Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş Azərbaycanın yeni minilliyin başlanğıcındakı ən mühüm nailiyyəti bu tarixi dövrə hüquqi, sivil dövlət, vətəndaş cəmiyyəti quran ölkə kimi daxil olmasındadır. Ümummilli Lider Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı möhkəm təməllər üzərində aparılan inkişaf prosesləri onun müstəqil Azərbaycan rəhbərliyinə qayıdışından sonra yeni məzmunda davam etdirilmiş, xalqımızın dövlət quruculuğu potensialı maksimum reallaşdırılaraq möhtəşəm nəticələr yaratmışdır.
Bu potensial cəmiyyət həyatının, demək olar ki, bütün sferalarına nüfuz etmiş, keçmişin ətalətə köklənmiş müəyyən stereotiplərini, həyatın adət halını almış bəzi normalarını büsbütün dəyişdirmiş, ictimai inkişafı zənginləşdirmişdir.
Bəşəriyyətin tarixi təcrübəsi belə bir həqiqəti təkrar-təkrar isbatlayıb və bu gün də sübuta yetirməkdədir ki, milli dövlətçiliyin sabitliyi və möhkəmliyi lider faktorundan birbaşa asılıdır. Yalnız icmanı milli dövlət quruculuğu səviyyəsinə yetirərək millətə, onun nailiyyətlərini tarixi qələbələrə çevirməyə qadir güclü və istedadlı liderlərə malik cəmiyyətlərdə milli dövlətçiliyin sabitliyi, möhkəmliyi təmin edilə bilər.
Azərbaycanın ən yeni tarixinin təhlili müstəqil milli dövlətçiliyimizin möhkəm təməlinin məhz 1993-cü ildə qoyulduğunu göstərir. Bu dövr yeni siyasi elitanın idarəçilik potensialı sayəsində, əvvəlki hakimiyyət dairələrinin dövlətin mahiyyəti və beynəlxalq mövqeyi barədə qeyri-sabit və anarxik baxışlarının əvəz olunması ilə xarakterizə olunmuş, müstəqil dövlətimizin formalaşması, institusional möhkəmlənməsi, dayanıqlı inkişafı və sosial-iqtisadi tərəqqisinin təminində həlledici əhəmiyyət kəsb etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.
Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdi. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".
Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə Ulu Öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi...
1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.
Bu baxımdan müasir Azərbaycanın milli dövlətçilik sistemi - azərbaycançılıq ideyasını strateji xəttə çevirən, insan hüquq və azadlıqlarını təmin edən, davamlı iqtisadi yüksəlişi reallaşdıran və ictimai tərəqqini gerçəkləşdirən iki liderin - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Ulu Öndərin strateji inkişaf kursunu uğurla davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Bu böyük şəxsiyyətlərin müəllifi olduqları dövlətçilik modeli həm milli identiklik, həm də universal dəyərlərin sintezində formalaşaraq müasir dövrün tələblərinə cavab verən inkişaf istiqamətini müəyyənləşdirir.
Azərbaycanın 1993-cü ildən sonra qısa müddət ərzində keçdiyi inkişaf yolu, əldə etdiyi mühüm nəticələr və artıq 2003-cü ilə qədərki on il ərzində özünü doğrultmuş strateji inkişaf xəttinin gələcəkdə də davam etdirilməsi zərurəti Ümummilli Liderin xalqımıza 1 oktyabr 2003-cü il tarixli müraciətində dəqiq əsaslandırılmışdır. Dövlətçilik təcrübəsinin düzgün əxz olunması, hər hansı bir ölkənin gələcəyinə strateji baxış bacarığının formalaşması, dövlətin, cəmiyyətin inkişafının ayrı-ayrı epizodlardan deyil, bu məqamları ehtiva edən uzunmüddətli və davamlı proseslərdən, ardıcıl nailiyyətlərin yaratdığı möhtəşəm nəticələrdən təşkil olunması həqiqətinin aydın təsəvvürü üçün indiki və gələcək nəsillərin bu müraciəti hər zaman öyrənib təhlil etmələrinə ehtiyac var.
Həmin müraciətdə müstəqil dövlətimizin dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf etdiyi, demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərdiyi, beynəlxalq aləmdə öz layiqli yerini tutduğu, dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələlərinin Azərbaycanın rəyi, mənafeləri nəzərə alınmadan həll edilmədiyi vurğulanır, qeyd edilirdi ki, artıq dünyada bizi tanıyır, qəbul edir və əsas məsələlərdə rəyimizlə hesablaşırlar.
Müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin böyük inam və ümidləri işığında 2003-cü il oktyabrın 15-də xalqın yekdil dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ölkəmizi tarixdəki bu ən yüksək mövqeyinə yüksəltməyə dövlətə rəhbərliyinin ilk ilindən, ayından, həftəsindən, gün və saatlarından da deyil, hətta ilk dəqiqələrindən başlamışdı. Cənab İlham Əliyev hələ andiçmə mərasimində böyük hədəflərə doğru yolu aydın nişan verərək tarixin ən qüdrətli Azərbaycanını xəyallarında yaşadan hər kəsdə bu strateji yolda birgə, çiyin-çiyinə irəliləməyə, amallarından dönməməyə, nəticələrin mütləq arzuladığımız kimi olacağına əminlik yaradırdı.
Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, təxminən 23 il əvvəl səsləndirilmiş o kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında sadəcə and içmirmiş, 23 il ərzində tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirmiş.
Cənab İlham Əliyev 23 il əvvəl dilə gətirdiyi bütün sözləri, verdiyi bütün ümidləri bu illərdə ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru irəliləyən milyonlarla vətəndaşımızla birgə reallığa çevirdi.
Prezident deyirdi ki, biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik - bu gün Azərbaycan müasir dünyamızın ən zəngin, qüdrətli dövlətləri sırasındadır və dayanıqlı inkişafı ilə öz mövqeyini getdikcə yüksəldir.
Müzəffər Ali Baş Komandan 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi. Həyata keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı mövqe, belə bir aydın həqiqət ətrafında qurdu.
İllərlə Azərbaycana və dövlət rəhbəri kimi şəxsinə yönələn təzyiq və təhdidlər onun qətiyyətini sarsıda bilmədi. Cənab İlham Əliyev dövlətimiz, xalqımız adına istədiyinə nail oldu, illərdən bəri bizə ağır faciələr, itkilər yaşatmış, inkişaf yolumuzda ən böyük əngəl olmuş problemin gələcək nəsillərə "miras" qalmasına, onların da ömrünü zəhərləməsinə imkan vermədi.
Bu, qətiyyətin təntənəsidir: Azərbaycan Prezidenti əsrlərin müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı, əsrlərlə bu torpaqlarda davamlı sülhün, mehriban qonşuluq münasibətlərinin, faydalı əməkdaşlıq əlaqələrinin olmasını arzulayan, bu amal uğrunda çalışan düşüncə adamlarımızın arzularını reallığa qovuşdurdu.
Əlverişli geosiyasi şəraitdə, yeni çağırışlar və fürsətlər dövründə belə bir məqsədin reallaşdırılması, bu ideyanın gerçəyə, bölgəmizin sülh və inkişaf cənnətinə çevrilməsi Cənubi Qafqazın ən güclü Liderinin - Azərbaycan Prezidentinin üzərinə götürdüyü yeni tarixi missiyadır.
Vaşinqtonda izlədiyimiz epizodlar da cənab İlham Əliyevin bu torpaqlarda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin olunması, bölgənin son dərəcə əlverişli qlobal imkanlarından həm region xalqlarının, həm də dünyanın yararlanması üçün istifadə etməkdən ötrü üzərinə götürdüyü tarixi missiyanın ifadəsi idi.
Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Ulu Öndər Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün möhtərəm İlham Əliyev hakimiyyəti həmin dövlətçilik bünövrəsi üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək ölkə rəhbəri cənab İlham Əliyevin dövlət idarəetməsinin əsasını təşkil edir.
Xalqın ümid çırağına çevrilərək ürəklərdə əbədi qalmaq heç də bütün liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş zamanın dahisi Heydər Əliyev xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımıza işıq salacaq, nur bəxş edəcəkdir.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent