13 İyun 2026 08:10
177
SİYASƏT
A- A+
Azərbaycanın bütövlüyündən türk dünyasının birliyinə

Azərbaycanın bütövlüyündən türk dünyasının birliyinə


Müasir Azərbaycan siyasi tarixinin ən mühüm mərhələlərindən biri olan 15 İyun - Milli Qurtuluş Günü yalnız siyasi hadisə deyil, eyni zamanda ölkənin taleyində dönüş nöqtəsi kimi xarakterizə olunur. Bu tarix xalqın dövlətçilik salnaməsində strateji istiqamətin yenidən formalaşdığı, idarəetmədə sabitlik və legitimliyin bərpa olunduğu epoxanın başlanğıcını ifadə edir.

1990-cı illərin əvvəllərində AXC-Müsavat iqtidarının fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində ölkədə siyasi xaos, idarəetmə böhranı və sosial gərginlik dərinləşmiş, vətəndaş qarşıdurması təhlükəli həddə çatmışdı. Belə bir şəraitdə ictimai-siyasi sabitliyin bərpası və dövlətçiliyin qorunması zərurəti ön plana çıxmışdı. Məhz bu tarixi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ümummilli Lider Heydər Əliyev ölkənin xilasının yeganə ümidi idi.

Cəmiyyətdə formalaşan geniş ictimai tələb və siyasi çağırışlar nəticəsində Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, həmin il iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Bu hadisə dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı oldu.

Heydər Əliyevin siyasi səhnəyə qayıdışı yalnız Azərbaycanın daxili sabitliyi ilə məhdudlaşmır, eyni zamanda regionun və bütövlükdə türk dünyasının gələcək geosiyasi dinamizminə təsir göstərən mühüm hadisə kimi dəyərləndirilir. Onun dövlətçilik baxışında Azərbaycanın bütövlüyü ilə yanaşı, türk dövlətləri arasında tarixi, mədəni və siyasi bağların möhkəmləndirilməsi xüsusi yer tutmuşdur. Təsadüfi deyildir ki, Heydər Əliyevin SSRİ dövründə yüksək dövlət vəzifələrində çalışdığı illərdə də onun siyasi mövqeyində milli kimlik və türk xalqlarına bağlılıq elementləri aydın müşahidə olunmuşdur. Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə o, bəzi idarəetmə qərarlarına prinsipial münasibət bildirmişdir.

Türkiyəli araşdırmaçı jurnalist Selahettin Sadıkoğluna verdiyi müsahibədə Heydər Əliyev həmin dövrə dair fikirlərini belə ifadə edirdi: "Mənim SSRİ Siyasi Bürosunda dövlət başçısı ilə ilk konfliktim 1986-cı ildə baş verdi. M.Qorbaçov Orta Asiyada türk dövlət başçılarını vəzifədən uzaqlaşdırıb onların yerinə rus millətindən olan rəhbərlər təyin edirdi. Mən buna etiraz etdim və bunun doğru olmadığını bildirdim. Lakin qərarın qəbul edildiyi istiqamət dəyişmədi. Nəticədə Qazaxıstanda ciddi ictimai narazılıq yarandı". Bu fikirlər Heydər Əliyevin siyasi mövqeyində ədalət prinsipi, milli-mənəvi dəyərlərə həssaslıq və idarəetmədə balanslı yanaşmanın mühüm yer tutduğunu göstərir.

Qazaxıstandakı məsələlərə etiraz edən qazax gənclərinin bir qismi güllələnmiş, bir qismi isə həbs edilmişdir. Hadisələrin mahiyyəti sonradan "qazax millətçiliyi" çərçivəsinə salınaraq təhrif olunmuşdur. Bu kontekstdə qeyd edilir ki, Heydər Əliyevin SSRİ rəhbərliyi ilə ilk ciddi ziddiyyətləri məhz türk xalqlarına qeyri-titul millətlərdən olan kadrların rəhbər təyin edilməsi ilə bağlı yaranmışdır. Onun türk milli kimliyinə bağlılığı və prinsipial mövqeyi nəticəsində Sov.İKP MK Siyasi Bürosundakı fəaliyyəti ilə bağlı gərginliklər formalaşmış, bu isə sonrakı mərhələdə onun istefa prosesinə aparan siyasi dinamikanın tərkib hissəsinə çevrilmişdir.

Eyni zamanda onun Qazaxıstanın rəhbəri D. Kunayev və Özbəkistanın başçısı Şərəf Rəşidov ilə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər müəyyən siyasi dairələrdə qısqanclıqla qarşılanmışdır. Bu münasibətlərin fonunda həmin liderlərə qarşı "Əliyevşina", "Kunayevşina" və "Rəşidovşina" kimi terminlərlə ifadə olunan qarayaxma kampaniyalarının aparıldığı qeyd olunur. Heydər Əliyevin sovetlər dövründə türk xalqlarına olan münasibətinin təzahürü kimi, Orta Asiya və Türkiyə dövlət rəhbərləri, eləcə də geniş ictimaiyyət tərəfindən ona yüksək ehtiram göstərildiyi bildirilir.

Qeyd etdiyimiz kimi, müasir Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi hesab edilən 15 İyun - Milli Qurtuluş Günü dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu proses nəticəsində Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıdışı türk dünyasında inteqrasiya və bütövləşmə ideyasının yeni mərhələyə keçidinə zəmin yaratmışdır. Ümummilli Lider türk xalqları və dövlətləri arasında birliyin əsas memarlarından biri kimi Azərbaycan və ümumən Qafqaz regionu üçün ağır tarixi-siyasi dövrlərdə türk xalqlarının etnik-mənəvi yaxınlığı barədə belə bir fikir ifadə etmişdir: "Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-biri ilə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik".

Təkcə nəhəng dövlət xadimi və siyasi lider deyil, eyni zamanda dərin dövlətçilik təfəkkürü və siyasi-fəlsəfi baxış sisteminə malik şəxsiyyət kimi Heydər Əliyevin bu fikirləri yüksək semantik və konseptual yük daşıyır, türk etnosunun tarixi siyasi təcrübəsini sistemli əks etdirir. Bu baxımdan Ulu Öndərin yanaşması türk etnosunun birlik modelini sinergetik özünütəşkil prinsipləri çərçivəsində izah etməyə imkan verir. Həmin ideyanın nəzəri dərinliklərinə endikcə siyasi-fəlsəfi baxımdan bu tezislər formalaşır: Heydər Əliyevin bu fikrində ilk növbədə türk xalqlarının əsrlər boyunca bir-birinə dost olması vurğulanır: "...bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar".

Türk dilinin qlottogenetik ehtiyatlar sisteminə dərindən bələd olan, milli kimliyində Azərbaycan türkcəsinin ruhu hər zaman parlaq şəkildə təcəssüm olunan Heydər Əliyev burada "dost" kəlməsini, sadəcə, ümumişlək leksik vahid kimi deyil, daha dərin semantik qatlara və mürəkkəb etnofəlsəfi məna çalarlarına malik anlayış kimi işlətmişdir. "Dostluq" anlayışı münasibətlər modeli olaraq xoş, mehriban və sülhsevər davranışlar sistemini ifadə edir.

Ali baza təhsili etibarilə peşəkar tarixçi olan Ulu Öndər türk xalqlarının keçdiyi tarixi inkişaf yolunu dərindən bilmiş, bu yolun keşməkeşli mərhələlərindən və qardaş türk xalqları arasında yaşanmış ziddiyyətli tarixi proseslərdən kifayət qədər məlumatlı olmuşdur. Bu baxımdan onun nitqində xüsusi semantik yük qazanan "dost" sözü yalnız şəxslərarası münasibətləri deyil, daha geniş mənada türk etnik yaddaşının, milli kimliyin və tarixi kontinuitetin daşıyıcısı kimi çıxış edir. Başqa sözlə, bu ifadə türk xalqları arasında münasibətlərin, sadəcə, sosial akt deyil, həm də tarixi-sivilizasion bir zərurət olduğunu ehtiva edir.

Ulu Öndər "dostluq" konseptinin əsasında ilahi-tarixi tale birliyinin dayandığını vurğulayaraq qeyd edirdi: "Biz bir kökdənik, biz birdilli xalqlarıq". Vahid kök və vahid mənşə anlayışı Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas konseptual dayaqlarından biridir. O, insanın, tayfanın, xalqın və millətin etnik mənşəyinin onun kimlik sisteminin formalaşmasında həlledici rol oynadığını xüsusi olaraq qeyd edirdi. Bu yanaşma sovet ideologiyasında mövcud olan və kimliyi daha çox sinfi meyarlarla izah edən yanaşmalardan fərqli olaraq, etnik-mədəni amillərin üstün rolunu ön plana çıxarırdı.

Sovet epoxasının mürəkkəb ideoloji və siyasi şəraitini dərindən bilən Heydər Əliyev ən sərt repressiya və təzyiqlərin belə türk xalqlarının milli yaddaşında formalaşmış ortaq kök və qardaşlıq hisslərini tam şəkildə aradan qaldıra bilmədiyini müşahidə etmişdi. Məhz buna görə də o, dövlətçilik fəlsəfəsində türk xalqlarının etnopsixoloji yaddaşında mövcud olan "ortaq kök" və "ortaq dil" anlayışlarını müasir mərhələdə birliyin ideoloji və siyasi dayaqları kimi əsaslandırmışdır. Bu yanaşma xüsusilə onun dilə və mədəni kimliyə münasibətində daha aydın şəkildə özünü göstərir.

Rus dilinin hakim olduğu, açıq və gizli şəkildə ruslaşdırma siyasətinin aparıldığı sovet epoxasında müdrik öndər hər fürsətdə öz xalqı ilə ana dilində ünsiyyətə üstünlük verirdi. Daim xalqın içində olmağa çalışan Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi insanların daxili aləmində milli duyğuları gücləndirir, onlarda milli kimliyin gələcəyinə dair inam hissini möhkəmləndirirdi. Azərbaycan xalqı sovet siyasi mühitinin bu nəhəng dövlət xadiminin timsalında ana dilinin yaşadıldığını və qorunduğunu müşahidə edirdi.

Bu baxımdan Heydər Əliyevin xüsusilə kənd əməkçiləri ilə Azərbaycan dilində danışması yalnız sosial yaxınlıq yaratmaq məqsədi daşımırdı və ya kənd əhalisinin rus dilini zəif bilməsi ilə izah olunmurdu. Əksinə, bu davranış dilin ictimai-siyasi funksiyasının ifadəsi kimi çıxış edirdi. Müasir mərhələdə Türk Dövlətləri Təşkilatı kimi platformaların formalaşdığı bir dövrdə həmin praktikanın mahiyyəti daha aydın görünür: ana dili vasitəsilə milli-siyasi mesajların ötürülməsi və ictimai şüurun formalaşdırılması.

Dahi rəhbər dilin təfəkkür və mədəniyyətlə qarşılıqlı əlaqəsini dərindən dərk edir, onu insan şəxsiyyətini formalaşdıran əsas amillərdən biri kimi qiymətləndirirdi. Hər bir xalqın mövcudluğunun əsas şərtlərindən biri onun özünəməxsus dil sisteminə malik olmasıdır. Etnoqraf Lev Qumilyov da etnosun qorunmasında dil amilinin mühüm rolunu xüsusi olaraq vurğulayırdı. Bu kontekstdə Ümummilli Liderin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mahiyyəti daha aydın şəkildə dərk olunur.

Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər belə deyirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur". Heydər Əliyev milli dil amilini milli ideologiyanın əsas sütunlarından biri kimi qiymətləndirərək bildirirdi ki, hər bir azərbaycanlı digər dilləri mükəmməl bilməklə yanaşı, öz ana dilinə münasibətdə xüsusi məsuliyyət daşımalıdır: "Bəzən keçmişdə olduğu kimi, gedib deməsin ki, 'mən rusdilli azərbaycanlıyam', yaxud da 'tam azərbaycanlı deyiləm'. Belələri bizim sıramızdan çıxmalıdır. Hər bir azərbaycanlı rus dilini, ingilis dilini, başqa dilləri mükəmməl bilərək onlardan istifadə edirsə, o öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır. Əksinə, öz doğma dilini daha da mükəmməl bilməli və ona daim hörmət etməlidir".

Heydər Əliyevin dil siyasətindəki mövqeyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir dövrdə səsləndirdiyi fikirlər arasında ideya davamlılığı müşahidə olunur. Prezident İlham Əliyev bu barədə deyib: "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". Bu yanaşmalar göstərir ki, dil məsələsi yalnız linqvistik hadisə deyil, eyni zamanda milli kimliyin, dövlətçilik düşüncəsinin və mədəni davamlılığın əsas strateji komponentidir.

Heydər Əliyev əməli fəaliyyəti ilə mükəmməl mənimsədiyi ana dilini özünün natiqlik mədəniyyəti vasitəsilə xalqın gözündə ucaldır, onun ictimai nüfuzunu möhkəmləndirir və bununla da ana dilinin qorunmasının milli mövcudluğun əsas şərtlərindən biri olduğunu nümayiş etdirirdi. Bu baxımdan dilin qorunması məsələsi yalnız mədəni-estetik dəyər kimi deyil, eyni zamanda milli nicatın fundamental istiqaməti kimi çıxış edir.

Tarixi proseslərə nəzər saldıqda aydın olur ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının qəbul edilməsi zamanı Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması sovet ideoloji sisteminin hökm sürdüyü bir şəraitdə mühüm siyasi və mədəni hadisə idi. Rus dilinin dominant mövqedə olduğu SSRİ məkanında belə bir normanın hüquqi səviyyədə rəsmiləşdirilməsi obyektiv olaraq çətin görünürdü. Lakin məhz Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik mövqeyi bu istiqamətdə həlledici rol oynadı.

Ümummilli Liderin milli dil siyasətində dilə münasibət sistemli xarakter daşıyırdı. 1970-ci illərdə "Müasir Azərbaycan dili" adlı dördcildlik dərsliyin Respublika Dövlət Mükafatına layiq görülməsi və 1970-ci ildə ümumittifaq statuslu türkoloji jurnalın nəşrə başlaması da Azərbaycan dilinin elmi və mədəni nüfuzunun yüksəldilməsi istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirilir. Bu proseslər dil siyasətinin təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət strategiyasının tərkib hissəsi olduğunu göstərir. Bu baxımdan Heydər Əliyevin sonrakı mərhələdə Türk Dövlətləri Təşkilatı ideyasının formalaşmasına aparan siyasi-ideoloji xəttində "ortaq kök" və "vahid dil" konseptlərinə istinad etməsi təsadüfi xarakter daşımır və onun düşünülmüş dövlətçilik strategiyasının davamı kimi çıxış edir. Heydər Əliyev türk xalqlarının ortaq etnogenetik və filogenetik kökdən formalaşaraq müstəqil milli dövlətlərə çevrildiyini vurğulayaraq qeyd edirdi: "Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır". Bu cümlə türk xalqları arasında mədəni oxşarlığın sadə təsviri deyil, eyni zamanda dərin fəlsəfi-ideoloji məzmun daşıyan konseptual yanaşmanın ifadəsidir. Burada "yaxınlıq", "bənzərlik" və "oxşarlıq" anlayışları vahid semantik zəncir daxilində təqdim olunaraq ortaq tarixi-mədəni kökün mövcudluğunu əsaslandıran ideya sisteminə çevrilir. Fəlsəfi baxımdan yanaşıldıqda, bu anlayışların ardıcıllıqla işlədilməsi təsadüfi deyil, əksinə, konseptual düşüncə modelinin struktur elementidir. Bu, Ulu Öndərin nitqində dil və məzmunun yalnız informasiya ötürmə vasitəsi deyil, həm də ideoloji düşüncə konstruksiyası olduğunu göstərir.

Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər saldıqda onun hər bir ifadəsində dərin məna yükünün mövcudluğu aydın görünür. O, nitqində təsadüfi söz seçiminə yol vermir, hər ifadəni məqsədli şəkildə ideoloji və dövlətçilik kontekstində formalaşdırırdı. Bu xüsusiyyət Azərbaycan himninin müzakirəsi zamanı da özünü aydın şəkildə göstərmişdir. Həmin dövrdə Ulu Öndərin dövlətçilik mövqeyi Azərbaycanın hüquqi və siyasi statusunun müdafiəsi, eləcə də onun SSRİ tərkibində bərabərhüquqlu respublika kimi qəbul etdirilməsi istiqamətində prinsipial yanaşması ilə xarakterizə olunurdu. Bu prosesdə o, hər bir ifadənin ideoloji yükünə xüsusi diqqət yetirir, dövlətçilik rəmzlərinin formalaşmasında məzmun və mahiyyət məsələsinə ciddi yanaşırdı. Himn belə başlayırdı: "Azərbaycan - dünya görmüş bu şərəfli, şanlı diyar, Vətən eşqi babalardan qalmış əziz bir yadigar". Azərbaycan KP MK-nın Heydər Əliyevin sədrliyi ilə keçirilən 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum olmuşdur ki, himnin mətnində "respublika" sözü yer almır. Müzakirə zamanı Heydər Əliyev mətnə "respublika" sözünün daxil edilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Çıxış edən bəzi şəxslər bu əlavənin mətnin poetik strukturuna uyğunlaşdırılmasının çətin olduğunu bildirmişlər. Azərbaycanın rəhbəri isə israrla belə mövqe sərgiləmişdir: "Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada 'respublika' sözü olsun". Son nəticədə aparılan müzakirələr və verilən əsaslandırmalar əsasında mətnə "respublika" ifadəsi daxil edilmiş və Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur: "Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar! Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar". Bununla bağlı Azərbaycan rəhbəri qeyd edirdi: "Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm".

Ulu Öndər türk xalqlarının "yaxınlıq", "bənzərlik" və "oxşarlıq" anlayışlarını izah edərkən məsələyə yalnız mədəni oxşarlıqlar müstəvisində yanaşmamış, bu doğmalığın eyni zamanda ziddiyyətli tarixi təcrübədən də qaynaqlandığını nəzərdə tutmuşdur. Bu mənada türk xalqlarının birliyi fəlsəfi baxımdan həm də "oppozitiv sistem" kimi şərh oluna bilər: burada qarşılıqlı münasibətlər həm yaxınlıq, həm də fərqliliklər üzərində formalaşaraq sosial reallığın qanunauyğunluqlarını əks etdirir.

Tarixi baxımdan türk dövlətləri arasında mövcud olmuş ziddiyyətlər və konfliktlər paradoksal şəkildə onların eyni sivilizasion məkana aid olmasının göstəricisi kimi də dəyərləndirilə bilər. Çünki bu münasibətlər yalnız yadlıq üzərində deyil, məhz oxşar struktur və müqayisə oluna bilən tarixi-siyasi təcrübə üzərində formalaşmışdır. Bu kontekstdə N. S. Trubetskoyun "müqayisə əsası" anlayışı da nəzəri izah üçün əlavə metodoloji çərçivə təqdim edir.

Ulu Öndər bunu xüsusi olaraq vurğulayaraq qeyd edirdi ki, ortaq milli ənənələr türk xalqlarını tarix boyu, xüsusilə də müstəqillikdən əvvəlki dövrlərdə bir-birindən ayırmamış, əksinə, onları bir-birinə bağlamışdır: "Bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-biri ilə daha sıx əlaqədə saxlayıb".

Bu yanaşma türk etnosunun tarixi davamlığını onun daxili mədəni-genetik enerjisi ilə izah etməyə imkan verir. Türk etnosunun tarixboyu müxtəlif siyasi sarsıntılara baxmayaraq mövcudluğunu qoruması onun struktur dayanıqlığının göstəricisi kimi çıxış edir. Bu mənada türk xalqlarının tarixi inkişafı bəzən eniş və yüksəlişlərlə müşayiət olunsa da, bu proseslər onların ümumi sivilizasion xətdən çıxmasına səbəb olmamışdır. Əksinə, bu tarixi təcrübə onların gələcək inteqrasiyası üçün mühüm rol oynamışdır. Heydər Əliyev də məhz bu ideyanı əsaslandıraraq türk xalqlarının gələcək inkişaf yolunu tarixi ənənələr və fundamental mədəni dayaqlar üzərində qurulmuş davamlı bir proses kimi təqdim etmişdir. Bu barədə o, fikrini belə ifadə edir: "İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik". Diqqət yetirildikdə aydın olur ki, müdrik siyasətçi türk xalqlarının gələcək inkişaf strategiyasının əsasında bir fundamental konseptin dayanmasını xüsusi vurğulamışdır. Bu konsept "tarixi ənənələr" anlayışıdır. Tarixi ənənələr hər bir xalqın düşüncə, mədəniyyət və sosial yaddaş sisteminin formalaşmasında mühüm rol oynayan əsas faktorlardan biridir. Azərbaycan və ümumən türk xalqlarının milli mədəniyyət, ədəbiyyat və incəsənət tarixini dərindən bilən Heydər Əliyevin fəlsəfi baxışlar sistemində "tarixi ənənələr" anlayışı abstrakt deyil, konkret faktlara söykənən və real məzmun daşıyan konsept kimi çıxış edir. Bu anlayışı Ulu Öndərin şəxsiyyətini, mədəni kimliyini və dövlətçilik təcrübəsini nəzərə almadan tam şəkildə dərk etmək mümkün deyildir. Göründüyü kimi, Heydər Əliyevin "tarixi ənənələr"ə istinad etməsi onun zəngin idarəçilik və dövlətçilik fəlsəfəsindən qaynaqlanan məqsədyönlü yanaşmanın ifadəsidir. Bu yanaşma türk xalqlarının keçmişdən gələcəyə uzanan inkişaf xəttini davamlılıq prinsipi üzərində əsaslandırır.

Nəticə etibarilə Heydər Əliyevin türkçülüklə bağlı irəli sürdüyü konsepsiya uzun tarixi inkişaf yolu keçmiş türk xalqlarının gələcək inteqrasiya platformasını əsaslandıran siyasi-doktrinal yanaşma kimi dəyərləndirilə bilər. Müasir dünya siyasi sistemində Türk Dövlətləri Təşkilatı kimi bir qurumun getdikcə daha da güclənməsi və institusional inkişafı bu strateji baxışın real təzahürü kimi qəbul edilir. Hazırda bu təşkilat yalnız regional deyil, eyni zamanda qlobal siyasi sistemdə diqqətçəkən yeni güc mərkəzlərindən biri kimi çıxış edir. Müxtəlif geosiyasi qütblərdə onun fəaliyyətinə dair analitik və strateji müzakirələrin aparılması da məhz bu reallığın göstəricisidir. Çünki Türk Dövlətləri Təşkilatı tarixən Avrasiya məkanında, eləcə də geniş geosiyasi coğrafiyada siyasi, demoqrafik, mədəni, iqtisadi və inzibati proseslərə təsir göstərmiş türk etnosunun müasir beynəlxalq münasibətlər sistemində yeni aktor kimi institusional şəkildə təmsil olunmasını təmin edən birlik formatıdır. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev məktəbində formalaşmış Prezident İlham Əliyev bu strateji kursu davam etdirərək onu yeni mərhələdə daha da inkişaf etdirir və beynəlxalq müstəvidə yeni keyfiyyət səviyyəsinə yüksəldir. Milli Qurtuluş Gününün ideoloji və dövlətçilik mahiyyəti, eləcə də türk dünyasının inteqrasiya prosesi bu xəttin davamlılığını və tarixi dayanıqlılığını bir daha təsdiqləyir.

Beləliklə, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində yalnız siyasi sabitliyin bərpasını ifadə edən hadisə kimi deyil, eyni zamanda milli kimliyin möhkəmləndirilməsi, müstəqil dövlətçilik ideyasının inkişafı və türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsində milli maraqlar, tarixi ənənələr, ortaq kök və ortaq dil amilləri bir-biri ilə vəhdət təşkil edərək, türk xalqlarının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm ideoloji platformaya çevrilmişdir. Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində nüfuzunun artması, türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın yeni məzmun qazanması həmin uzaqgörən siyasətin həyatiliyi və strateji dəyərinin əyani təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasət də məhz Heydər Əliyev ideyalarının müasir dövrdə uğurla davam etdiyini göstərir. Milli Qurtuluşdan başlanan və türk dünyasının bütövlüyünə uzanan bu yol Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın milli iradəsini və ortaq türk gələcəyinə olan inamını özündə əks etdirən böyük tarixi-siyasi missiyadır.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!