13 İyun 2026 08:53
137
SİYASƏT
A- A+
Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 


Keçmiş ittifaq süquta uğradıqdan sonra ölkəmizin tarixinin yeni mərhələyə qədəm qoyduğu 1991-ci ildən Azərbaycanın qarşısında dayanan ən zəruri və təxirəsalınmaz vəzifələrdən biri müstəqil dövlət quruculuğunun hüquqi, ideoloji və siyasi əsaslarının yaradılması olmuşdur. Təəssüf ki, həmin vaxt ölkəmizdə hökm sürən qeyri-sabitlik, xaqla rəhbərlik edənlərin təcrübəsizliyi, səriştəsizliyi, dövləti idarə etmək bacarığının olmaması dövrün tələblərinə cavab vermirdi. 

Ölkəmiz üçün belə çətin, mürəkkəb tarixi bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev sarsılmaz, qətiyyətli siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanın müstəqil dövlət kimi inkişafının bünövrəsini qoydu. Bəli, müasir müstəqil Azərbaycan dövlətçiliyinin tarixi ənənələrinin bərpası Ulu Öndər Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Keçilən şərəfli yol bir daha aydın şəkildə göstərir ki, Ümummilli Liderin dövlətçilik strategiyası özündə kompleks yanaşmanı əhatə edirdi. Strategiyanın ən ümdə, ən başlıca hədəfi Azərbaycanı güclü, suveren, demokratik və hüquqi dövlət kimi qurmaq, dünyaya tanıtmaq, beynəlxalq aləmdə nüfuz qazanmaq, xalqın rifahını və təhlükəsizliyini etibarlı şəkildə təmin etmək idi. Uzunmüddətli sabitliyə və milli birlik, həmrəylik ideyasına hesablanmış bu strategiya Azərbaycanın gələcək inkişafına, tərəqqisinə əlverişli şərait yaratdı, az vaxt ərzində dövləti, dövlətçiliyi daha da möhkəmləndirdi.

Ulu Öndərin dövlətçilik strategiyası tarixi reallıqlara əsaslanan, zaman-zaman sınaqlardan çıxmış təcrübəni və gələcək siyasi baxışları özündə əks etdirən hərtərəfli yanaşma idi. Ümummilli Lider müstəqil Azərbaycanı güclü, sarsılmaz dövlətə çevirmək üçün ilk addım olaraq siyasi sabitliyi bərpa etdi, ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən qurtardı. 

1993-cü il iyunun əvvəllərində ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin törətdikləri cinayətlər Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi ucbatından bəzi bölgələrdə separatçılıq və parçalanma meyilləri baş qaldırmışdı. Bütün bu hadisələr yenicə müstəqillik əldə etmiş Azərbaycanın bir dövlət kimi varlığına böyük təhlükə yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləmişdi. 

Vəziyyəti nəzarətdə saxlamaq, ölkənin müstəqilliyinə yaranmış təhlükəni aradan qaldırmaq üçün ovaxtkı hakimiyyətin atdığı tələsik, düşünülməmiş addımlar müsbət nəticə vermirdi. Gəncəyə yola düşən dövlət nümayəndələrinin bəziləri qiyamçılar tərəfindən girov götürülmüşdü. Vaxt keçdikcə vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, qiyamın miqyası böyüyürdü. Bax, belə gərgin, çətin bir vaxtda müstəqil Azərbaycanı təhlükədən xilas etmək üçün başqa çıxış yolu qalmayan ozamankı ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Ali Sovetin Sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin səhifələrinə dönüş və qurtuluş anı kimi yazıldı. 

Tarixi təcrübə bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyev üçün dövlətçilik yalnız idarəetmə sistemi deyildi. Bu həm də xalqın ulu yaddaşını, tarixi keçmişini, milli-mənəvi dəyərlərini özünə qaytarmaq və müstəqilliyinin təhlükəsizliyini etibarlı şəkildə qorumaqla inkişaf etdirmək demək idi. Ümummilli Lider qısa müddət ərzində azərbaycançılıq ideologiyasını dövlət siyasəti səviyyəsinə yüksəldərək cəmiyyətin bütün təbəqələrini vahid milli məfkurə ətrafında sıx birləşdirməyi bacardı. Bu amil həm milli həmrəyliyin, milli birliyin, həm də dövlətin uzunmüddətli təhlükəsizliyinin əsas təminatlarından birinə çevrildi. 

Çox keçmədi ki, millət vəkilləri Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçildiyi 15 iyun gününü təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər. Verilən bu təklifi Milli Məclisin deputatları səs çoxluğu ilə dəstəklədi. Beləliklə, həmin vaxtdan ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gün Milli Qurtuluş Günü kimi qeyd olunur. 

Gündən-günə güclənən, nüfuzu artan, regionda söz sahibinə çevrilən ölkəmizin vətəndaşları hər il 15 İyun - Milli Qurtuluş Gününü böyük iftixar və təntənə ilə qeyd edirlər. Bu gün hamımız dərin qürur hissi keçiririk. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu Azərbaycan gündən-günə inkişaf edir, ölkədə içtimai-siyasi sabitlik hökm sürür. 

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və daha da zənginləşdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda tanınan, sevilən, nüfuz qazanan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar qazanaraq dünyanın aparıcı dövlətləri sırasında mövqeyini daha da möhkəmlədib. 

Həyatının mənasını ürəkdən sevdiyi millətinə və dövlətinə xidmətdə görən Ümummilli Lider Heydər Əliyev xalqımızın dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində əbədi olaraq yaşayır və yaşayacaq. Ulu Öndər həmişə xalqımızın tarixində və yaddaşında müqəddəs amallar uğrunda ən çətin maneələri, çətinlikləri qətiyyətlə dəf edən millət fədaisi kimi böyük hörmətlə, ehtiramla xatırlanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinə nadir şəxsiyyət, qətiyyətli iradə sahibi, fitri istedadlı dövlət xadimi kimi düşmüşdür. Bütöv bir millətin, dövlətin salnaməsini yazmış Ümummilli Lider tariximizin səhifəsində elə bu cür də qalacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!