyatı qələbə ilə başa çatdı. Bu qələbənin hərbi dəyəri (1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən Horadiz əməliyyatında 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi) ilə bir sırada ordumuzun şəxsi heyətinin döyüş əzmi də yüksəldi, qələbə ruhu da...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin xarici siyasətinin başlıca istiqamətləri Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibənin sonladırılıması, torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz ocaqlarına qayıtması kimi taleyüklü məsələləri əhatələyirdi.
Ulu Öndərin arzularını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkləşdirdi. "Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". 15 İyun Azərbaycanın dövlətçilik tarixinin qurtuluşunun günüdür. Qurtuluş Günü hər bir azərbaycanlının dövlətə, dövlətçiliyə sədaqətinin günüdür. Qurtuluş Günü müasir Azərbaycanın dövlətçilik işığıdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı