13 İyun 2026 09:10
143
SİYASƏT
A- A+
Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır


Müdrik dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə xalqa müraciətində demişdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev güclü lider kimi məqsədlərini aydın izah etmək və nəticələrə diqqət yetirmək bacarığına malikdir. Onda özünəinamlıqla dürüstlük, vicdanlılıq, ədalətlilik, humanizm,  sülhpərvərlik vəhdət təşkil edir, insanları diqqətlə dinləyir, onların qayğısına qalır, mərhəmətli və ədalətli bir şəxsiyyət olaraq fikrini açıq ifadə edə bilir, ətrafda vaxtında, tez, ciddi qərarlar qəbul edir, lakin reallıq dəyişərsə, kursu dəyişdirə bilir, balanslı siyasət yürüdür.

İlham Əliyev peşəkar keyfiyyətləri ilə seçilən bir liderdir. O, xarakterinin gücü, iradəsi, qətiyyəti və intuisiyası, dövlətçiliyə sadiqliyi, analitik bacarıqları ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 

Ümummilli Lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə çox şeyə nail oldu, Azərbaycanın hərtərəfli inkişafı üçün möhkəm təməl yaratdı və siyasi və iqtisadi müstəqilliyini gücləndirdi. Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi gücün ölkənin ərazi bütövlüyünün bərpası üçün ən vacib olduğunu bəyan etdi. Düzgün strategiya və düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı və iqtisadi müstəqilliyə nail oldu. Ölkənin iqtisadi tərəqqisi ordunun inkişafında da özünü göstərdi. Azərbaycan Ordusunun arsenalına ən müasir silah və hərbi texnika əlavə edildi, hərbi qulluqçuların bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin və iş şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atıldı. 

44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev müntəzəm olaraq xalqa müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını yumruq kimi birləşdirdi və müharibənin gedişatına və nəticələrinə güclü təsir göstərdi. Hər bir müraciət gələcək qələbələrin carçısına çevrildi. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi zamanı xalqa ilk müraciətində Azərbaycan Prezidenti bütün cəmiyyəti qəti qələbəyə doğru bir araya gətirdi: "Biz doğru yoldayıq. Bizim işimiz haqq işidir. Qələbə bizim olacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə Qələbə Günü kimi yazıldı. Xalqa müraciət edən Prezident İlham Əliyev Şuşanın işğaldan azad edildiyini elan etdi. 

10 noyabr 2020-ci ildə Ermənistanın təslim olunması aktı - "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı imzalandı. 

Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu. İşğaldan azad edilmiş ərazilərdə ən müasir standartlara uyğun bərpa və yenidənqurma işləri başladı və Qarabağa yeni həyat qayıtdı. Məhz Vətən müharibəsi nəticəsində Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin bərpası başladı. Zəngəzur dəhlizi (TRIPP) isə  tarixi reallığa çevrilməkdədir.

15 iyun 2021-ci ildə Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin (TRIPP) açılışının regionun həyatında yeni bir mərhələ olacağı əks olunmuşdu.

Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini aydın şəkildə ifadə etmişdir: "Birgə Müttəfiqlik Bəyannaməsi gələcək əməkdaşlığımızın yolunu göstərir". 

7 iyul 2021-ci ildə imzalanan daha bir tarixi sənəd Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölünməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Vətən müharibəsinin əsas nəticələrindən biri oldu. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması haqqında fərmanla tarixi ədalət bərpa olundu.

Artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Bu gün işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır, Böyük qayıdış reallaşır.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün bütün dünyanı müharibələrin bürüdüyü bir dövrdə sülhpərvər lider kimi çıxış edir. Onun bu sülhpərvərliyi nüfuzlu beynəlxalq  təşkilatlar  tərəfindən də dəyərləndirilir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qaliblərinin adlarını açıqladı. Mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də oldu.

Bu mükafat 2019-cu ildən etibarən təqdim olunur. Mükafat 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə Əl-Əzhərin Böyük İmamı professor Əhməd Əl-Tayyib və Müqəddəs Papa Fransisk arasında keçirilən tarixi görüşü qeyd etmək üçün təsis edilib. Görüş zamanı onlar İnsan Qardaşlığı Sənədini imzalayıblar. Dünyada barışığa və sülhə çağıran bu bəyannamənin tarixi əhəmiyyəti nəzərə alınmaqla, iki dini lider 2019-cu ildə bu mükafatın fəxri laureatları seçiliblər.

Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa töhfə verən, insanların həyatının daha da yaxşılaşdırılmasına təsir göstərən şəxslərə verilir. Mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, Roma Papası Fransisk kimi tanınmış simalar var.

Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi onun bir sıra qlobal təşəbbüslərin müəllifi olması və regionda sülh və əməkdaşlığın formalaşmasına töhfəsi ilə bağlıdır. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma regionda sülh və sabitlik üçün yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni düzənin formalaşmasına birbaşa təsir göstərəcək geosiyasi mövqeyini daha da gücləndirib. Regionda dayanıqlı sülhün əldə edilməsi, yeni əməkdaşlıq formatının yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirən qətiyyətli mövqe Prezident İlham Əliyevin liderlik bacarığının, uzaqgörən diplomatik səriştəsinin nəticəsidir. Donald Trampın Prezident İlham Əliyevi böyük lider adlandıraraq ona Ağ Evin rəmzi açarını təqdim etməsi də dövlət başçımıza olan hörmətin və böyük etimadın nümunəsidir. İndi əksər ölkələr Azərbaycanla daha dərinləşmiş əməkdaşlıqlar qurmaqla Prezident İlham Əliyevin müəllifi olduğu regional layihələrdə bilavasitə iştirak etməyə çalışırlar. Bu isə Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və liderlik bacarığının bir daha təsdiqidir.

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatındakı çıxışı müharibə və etimadsızlıqdan əziyyət çəkən bütün xalqlar üçün yol xəritəsi xarakteri daşıyırdı: "Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".

2026-cı il aprelin 26-da Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görüldü.

"Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır". Bu fikirlər Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı həmçinin qeyd edib: "30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq".

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət bu gün Cənubi Qafqazı münaqişə ocağından sabitlik və əməkdaşlıq mərkəzinə çevirib. Beynəlxalq birliyin bu tarixi nailiyyətlərə verdiyi ali dəyər isə özünü nüfuzlu mükafatlarla büruzə verir. Prezident İlham Əliyevə təqdim olunan "Sülh və Barışıq üçün Gernika mükafatı" Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda qəbul olunmasının daha bir rəsmi təsdiqi kimi tarixə yazıldı.  Vətən müharibəsi və antiterror tədbirləri sayəsində Azərbaycan ədaləti və barışı öz gücünə təmin etməklə dünya üçün örnək nümunə ortaya qoydu. Bununla sübut etdi ki, bütün çətinliklərə rəğmən nümayiş etdirilən qətiyyətli siyasi iradə sülhü bərqərar etmək iqtidarındadır. Bu gün Azərbaycan Ermənistanla münasibətlərdə faktiki əməkdaşlıq mühiti formalaşdırıb. Ötən il Ağ Evdə sülh sazişi mətninin paraflanmasından sonra iki ölkə arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Neft məhsullarının və digər zəruri malların Azərbaycan ərazisindən Ermənistana ixrac edilməsi sülhün kağız üzərində deyil, insanların gündəlik həyatında hiss olunan real faydasıdır.

"Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində ölkəmizin rəhbəri qeyd edib ki, ötən il Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması, eyni zamanda Birgə Bəyannamənin imzalanması ilə üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı  tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur: "Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür".

Azərbaycanın sülhə gedən yolu heç də asan olmayıb. Ötən onilliklər ərzində ölkəmiz münaqişənin danışıqlar yolu ilə həlli üçün xeyli səy göstərib. Qarşı tərəfin qeyri-konstruktivlik nümayiş etdirməsi nəticəsində uzun onilliklər boyu bölgə münaqişə, müharibə zonası kimi qalıb. Yalnız Azərbaycanın hərbi yolla Qarabağ məsələsini birdəfəlik yoluna qoyması ilə region, nəhayət, rahat nəfəs almağa başlayıb. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan tarixi Zirvə görüşü və ondan bir ay əvvəl Əbu-Dabidə əldə olunan razılaşmalar sülh sazişinin paraflanması ilə nəticələndi. Bununla Cənubi Qafqazda qanlı münaqişəyə son qoyuldu.

Bakının irəli sürdüyü və siyasi iradə ilə humanitar dəyərlərin harmoniyasına dayanan sülh gündəliyi hazırda bəşəriyyətin üzləşdiyi münaqişələrin həlli üçün universal model rolunu oynayır. Azərbaycanın yaratdığı bu uğurlu model sülhün yalnız arzu deyil, həm də real və əlçatan hədəf olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycanın ucaltdığı "Sülh qalası"nın dünyanın hər yerindən aydın görünməsi də bu baxımdan təsadüfi deyil. Azərbaycan Prezidentinə verilən "Sülh və Barışıq üçün Gernika mükafatı" bir daha sübut edir ki, İlham Əliyev təkcə qalib lider deyil, həm də humanizmin, sülhün və birgəyaşayışın ən böyük müdafiəçisidir. 

Qarabağa həyatın qaytarılması, sadəcə, repatriasiya deyil; bu, bölgənin qeyri-sabitlik ocağından əməkdaşlıq məkanına çevrilməsidir. Azərbaycanın dinc tikinti layihəsi dövlət strategiyasının tarixi faciəni davamlı gələcəyin təməlinə necə çevirə biləcəyinə dair bir nümunə yaradır. Bundan əlavə, Bakının quruculuq anlayışı sərhədlərlə məhdudlaşmır: iqtisadi inteqrasiyanın təhlükəsizliyin əsas təminatına çevrildiyi regional əməkdaşlıq üçün yeni bir arxitektura nəzərdə tutur.


Könül ƏLİYEVA,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!