Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, o, böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyır. 15 İyun - Mili Qurtuluş Günü xalqımızın həqiqi xilası tarixidir. Bu tarixin yaradıcısı Azərbaycan müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında müstəsna rol oynamış, daim öz xalqına arxalanmış Ümummilli Lider Heydər Əliyevdir.
Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Bu gün həm də Azərbaycanın tənəzzüldən çıxaraq tərəqqi yoluna qədəm qoyduğu, qlobal miqyasda müstəqil siyasət həyata keçirən və beynəlxalq aləmdə layiqli yer tutan dövlət kimi tanındığı dövrün başlanğıcı kimi səciyyələndirilir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tariximizə xilaskar və müstəqilliyimizin təminatçısı kimi yazılıb. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə baş verən hadisələri xatırladıqda böyük liderin böyüklüyünü və dahiliyini bir daha aydın görürük.
XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazanmaq imkanı əldə etsə də, qısa müddətdə onu itirmək təhlükəsi ilə üzləşdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Beləliklə, 1991-1993-cü illər ölkəmizin yeni tarixində düşünülməmiş addımlar, özbaşınalıq və avantürist eksperimentlər dövrü kimi yadda qaldı. Bu isə ona görə baş verdi ki, yeni yaranmış müstəqil dövlətə liderlik keyfiyyətlərinə malik olmayan, siyasi hadisələri düzgün qiymətləndirmək, gələcəyi görmək və hətta sadə vəziyyətdən çıxış yolu tapmaq bacarığı olmayan şəxslər rəhbərlik edirdi. Əvvəlki hakimiyyət günbəgün nüfuzunu itirir, baş verən proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını ard-arda işğal etməsi, siyasi-iqtisadi və sosial gərginliyin artması ölkəni bu vəziyyətdən xilas edəcək liderə ehtiyac yaradırdı. Cəmiyyətdə yekdil fikir formalaşmışdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Xalq öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət etdi və 9 iyun 1993-cü ildə Heydər Əliyev xalqın çağırışına cavab verərək Naxçıvandan Bakıya gəldi, bir neçə gün sonra isə hakimiyyət sükanı arxasına keçdi. Bu, ölkənin taleyində əsl dönüş nöqtəsi oldu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas edərək ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Onun yorulmaz fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, islahatlara start verildi və sosial-iqtisadi dirçəlişin əsası qoyuldu. Onun siyasəti və bacarıqlı diplomatiyası nəticəsində atəşkəsə nail olundu və erməni təcavüzü dayandırıldı.
Heydər Əliyev qeyd edirdi: "Azərbaycan böyük təhlükə ilə üz-üzə qalmışdı. Bir tərəfdən müstəqilliyə qarşı çıxan daxili qüvvələr fəallaşmışdı, digər tərəfdən isə geostrateji əhəmiyyətə və zəngin təbii resurslara malik Azərbaycanın tam müstəqilliyi bəzi xarici dairələri qane etmirdi. Ermənistanın təcavüzü və bunun nəticəsində ölkənin zəifləməsi, daxili çəkişmələr və hakimiyyət uğrunda mübarizə 1992-ci ildə hakimiyyətə gələn qüvvələrin bir ildən sonra getməsinə səbəb oldu".
1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilən Heydər Əliyev demişdi: "Mənim həyatım və fəaliyyətim yalnız Azərbaycanın müstəqilliyinin qorunmasına və ölkəmizin bu ağır vəziyyətdən çıxarılmasına həsr olunacaq". Ümummilli Lider ilk növbədə ölkədə vətəndaş həmrəyliyini və sabitliyi təmin etməyə nail oldu və bununla da inkişaf üçün möhkəm zəmin yaratdı. Bu istiqamətdə ilk mühüm addım 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması oldu. Bu, ölkənin iqtisadi imkanlarını genişləndirdi, xarici investisiyaların cəlb edilməsi üçün şərait yaratdı və Azərbaycanı beynəlxalq enerji xəritəsində əsas mövqeyə qaldırdı. 1995-ci ilin noyabrında yeni Konstitusiya qəbul edildi və demokratik, hüquqi dövlətin əsası qoyuldu. Eyni zamanda islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşdırıldı. Həmin dövrdə qəbul edilən qərarlar, qanunlar Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, dövlət idarəçiliyini bərpa etdi və sabitliyi təmin etdi. Bu, sadəcə, böhrandan çıxış yolu deyildi. Bu, həm də gələcəyin qurulması üçün möhkəm təməl idi. Azərbaycanın bugünkü uğurları, həyata keçirdiyi böyük layihələr və regiondakı mövqeyi bir daha göstərir ki, həmin tarixi dövrdə atılan addımlar gələcək nəsillərin taleyinə də təsir edən strateji qərarlar olub. Məhz buna görə də Milli Qurtuluş Günü müstəqil Azərbaycanın ən əlamətdar tarixlərindən biridir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və xilaskarı kimi tarixə düşdü. Bu gün aydın görünür ki, müasir Azərbaycan onun yaratdığı əsərdir, 15 iyun isə böyük nailiyyətlərin başlanğıcıdır. Təsadüfi deyil ki, məhz Milli Qurtuluş Günündə Azərbaycan ilə Türkiyə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi imzalanmışdır. Bu hadisə xalqımızı daha da ruhlandırmışdır.
Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini dərin minnətdarlıq hissi ilə yad edir. Onun ən böyük xidmətlərindən biri də Azərbaycanın inkişafını uğurla davam etdirən layiqli davamçı yetişdirməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə qoruyur. Son illərdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün Azərbaycan azad, müstəqil və güclü dövlətdir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. 44 günlük Vətən müharibəsində əldə edilən təcrübə, xüsusilə Şuşa əməliyyatı dünyanın aparıcı hərbi təhsil müəssisələrində öyrənilir. Artıq 6 ilə yaxındır ki, xalqımız bu günü daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi və Qələbədən ruhlanaraq qalib xalq kimi qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə və digər nailiyyətlər məhz Milli Qurtuluş Günündən qaynaqlanır. Dahi liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərin birində böyük inam və uzaqgörənliklə söylədiyi sözlər yada düşür: "Arzu edirəm ki, sizinlə birlikdə Şuşaya gedək. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın ürəyidir, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Şuşa mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçının dağları da bizə əzizdir. Biz Laçınsız yaşaya bilmərik. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi gözəl şəhərlər, Kəlbəcərin bulaqları, İstisu olmadan yaşaya bilmərik". Böyük lider Heydər Əliyevin arzuları reallığa çevrildi. Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə üçrəngli bayrağımız qürurla dalğalanır. Bu gün Ümummilli Liderimizin yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir və daha da gücləndirirlər.
Beləliklə, 15 İyun- Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi hesab olunur. Həmin gün başlanan siyasi proseslər ölkədə sabitliyin təmin edilməsinə, dövlət institutlarının gücləndirilməsinə və gələcək inkişaf strategiyasının formalaşmasına şərait yaratmışdır. Bu səbəbdən Milli Qurtuluş Günü təkcə tarixi hadisə kimi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərinin başlanğıcı kimi qiymətləndirilir.
Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor